Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Yerevana gedən millət vəkillərimiz ötən həftə vətənə dönüblər. İclas çərçivəsində bir sıra məsələlər müzakirə edilib. İclasda iştirak edən millət vəkili, YAP-ın xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Yerevanda baş verənləri "Səs" qəzetinə müsahibəsi zamanı açıqlayıb. Müzakirə olunan məsələlərlə bağlı danışan millət vəkili, eyni zamanda, Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunan qətnaməyə də münasibət bildirib.
- Asəf müəllim, ötən həftə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının iclasında siz də iştirak etmisiniz. İclasla bağlı əsas təəssüratlarınızı öyrənmək istərdik.
-Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının iclası keçirildi. İclasda bir sıra məsələlər müzakirə olundu. Əslində, Albaniyada keçirilməsi planlaşdırılan, lakin baş tutmayan iclasda müzakirə olunası məsələlər də İrəvandakı gündəliyə qatıldı. Qara dəniz hövzəsində informasiya texnologiyalarının təkmilləşdirilməsi, bu hövzədə vergilər siyasəti, uşaq hüquqları, şərabçılıq və üzümçülüyün inkişafı və bir sıra məsələlər müzakirələr sırasında yer aldı. Sessiyada müzakirə olunan məsələlərlə bağlı tövsiyələr hazırlanır və ayrı-ayrı ölkələrin parlamentlərinə göndərilir. Azərbaycan nümayəndə heyəti də iclasda uşaq hüquqları ilə bağlı təklif irəli sürdü. Təklifdə müharibə nəticəsində uşaq hüquqlarının pozulması ilə bağlı məsələlər irəli sürülmüşdü. Təklif etdiyimiz düzəliş qəbul olundu. Qeyd edək ki, artıq assambleyanın sədrliyi Azərbaycana keçdi. 6 ay müddətində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu təşkilata sədrlik edəcək. İclasın sonunda mətbuat konfransı keçirildi. Ümumiyyətlə, bir qayda olaraq, hansı ölkədə iclas keçirilirsə, həmin ölkənin prezidenti iştirakçılara məktub ünvanlayır. Yerevanda da Serj Sarkisyanın məktubunda bir sıra məsələlərə toxunulmuşdu. İlk olaraq, artıq tərəfdaşların bir-biriləri ilə şərtsiz iqtisadi əməkdaşlıq etmələri gərəkliyi bildirilmişdi. Biz isə bu məqamda, təbii ki, öz cavabımızı verdik və bildirdik ki, Azərbaycan Prezidenti dəfələrlə dəyişməz mövqeyimizi bəyan edib. Yəni nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistan dövləti ilə heç bir sferada hansısa əməkdaşlıq əlaqəsinən söhbət gedə bilməz. Azərbaycan sülhsüvər dövlətdir və qonşuları ilə kifayət qədər qənaətbəxş münasibətlər içərisindədir. Cavabımız qarşılığında Ermənistan tərəfi işğal olunmuş torpaqlarımızı azad olunmuş torpaqlar adlandırdılar. Hamımıza məlumdur ki, bir qədər öncə Ermənistan prezidenti Ağdamın Ermənistana aid olmadığını bəyan etmişdi. Biz isə cavab olaraq bildirmişdik ki, əgər Ağdam Ermənistanın deyilsə, orada erməni qoşunları və tanklarının saxlanmasının açıqlaması nədir? Yəni bütün hallarda qarşılaşdığımız faktlar Azərbaycan torpaqlarının işğal faktını təstiqləyir. Azərbaycanın sədrliyi dövründə, hər zaman olduğu kimi, terrorçuluq və seperatçılıqla mübarizələr davam etdiriləcək.
- Səfərdə olarkən, erməni mətbuatı yazırdı ki, soyqırımı abidəsini ziyarət etmisiniz. Bu, nəzərdə tutulan proqramda var idi?
- Proqramda belə bir məsələ nəzərdə tutulmamışdı. Ermənistan mətbuatında çap olunan bu cür yazılar ancaq provokasiya xarakteri daşıyır. Çünki Ermənistan tərəfi Azərbaycanda gedən inkişafdan ciddi surətdə narahatdır. Üstəlik, son günlərdə ölkəmizin "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi də bir yandan Ermənistanı narahat edən səbəblər sırasında idi. Biz onlardan mahnı müsabiqəsinə niyə gəlmədiklərini soruşduq. Onlar da bizə davranışlarının səhv olduğunu etiraf etdilər. Çünki bildiyiniz kimi, "Eurovision" Mahnı Müsabiqəsində iştirak etməkdən imtina etdiyinə görə Ermənistan cərimələndirilmişdi. Bu gün, ümumiyyətlə, Azərbaycanda gedən bütün müsbət proseslər Ermənistanı narahat edir. Zaman Azərbaycanın xeyirinə işləyir. Getdikcə ölkələr arasındakı fərq daha da böyüyür. Bu gün Ermənistanın dövlət büdcəsi 2 milyard dollar, Azərbaycanın dövlət büdcəsi isə 25 milyarda çatır. Bu da, öz növbəsində, iqtisadi inkişafımızın, Ermənistanın isə iqtisadi böhranının bariz nümunəsidir. Azərbaycanın inkişafa meyilli siyasəti hər sahədə özünü büruzə verir, lakin Ermənistan bilməlidir ki, işğalçılıq siyasəti ilə bundan irəli gedə bilməyəcəklər. Bütün bunları nəzərə alaraq, mənim bütün Ermənistanın dövlət nümayəndələrinə tövsiyəm, Dağlıq Qarabağ münaqişəsinin ədalət prinsipləri əsasında həllinə razı olmalarıdır. Çünki işğalçılıq siyasətindən əl çəkmədikləri təqdirdə, Ermənistanı bir dövlət kimi ciddi fəlakət gözləyir. Ermənilərin öz statistikasına uyğun olaraq, hər il bu ölkəni 70 mindən 100 minə qədər insan tərk edir. Bu gedişatla yanaşı, heç bir sahədə artım olmaması da, Ermənistanın məhvə addım-addım yaxınlaşdığını sübut edir.
- Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul edilib. Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlar və dövlətlərin ölkəmizə qarşı yeritdiyi bu qərəzli siyasətin kökündə nə dayanır?
- Maraqlıdır ki, 2 ay əvvəl biz Avropa Parlamentində Azərbaycan dinləmələri adlı konfransda iştirak etmişdik. Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və bir sıra millət vəkilləri iştirak etdilər. Avropa Parlamentinin tanınmış siyasətçilərinin də iştirak etdiyi tədbir bütün həqiqətlərlə Azərbaycanda baş verənləri əks etdirirdi. Lakin orada ölkəmizdə insan hüquqlarına ünvanlanmış hər hansı bir tənqid səslənmədi. İndi iki ay ərzində nə dəyişib ki, Avropa Parlamenti belə bir qətnamə ilə çıxış edib? Digər bir yandan da, 759 millət vəkili olan Avropa Parlamenti adından 49 millət vəkili qətnamə qəbul edir. Budur Avropa demokratiyası? Demokratiya adlandırdıqları bu seçim anarxiyaya gedən yoldur. Avropa Parlamentinin üzvü olanlar sadəcə öz ölkəsinin maraqlarını deyil, Avropa Birliyinə daxil olan bütün ölkələrin maraqlarını əhatəli şəkildə düşünməlidirlər. 49 millət vəkili tərəfindən qəbul edilən bu qətnamə parlamentin tərkibindəki digər 710 deputatın və digər dövlətlərin maraqlarına ziddir. Əgər Avropa Parlamentinin üzvü hansısa dövlətin, qurumun sifarişini həyata keçirirsə, bu, birmənalı şəkildə ədalətsizlik və vicdansızlıqdır. Ölkəmizin inkişafının çoxlarını narahat etdiyi bu qətnamənin "Eurovision" ərəfəsində qəbul olunması ilə daha aydın göründü. Lakin bütün dünya Azərbaycanın getdikcə artan gücünə şahid olur, bundan sevinməyənlərin niyyəti isə özlərinə qalır. Heç bir dövlətin, qurumun etirazına baxmayaraq, Azərbaycan öz uğurlu siyasətini davam etdirir. Çünki ölkə Prezidenti tərəfindən davam etdirilən siyasətimiz xalqa arxalanır. Belə qətnamələrin qəbul olunması sadəcə Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrini bir daha nəzərdən keçirməsinə səbəb ola bilər. Yəni belə anti-demokratik qərarlardan sonra həmin təşkilatlarla əlaqələrin davam etdirilməsinin nə dərəcədə məqsədəuyğun olub-olmadığı müzakirə oluna bilər. Bu gün Azərbaycan Avropanın neft və qaz mənbələrindən biridir. Bu qurum Azərbaycan əleyhinə belə haqsız mövqeyinə davam edərsə, bunun nəticəsi heç də yaxşı olmaya bilər.
GÜNAY MƏMMƏDOVA