PDF Oxu

Müsahibə

  • 842

Elman Məmmədov: "Rusiya Ermənistana havadarlıq etməsə Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı"

Elman Məmmədov: "Rusiya Ermənistana havadarlıq etməsə Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı"

Müxtəlif vasitəçilər tərəfindən görüşlər təşkil edilsə də, bunların heç bir nəticəsi olmadığı məlumdur. Dünyada yeri gəldiyi zaman öz sözünü deyən və saatlar ərzində əməli cəhətdən də bunu yerinə yetirən bynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə gəldikdəmi gücsüz olurlar? Biz nə zamana kimi mənasız görüşlərə boş ümidlər bəsləməliyik? Azərbaycanla heç bir sahədə qarşı-qarşıya gələ bilməyəcək, iqtisadiyyatı məhv olmuş, siyasi böhran yaşayan və hərbi sahədə bataqlıqda olan Ermənistan nə vaxta kimi kimlərinsə himayəsində olacaq? Bir dəfə də olsun öz güclərinə arxalanıb məğlubiyyətlərini seyr edə biləcəklərmi? Bütün suallarımızı millət vəkili Elman Məmmədov cavablandırıb.

- Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığı Azərbaycanda keçirilən Avronest Parlament Assambleyasının iclasında erməni deputatların çıxışlarında da görünürdü. Sizcə, bundan sonra Ermənistandan məsələnin həllində hansısa razılığa gəlməsini gözləmək nə dərəcədə realdır?

-Məsələyə fərqli yöndən yanaşmaq istərdim. Təkcə Avronestdə deyil, ümumiyyətlə, bünövrədən Ermənistanın bu məsələdə mövqeyi bəllidir. Beynəlxalq aləmdə bəzi dövlətlər riyakarlıq edərək özlərini bilməzliyə vursalar da, həqiqət belə deyil. Hamısı Ermənistanın mövqeyini bilir və görürlər. Ermənistanın tarix boyu tək düşüncəsi Azərbaycan torpaqlarının müəyyən hissəsini ələ keçirərək özününkiləşdirmək olub. Hazırda ermənilərin özünə və bəzi ermənipərəst qüvvələrə görə onlar bir növ öz məqsədlərinə çatıblar. Yəni, Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyondan çox qaçqını yurdlarından didərgin salıblar. Ancaq həqiqətdə bu, belə deyil. İşğal faktı isə sadəcə müvəqqəti xarakter daşıyır. Onlar özləri də yaxşı bilirlər ki, Azərbaycan gec-tez torpaqlarını azad edəcək. Digər tərəfdən də Ermənistana 1988-ci ildən bəri rəhbərlik edən müxtəlif qruplar, qüvvələr, xüsusən də, 1992-1993-cü ildən bu günə kimi olan rəhbərlər Ermənistanın terrorçu təşkilatlarının və partiyalarının fəalları olan cinayətkar şəxslər olub. İstər Levon Ter-Petrosyan, istər Robert Köçəryan, istərsə də Serj Sarkisyan siyasi hakimiyyətə Dağlıq Qarabağ dalğası üzərində gəliblər. Bu konfliktin ədalətli üsullarla və sülh yolu ilə həllinə də heç vaxt razı olmayacaqlar. Çünki bu məsələnin ədalət prinsipləri əsasında həll olunmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Belə olduqda isə, adıçəkilən şəxslər siyasi arenadan çəkiləcək və bu günə qədər törətdikləri bütün hərbi cinayətlərə, kütləvi qırğınlara və soyqırımlarına görə beynəlxalq məhkəmələr qarşısında cavab verib mühakimə olunacaqlar. Bu, hamıya aydındır ki, Sarkisyan, Köçəryan və onların ətrafındakı bütün qüvvələr Azərbaycan torpaqlarının işğalı zamanı siyasi rəhbərlər olublar və işğal hadisələrində yaxından iştirak ediblər. Onların törədilən bütün qanlı cinayətlərdə əlləri olduğu, hətta rəhbər olduqlarını təkcə Azərbaycan demir. Bu bir iddia deyil, bütün dünya ölkələri bunu bilir, görür, hətta bəzi mənbələrə nəzər yetirsək, onlar özləri belə müxtəlif dövrlərdə verdikləri bəyanatlarda bunu etiraf ediblər. Buna görə də Ermənistandan konstruktiv mövqe və ya sülh danışıqları yolu ilə Azərbaycan torpaqlarından çıxmalarını gözləmək əbəsdir.

-Dağlıq Qarabağ münaqişəsinin həll olunması adı altında Rusiyanın vasitəçiliyi ilə dəfələrlə üçtərəfli görüşlər keçirilib. Lakin bütün görüşlərin sonunda gözlənilən nəticə əldə edilməyib. Buna səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi, yoxsa Rusiyanın vasitəçilik mövqeyini lazımınca yerinə yetirməməsidir?

-Səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ancaq qeyri-konstruktiv mövqeyi aşılayan, diqtə edən, formalaşdıran böyük güclər var. Bunların arasında Rusiyanın adı xüsusi qeyd olunmalıdır. Tarix boyu son yüzilliklərə nəzər salsaq, erməniləri dünyanın bir çox ölkələrindən köçürüb tarixi Azərbaycan torpaqlarında məhdudlaşdıran məhz Rusiya olub. Son işğal faktının arxasında kim durur? Məntiqlə düşünsək, görərik ki, Azərbaycan torpaqlarını işğal etmək heç də sıradan bir qrup erməni "dığa"sının hünəri deyil. Onların arxasında ilhamverici, havadar kimi bir neçə dövlətlər olub ki, əsas qüvvə də Rusiya, rus silahı və rus əsgəridir. Həmsədr və vasitəçi kimi Rusiya və Fransadan ədalətli mövqe gözləmək mümkün deyil. Bu günə qədər Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan-Ermənistan prezidentləri arasında nə qədər görüş keçirilib. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Bu görüşlər keçirilməmişdən qabaq Rusiya tərəfi Ermənistanı tam təlimatlandırır və hazırlayır. Yəni Ermənistan prezidenti nəyə necə cavab verəcək, Rusiyanın mövqeyi hansı cümlədə necə olacaqsa, bunların hamısı əvvəlcədən yazılmış ssenaridir. Təbii ki, indi biz Rusiyanın vasitəçi yox, tərəf olduğunu desək və danışıqlardan kənarlaşdırılsını tələb etsək, bu da bizə sərf edən məqam olmayacaq. Çünki bu münaqişənin həlli ilə nə qədər başaq dövlətlər məşğul olsalar da, canla-başla çalışsalar da, Rusiyanın meyili, fikri və razılığı olmadan bu münaqişə həll olunmayacaq. Çünki Azərbaycan torpaqlarının işğal olunmasında Rusiya birbaşa maraqlı ölkələr sırasında olub. Digər tərəfdən isə Cənubi Qafqaz regionuna nəzər yetirsək, buradakı 3 dövlət arasında Rusiya Gürcüstanı tamamilə itirib, Azərbaycanla Qəbələ RLS və bəzi məsələlərdə müəyyən bağlılığı qalsa da, Azərbaycan da müstəqil ölkədir və heç bir asılılığı yoxdur. Cənubi Qafqaz regionuna, Şərqə, Türkiyəyə, İrana birbaşa təsir edə bilmək üçün Rusiya Ermənistanı özünün dayaq nöqtəsi kimi saxlayır və bu, belə də davam edəcək. Əgər ermənilər işğal olunmuş torpaqlardan çıxmağa razılıq versələr də, hazırkı Rusiya siyasəti buna imkan verməyəcək. Çünki Rusiya hələ Ermənistanı itirmək fikrində deyil, bu, onun siyasi maraqlarına cavab vermir. Ona görə də Rusiya Ermənistanın zəifləməsinin qarşısını almağa çalışacaq, Ermənistanın mövqeyini müdafiə edəcək və danışıqların həllində məhz Ermənistanın xeyirinə addımlar atacaq. Rusiya bir dəfə Ermənistana dəstək olmadığını, arxalarında olmadıqlarını sözdə yox, sözdə bəyan etsə, Ermənistan Azərbaycanla əsla baş-başa gələ bilməz və bu münaqişə kökündən həll olunar.

-Vasitəçilərdən və vasitəçilik missiyasından danışdınız. Sizcə, ATƏT-in Minsk Qrupunun bu məsələdəki missiyası etimadsızlıqla başa çatmayıbmı?

-Bəli, mən dəfələrlə bu məsələ ilə bağlı fikir bildirmişəm. ATƏT-in Minsk Qrupunda 3 dövlətdən söhbət gedir. Bu, Rusiya, Fransa, və ABŞ -dır. Dərindən baxsaq, hər 3 dövlət ermənipərəstliyi ilə seçilənlər sırasındadır. Dəfələrlə təklif irəli sürmüşəm ki, bu məsələni BMT-nin Təhlükəsizlik Şurası formatında müzakirəyə çıxarmalıyıq. Çünki burada dövlətlərin də sayı çoxdur. Bu dövlətlər arasında isə hər halda Azərbaycanın da tərəfini tutanlar öz sözünü deyənlər olacaq. BMT Təhlükəsizlik Şurasının nüfuzu da, təsiretmə imkanları və mexanizmləri də ATƏT-ə nisbətən daha çoxdur. Buna görə də, belə düşünürəm ki, Azərbaycanın vasitəçilik formatının dəyişdirilməsi haqda fikir söyləməsinin vaxtı çoxdan çatıb.

-BMT Təhlükəsizlik Şurasının güclü olduğunu dediniz. Sizcə, ipə-sapa yatmayan erməniləri torpaqlarımızdan çıxara bilmək üçün BMT-nin 25 və 51-ci maddələrinə uyğun olaraq bölgədə hərbi əməliyyatlara başlasaq, buna beynəlxalq təşkilatlar nə deyər? Onların, əsasən də, ermənipərəst olduqlarını qeyd etdiyiniz dövlətlərin məsələyə münasibəti necə olar?

-Beynəlxalq hüququn normalarına, BMT-nin maddələrinə uyğun olaraq istənilən dövlət öz ölkəsinə qarşı çevrilmiş terror əməliyyatlarına cavab vermə hüququna malikdir. Təbii ki, Azərbaycan da bu səlahiyyətlərə malikdir. Azərbaycan öz sərhədləri daxilində daxili qoşunları vasitəsilə antiterror əməliyyatları keçirmək hüququna malikdir və bunu etməlidir ki, bu cinayətkar, terrorçu qruplar ləğv olunsun və Azərbaycan Konstitusiyası bütün Azərbaycanda bərqərar olunsun. Lakin bu da gizli deyil ki, Azərbaycan antiterror əməliyyatlarına başlasa, həmin o ermənipərəst güclər Azərbaycana müxtəlif təzyiqlər və təhdidlər etməyə başlayacaqlar. Hətta bu, hərbi müdaxiləyə qədər irəliləyə də bilər.

GÜNAY MƏMMƏDOVA


Digər xəbərlər