- Aydın müəllim, Meksikada keçirilən böyük "20-liy"in sammitində Dağlıq Qarabağla bağlı bəyanat qəbul olundu. Sizcə, artıq bu məsələnin beynəlxalq güclərin diqqət mərkəzində olduğunu söyləmək olarmı?
- Bundan əvvəl də Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlərin diqqət mərkəzində olub. Kifayət qədər ərazi münaqişəsi var ki, onların həlli ilə bağlı hər hansı bir beynəlxalq mexanizm yoxdur. Demək olar ki, vaxtaşırı beynəlxalq aləmdə üç dövlət başçısı Dağlıq Qarabağla bağlı bəyanat verirlər. Bu, birincisi, problemin diqqət mərkəzində olduğunu göstərir, ikincisi, problemin böyük dövlətləri narahat etdiyini göstərir. Demək olar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında getsə də, böyük güclərin bu məsələnin həllində rolu və maraqları var. Əgər beynəlxalq aləm istəyirsə ki, bu münaqişəni Azərbaycan və Ermənistan özləri həll etsin, o zaman ədalətli mövqe tutsunlar, ikili yanaşmadan uzaq olsunlar. Ümumilikdə isə, Azərbaycan dövləti istənilən vaxt sözügedən münaqişəni həll etməyə qadirdir. Ancaq burada bir məsələ var ki, vaxtaşırı ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çağırışlar edir və bununla da, öz vasitəçilik missiyasını göstərməyə çalışırlar. Meksikada keçirilən böyük "20-liy"in sammitində Dağlıq Qarabağla bağlı qəbul olunan bəyanat bir daha göstərdi ki, bu problem artıq tək Azərbaycanın yox, eyni zamanda, dünyanın problemidir. Əlbəttə ki, bu məsələyə diqqət günü-gündən artmalıdır.
- Böyük "20-liy"in Dağlıq Qarabağ münaqişəsinin həllinə fəal yanaşması Ermənistanı işğalçılıq siyasətindən çəkindirməkdə nə dərəcədə təsiri və ya rolu ola bilər?
- Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində, eyni zamanda, ikili standartlar mövcuddur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi hər kəsə bəllidir. Ancaq dünya birliyi Ermənistanı heç də beynəlxalq hüquq normalarına riayət etməyə çağırmır. Ermənistan isə bu gün özünün müstəqil deyil, hansısa bir dövlətin quberniyası kimi, ən azı forpostu kimi aparmağa çalışır. Əlbəttə ki, bu, nə Ermənistanın müstəqilliyinə, nə də onun inkişafına kömək edən bir məsələ deyil. Bugünkü Ermənistan rəhbərliyini heç bu maraqlandırmır da. Ermənistanın heç vaxt dövləti olmayıb. Onlar tarixin sadəcə təsadüfi nəticəsində dövlətə sahib olurlar. O ki qaldı Ermənistanın nə cür addım atacağı məsələsinə, demək olar ki, Ermənistanın gələcək taleyi atacağı addımlardan asılıdır. Bir sözlə, seçim onlarındır. Yəni, nə qədər tez etsələr, bir o qədər də bu ölkənin gələcək inkişafında problemlər az olacaqdır.
GÜLYANƏ AĞAKƏRİMOVA