Dünən müxalifətin mitinqi keçirildi. Cəmiyyət tərəfindən dəstəkləndiklərini deyən müxalifətçilər bu dəfə də puç olmuş xəyalları ilə baş-başa qaldılar. Ölkə Prezidentinin əmanətlərin qaytarılması haqda fərmanı barədə də qərəzli fikirlər səsləndirirdilər. Əsas məqsəd nə idi? Əgər onları narahat edən həqiqətən xalqın problemi idisə niyə həll olunmasına sevinmək əvəzinə, bunun altında başqa maraqlar axtarmağa çalışırdılar? Bü və digər suallara YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov cavab verib. Səs TV-də yayımlanan "Gündəm" verilişinə qonaq olan iqtisadçı eyni zamanda əmanətlərlə bağlı digər sualları da cavablandırıb.
- Aydın müəllim, sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı ölkə prezidentinin verdiyi fərmana müxalifət nümayəndələri və bəzi müxalif yönlü mətbuat orqanları kölgə salmağa çalışırlar. Siz bunu necə qiymətləndirirsiniz?
- İlk olaraq bu məsələyə müxalifətin bu cür canfəşanlıqla yanaşmasına münasibət bildirmək istərdim. Müxalifət nümayəndələri bu gün həmin əmanətçiləri özlərinin sosial bazası kimi görürlər. Yəni hər zaman onlardan istifadə edərək öz qərəzli düşüncələri ilə nəyəsə nail olmaq istəyirlər. Lakin bu gün müxalifət məsələnin köklü surətdə və ədalətli formada həll olunduğunu görür. Hiss edir ki, sosial baza kimi istifadə etmək istədiyi əmanətçilər artıq əllərindən çıxıb. Bu səbəblə keçirdikləri narahatlıq bütün davranışlarında və çıxışlarında özünü əks etdirir. Bu gün İctimai Palata deyilən qurumun təşkil etdiyi mitinqdə və digər tədbirlərində İsa Qəmbər əmanətçilər və buna oxşar sosial bazalardan əlinin üzüldüyünü görür və indi də Azərbaycandan köçən ermənilərin qayğısına qalır. Onlara məsləhət verir ki, siz Avropa Məhkəməsinə müraciət edin. Artıq bu çıxışlar müxalifət liderlərinin iç üzünü açmağa kifayət edir. Yəni müxalifət üçün önəmli olan nə əmanətlər, nə problemlər, nə də onların həlli üsullarıdır. Onlar üçün önəm daşıyan tək şey bu ölkənin əleyhinə istifadə edə bildikləri sosial bazanı əllərində saxlamaqdır. Əmanətlərə gəldikdə isə, bəli, Azərbaycan respublikasının Prezidenti əmanətlərin qaytarılması ilə bağlı sərəncam imzaladı və əmanətçiləri narahat edən bütün suallar bu sərəncamda öz əksini tapıb.
- Sizcə, əmanətlərin qaytarılması mexanizmi əmanətçiləri qane edəcəkmi?
- İlk olaraq qeyd edim ki, bütün hallar tam nəzərə alınıb. Bəli, əmanətçidə sual yaradan istənilən məsələ fərmanda öz əksini tapıb. Maliyyə Nazirliyinin nəzdində xüsusi komissiya yaradılıb. Komissiyaya əlaqədar qurumların nümayəndələri cəlb edilib. Onlar məsələnin həlli ilə intensiv məşğul olurlar. Qaynar xətt, internet saytında əmanətçilərin birbaşa müraciəti üçün xüsusi bölmələrin yaradılması və digər tədbirlər bütün işlərin sistemli qurulduğunun bariz nümunəsidir. Bir məqamı da qeyd edim ki, əmanətlərin qaytarılması ilə bağlı görülən işlərin gedişatı mütəmadi olaraq mətbuatda dərc olunur. Bu isə prosesin şəffaflığının göstəricisidir. Yəni, əsassız narazılıq bildirməkdənsə, bu cür məqamları diqqətə alınmaq lazımdır. Bu sahədə baş verənlər göz qabağındadır.
- Aydın müəllim, müxalifətin böyük iddialarla hazırlaşdığı mitinq hər zamankı kimi boşa çıxdı. Sizcə, müxalifət düşərgəsi sosial bazasının olmadığını niyə qəbul etmək istəmir?
- Ümumiyyətlə, müxalifət nümayəndələrinin dedikləri yeni sözlər deyil. Onlar illər uzunu hər aksiyadan əvvəl belə pafoslu çıxışlar edib, minlərlə insanı ətraflarına toplayacaqlarını iddia ediblər. Lakin bayaq da ifadə etdiyim kimi hər şey göz qabağındadır. İstənilən mitinqdən sonra boşa çıxan iddialar artıq alışqanlıq halına gəlib. Yəni müxalifətin bu iddialarının puça çıxıb, qurduqları xəyalların da suya düşməsinin çox yerdə şahidi olmuşuq. Ölkənin iqtisadi qüdrəti və siyasi nüfuzu heç şübhəsiz ki, getdikcə daha da artır. Azərbaycan vətəndaşları sabitliyin və sosial inkişafın tərəfindədirlər. Ona görə də vətəndaşlar ölkə prezidentinin siyasətini tam surətdə dəstəkləyirlər. Çünki ölkədə gedən bütün proseslərin xalqın inkişafına, xeyrinə hesablandığı açıq-aşkar görünür. Bu gün Azərbaycan prezidenti ilə əhali arasında son dərəcə səmimi münasibətlər mövcuddur. Belə olan halda müxalifət nümayəndələri ətrafına yığacaq adamları haradan toplaya bilər? Ölkənin iqtisadi nüfuzunun artırılmasına, müdafiə sisteminin gücləndirilməsinə yönələn siyasət göz qabağında ola-ola hansı vətəndaş kütləsindən öz ətraflarına adam toplayacaqlarını düşünürlər. Hər halda xalq hər şeyi görür və layiqi dəyəri verir. Hər zaman olduğu kimi, növbəti dəfə də müxalifətin boş vədlərinin şahidi olduq.