Müsahibimiz "İrəli" ictimai birliyinin sədri Rauf Mərdiyevdir
- Bəzi müxalifət mətbu orqanları "İrəli" ictimai birliyinin müəyyən layihələri həyata keçirərkən maliyyə maxinasiyalarına yol verdiyini iddia edir. Bu şantaj və böhtan kampaniyasının arxasında müxalifət partiyalarının dağıdıcı liderlərinin dayandığını söyləmək olarmı?
- İlk öncə qeyd edim ki, "İrəli" ictimai birliyi qeyri-hökumət təşkilatı olaraq 2005-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığımız dövrdən həyata keçirdiyimiz bütün layihələr, tədbirlər cəmiyyətdə gənclərə açıq olub. Biz daima öz nizamnaməmizdə göstərildiyi kimi vaxtı-vaxtında, lazımi qaydada üzvlərimizə, cəmiyyətimizə fəaliyyət barədə detallı hesabat vermişik. Necə ki, bizim fəaliyyətimizdə gənclərin iştirakı açıqdır, eləcə də, bizim fəaliyyətimiz necədirsə, bu məsələdə cəmiyyətə açıqdır. İstənilən şəxs bu barədə məlumat əldə edə bilər. Amma son zamanlar "İrəli"nin adına ləkə yaxmaq istəyən qüvvələr müəyyən maliyyə məsələlərini qaldırmaqla böhtan xarakterli yazılar dərc edib. Bizim layihələrimizin kimlər tərəfindən dəstəkləndiyi məlumdur. Biz bu məlumatları gizlətmirik. İstənilən məlumatları təqdim edirik və etməyə də hazırıq. Bəzi çirkin məqsədli qüvvələr "İrəli"nin ətrafında birləşən sağlam gəncləri, həyata keçirdiyi kütləvi tədbirləri görür və bundan narahatçılıq keçirir. Bu səbəbdən müəyyən yollara əl atırlar. Onların diqqəti maliyyə məsələlərinə yönəltməklə hər hansı xoşagəlməyən ifadələr, böhtan xarakterli yazılar dərc etmələrinin arxasında dayanan səbəblər sadəcə onların şəxsi maraqları ilə müəyyən oluna bilər. Çünki onların fəaliyyəti antimilli qüvvələrin maraqları ilə uyğun gəlir. Bu gün ölkədə istənilən bir qurumun, təşkilatın adına ləkə yaxmağa hazırdılar. Belə çirkin böhtanlar, şantajlar da sifarişdir. Amma həmişə uğursuzluğa düçar olurlar. "İrəli"nin fəaliyyəti, həyata keçirdiyi tədbirlərin hamısı birliyin rəsmi internet saytında öz əksini tapıb. Əgər hər hansı bir şəxs üçün qaranlıq məqamlar varsa, bu məlumatlarla tanış ola bilər.
- "İrəli" ictimai birliyinin hədəfi Azərbaycan gəncliyinin birliyinə nail olmaqdır. Bu məqsədləri yerinə yetirmək nə dərəcədə mümkün olub?
- Bu gün Müstəqil Azərbaycanın sağlam gəncliyi yetişir. Bu yetişən gənclik Prezidentimiz İlham Əliyevin bu sahəyə ardıcıl diqqət və qayğısına əsaslanır. Bizim məqsədimizdə buna doğru istiqamətlənmiş addımların dəstəklənməsi, gələcəkdə Azərbaycanın uğurlarının daha çox olmasına hesablanıb. Bizim ətrafımızda minlərlə sağlam gəncər var ki, onlar daim öz töhfələrini verməyə hazırdır. Bu gün əgər ölkə başçısı gənclərə etimad göstərirsə, biz gənclərdə bu etimadı doğrultmaq üçün əlimizdən gələni etməliyik. Ümumiyyətlə, gənclər siyasətində ən önəmli olan etibar və etimaddır. Bu da sağlam ideya və ardınca getdiyin əqidənin prinsiplərinin sağlam olmasına əsaslanır. Çalışırıq ki, həyata keçirilən layihələr, tədbirlər hər hansı uğurlarla nəticələnsin. Biz buna nail oluruq. Çünki milli maraqlar çərçivəsində fəaliyyət göstəririk. Ümumiyyətlə, bizim ümumi maraqlarımıza uyğun olmayan addımların atılması heç də xoşagələn deyil. Bu məsələ sadəcə barmaqla sayıla bilən gənclərin məqsədləridir ki, onların da bu çirkin məqsədləri bugünkü yetişən Azərbaycanın sağlam gəncliyinə xələl gətirə bilməz. Çünki bu gün ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi ilə ölkədə gənclər siyasəti inkişaf yolundadır. Azərbaycanda bütün sahələrdə gedən analoqu olmayan inkişaf gənclər siyasətinə də aiddir.
- Dağıdıcı müxalifətin ətrafında olan gənclərin məqsədi sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etmək, küçələrə çıxmaq, pozuculuq etməyə hesablanıb. Bu səhv yolun yolçusu olan gənclərin normal cəmiyyətə qayıdışı üçün sizin birlik hansı tədbirləri həyata keçirir?
- Çox təəssüflər olsun ki, bəzi gənclər kiminsə şəxsi maraqlarının qurbanı olub. Özlərini müxalifət adlandıran qurumların gənclər siyasəti, gənclərlə bağlı ideyaları onların şəxsi maraqları üzərində köklənib. Onların tutduğu bu yolda heç bir əqidədən, ideologiyadan söhbət gedə bilməz. Həmin o qeyd etdiyimiz qüvvələr ki, onlar gəncləri öz şəxsi maraqları üçün istifadə edir. Bir növ onların əlində vasitəyə, alətə çevrilib. Məlumdur ki, həmin gənclər də müəyyən müddətdən sonra özlərinin alət kimi istifadə olunduqlarını anlayırlar. Bunları üç kateqoriyaya bölmək olar. Birincisi, bəzi gənclər var ki, onlar öz səhvlərini anlayırlar, etiraf edirlər. İkinci qrup anlayır ki, istifadə olunublar, amma bunu etiraf etmirlər. Üçüncü qrup gənclər var ki, hələ də onlar istifadə olunurlar. Amma müəyyən müddətdən sonra özünü müxalifət adlandıran gənclər dərk edəcəklər ki, onların tutduqları yol nicat yolu deyil. Bu gün sosial şəbəkələrdə çağırışlar edənlər elə də çox deyil. Bəlkə minlərlə adamın olduğunu qeyd etsələr də, say kifayət qədər azdır. Fakt göz önündədi. Reallıq göstərir ki, sosial şəbəkələrdəki profillər çox saxtadır. Ona görə də, mənasız çağırışların heç bir əhəmiyyəti yoxdur. O gənclər Azərbaycanın sağlam gənclərindən nümunə götürməli və öz uğurlu gələcəyi indidən müəyyən etməlidir. Çünki bu gün gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Gənclərə bütün sahələrdə üstünlük verilir.
Biz həmişə elan etmişik ki, "İrəli" Azərbaycanın sağlam gəncliyini istəyən istənilən qurum və təşkilatla əməkdaşlıq etməyə hazırdır. Bu səbəbdən də, bizim həyata keçirdiyimiz layihələrə dəstək verən dövlət qurumları, biznes qurumları, media qurumları, beynəlxalq donor təşkilatları, xarici səfirliklər var.
Babək Hacıyev