PDF Oxu

Müsahibə

  • 1 095

Azərbaycan iqtisadiyyatda böyük nailiyyətlər əldə edib, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən dövlətə çevrilib

Azərbaycan iqtisadiyyatda böyük nailiyyətlər əldə edib, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən dövlətə çevrilib

- Ziyad müəllim, cəmisi 20 il müstəqillik tarixi olan Azərbaycan bu gün dünyaya yeni bir inkişaf modeli təqdim edir. Təbii ki, bu inkişafın əldə olunması, iqtisadiyyatımızın dayanıqlılıq qazanması istiqamətində illərdir ki, yorulmadan fəaliyyət nümayiş etdirilir və bu günki nəticənin əldə olunması üçün böyük yol keçilib. İstərdik öncə bu məsələyə toxunaq. Azərbaycan iqtisadiyyatının dayanıqlılıq əldə etməsi hansı yollardan keçib?

- XX əsrin ikinci yarısında siyasi palitradakı dəyişikliklər, dövlətlərin müstəqillik əldə etməsi dünya iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bir çox ölkələr, o cümlədən müharibədə məğlub edilmiş, eləcə də müstəmləkəçilikdən azad olunmuş dövlətlər seçim qarşısında qalmışdı: hansı model əsasında inkişaf etmək lazımdır ki, dağılmış iqtisadiyyat bərpa olunsun, inkişafa yol açılsın. Dünyanın aparıcı dövlətlərində bu məqsədlə qlobal tədqiqatların genişlənməsi ön plana çəkildi, proqnozlarla məşğul olan araşdırma mərkəzləri yaradıldı. Qeyd etdiyiniz kimi, müstəqilliyinin 20-ci ilini arxada qoyan Azərbaycan dövləti də qısa zaman kəsiyində böyük inkişaf yolu keçdi, özünün iqtisadi təhlükəsizliyini təmin edən, güclü iqtisadiyyata malik olan dövlətə çevrildi. İnkişafın Azərbaycan modelinin uğurla reallaşması ölkədə azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sistemin formalaşmasını, iqtisadiyyatda keçid dövrünün başa çatmasını təmin etdi, xalqın daha firavan yaşaması üçün güclü əsaslar yaratdı. Təbii ki, buna nail olunması üçün böyük zəhmət tələb olunurdu. Azərbaycan iqtisadiyyatı müstəqillik dövrünün ilk illərində həm SSRİ dövründən miras qalmış tənəzzül içində idi, həm də səriştəsiz və məsuliyyətsiz idarəçilik nəticəsində daha sürətlə geriləməkdə davam edərək dərin böhran keçirirdi. 1991-1993-cü illərdə ölkədə ÜDM-in və sənaye istehsalının həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 40%, əsaslı vəsait qoyuluşu 3 dəfə, yük dövriyyəsi 4 dəfə azalmışdı. Bu isə yaranan vəziyyətin hansı kataklizmlərə yol aça biləcəyini göz önünə qoyur. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymadı. Respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, geosiyasi şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyasını hazırladı, düşünülmüş və əsaslandırılmış sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşması, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyənləşdirdi. İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev, ilk növbədə, dövlət mülkiyyəninin özəlləşdirilməsinin, azad bazar münasibətlərinin tətbiqinin vacibliyini önə çəkdi. Ümummilli lider yaxşı bilirdi ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Özəlləşdirmə prosesi ilə paralel respublikada həyata keçirilən struktur islahatları iqtisadiyyatın dinamik inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması üçün əlverişli mühitin formalaşdırılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektor sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirildi, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə xidmət edən tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşünülmüş strategiya seçmiş, bu strategiyada neft faktoruna üstünlük vermişdir. Belə yanaşma, dünya inteqrasiyasına qovuşmaq, maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya investisiyaların cəlbi yolu idi. Bu siyasətin həyata keçilməsinə güclü təzyiqlər, maneələr olsa da, Ulu öndər millətin, dövlətin taleyi, tərəqqisi üçün çox vacib olan prinsipial mövqeyindən dönmədi. 1994-cü ildə Azərbaycan Respublikası dünyanın 11 böyük neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzaladı.

- Təbii ki, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin inkişafının əsasında milli sərvətimiz olan neft dayanır. Amma bu birmənalıdır ki, bir sıra dövlətlərin hətta daha böyük resurslarının olması qarşılığında inkişafı aşağı səviyyədədir. Azərbaycanda həyata keçirilən neft strategiyası hansı fərqli xüsusiyyətlərə malik oldu və inkişafın Azərbaycan modelinin formalaşmasında hansı rolu oynadı?

- Bir daha vurğulamaq istəyirəm ki, müstəqil Azərbaycan başqa dövlətlərin keçdiyi yolu təkrar etmədi, öz yolunu, öz inkişaf modelini seçdi. Neft siyasəti ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirildi, milli mənafelər, investisiya mühitinin yaxşılaşması, risk faktorunun azalması üçün zəruri tədbirlər həyata keçirildi. Bununla yanaşı, Amerika və Avropanı Azərbaycanın maraqlarına cəlb etdi ki, bütün bunlar da dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, respublikamıza investisiya axınının güclənməsinə əlverişli şərait yaratdı. Respublikamızın müstəqil bir dövlət kimi inkişaf imkanlarını genişləndirdi.

Azərbaycan dövlətinin müəyyən etdiyi inkişaf strategiyasında prinsipial məqamlardan biri də ondan ibarətdir ki, neft məqsəd yox, vasitədir. Odur ki, qeyri-neft sektorunun daha sürətli inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi ki, bu da öz müsbət nəticələrini verir. Digər tərəfdən, 1999-cu ildə çox ciddi araşdırmalardan sonra Heydər Əliyev Neft Fondunun yaradılması barədə fərman imzaladı. Azərbaycan Respublikasının Dövlət Neft Fondunda toplanan vəsaitlərdən səmərəli istifadə olunması, bu vəsaitlərin bir qismindən ən mühüm sosial məsələlərin həlli üçün istifadə edilməsi, xeyli hissəsinin isə gələcək nəsillər üçün strateji ehtiyat kimi qorunub saxlanması ilə bağlı dövlət strategiyası müəyyən edildi. Azərbaycanın inkişafının davamlılığının təminatı məhz bu siyasətin təməl prinsipində formalaşır. Bu gün Ulu öndərimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü ildə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmmüddətli strategiya"n təsdiq etməsi bu siyasıtin müasir və dahap qətiyyətli şəkildə icrasını təmin edib. Qeyd etdiyim kimi, bu siyasət Azərbaycanın ümumi iqtisadi inkişafının təminatına yol açdı. Ölkədə səmərəli maliyyə, pul-kredit, vergi, qiymət, gömrük siyasətini həyata keçirmək üçün beynəlxalq standartlara cavab verən 100-dən artıq qanun qüvvəyə mindi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı qəbul edildi, dövlətin iqtisadi siyasətini icra edən iqtisadi qurumlar yaradıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi məqsədi ilə cəsarətli addımlar atıldı. Qısa zamanda- artıq 1996-cı ildən ÜDM-də, kənd təsərrüfatında, xidmət sferasında, 1997-ci ildən sənayedə, sonralar isə bir sıra başqa istehsal sahələrində mütəmadi artım meyli yarandı. Nəticədə Azərbaycanın iqtisadi və sosial tərəqqisinin neft hasil edən bir sıra başqa ölkələrlə müqayisədə xeyli yüksək olması təmin edildi, ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə artdı.

- Bu gün yerləşdiyi Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilən Azərbaycanın inkişafını bu inkişafı təmin edən təmələ adekvat saya bilərikmi?

- Prezident İlham Əliyev çıxışlarında hər zaman vurğulayır: "Hər bir ölkə, xüsusən də keçid dövrünü yaşayan ölkə bütün resurslarından, təbii sərvətlərindən istifadə etməlidir ki, güclü iqtisadiyyat qursun. Bu, bizim məqsədimiz və siyasətimiz idi. Çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi bizə iqtisadiyyatımızı şaxələndirməyə kömək edir. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq". Ölkə iqtisadiyyatının inkişafını xarakterizə edən əsas göstəricilərin kompleks təhlili sübut edir ki, respublikanın davamlı inkişafını, əhalinin layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıyan dövlət siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. İqtisadiyyatın dinamik inkişafı büdcə gəlir və xərclərinin sürətli artımını təmin edib. 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artıb. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artıb. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir. Qeyri-neft sənayemiz 11,1 faiz artıb. Bu inkişafın qarşılığında inflyasiya birrəqəmli səviyyədə qalıb - 7,9 faiz. Bu, müsbət göstəricidir. Əhalinin pul gəlirləri isə 19,6 faiz artıb. 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olunub. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulub. Bununla yanaşı, 2011-ci ildə Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatıb. Bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycan dövləti bu nəticələrə 2008-ci ildən bəri davam edən qlobal iqtisadi böhran zamanında çatıb. Azərbaycan dövləti qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəltmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verməmişdir.

- Azərbaycanın bu inkişafı dünya ictimaiyyəti tərəfindən hansı səviyyədə dəyərləndirilir? Ümumiyyətlə, inkişafın Azərbaycan modeli müasir iqtisadi inkişaf nəzəriyyəsində özünə hansı yeri tutur?

- Azərbaycanın nəinki 2011-ci ildə, ümumiyyətlə, müstəqillik dövründə qazandığı iqtisadi uğurlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda "Standart & Poor’s" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini bir pillə artıraraq "BBB-"investisiya reytinqi səviyyəsinə çatdırmış, reytinq üzmrə proqnozunu isə "sabit" saxlamışdır. "Fitch Ratings" və "Moody’s" reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. Dövlət büdcəsi prosesinin şəfmfaflığının səviyyəsi ilə bağlı 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının hesabatında Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatlar müsbət qiymətləndirilmişdir. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq aləmdə reytinqi ildən-ilə yüksəlir. Qərblə, Şərqlə, qardaş Türkiyə ilə, şimal qonşumuz Rusiya ilə əməkdaşlıq imkanları genişlənir. Azərbaycan dövləti dünyada düşünülmüş, balanslaşdırılmış siyasət aparan bir dövlət kimi tanınır. Bu nailiyyətlərin vacib səbəblərindən biri ondan ibarətdir ki, bu gün respublikada minlərlə özəl müəssisə, səhmdar cəmiyyət, şirkətin fəaliyyəti ilə yanaşı səmərəli fəaliyyət göstərən dövlət sektoru vardır. Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan ölkə kimi tanınır. Prezident İlham Əliyev də bildirib ki, "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Dünyanın aparıcı maliyyə qumrumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir". Həqiqətən də, bu cür müsbət inkişaf meyilləri ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsini, Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatmasını təmin edir. İnkişafın Azərbaycan modeli, həm də ona görə uğurlu nəticələr əldə etməyə imkan verir ki, iqtisadi və siyasi islahatlar bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır. Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan (Yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, demoqrafik siyasət, işsizliyin azaldılması, sosial sferanın maddi-texniki bazasının möhkəmləndirilməsi və s.) istifadə edir, sosial tərəqqini, keyfiyyətli inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən sayır. Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradılmasını, müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər.

Digər xəbərlər