Fəzail İbrahimli: "BMT dünyanın siyasi mənzərəsini müəyyən edən təşkilatdan daha çox güc dövlətlərinin istəyini reallaşdıran bir təşkilat kimi fəaliyyət göstərir"
Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir
- Fəzail müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının göstərdiyi konstruktiv mövqeyi fonunda Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi nə zamana qədər davam edə bilər?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin ikili yanaşma nümayiş etdirməsinin nə zamana qədər davam edəcəyini bilmirik. Çünki münaqişə ilə əlaqədar dünya birliyinin niyyəti və onun fəaliyyət istiqaməti məlumdur. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya birliyi ikili standartdan yanaşır. Demək olar ki, Azərbaycanın haqq işinə laqeyd münasibət var. Nə qədər ki, regionda nüfüz dairələri uğrunda böyük dövlətlərin mübarizəsi davam edəcəksə o vaxta qədər də bu ikili yanaşma davam edəcəkdir.
- BMT, ATƏT, AŞPA kimi nüfuzlu qurumların Ermənistanın işğalçılıq siyasətini təsdiq edən qətnamələr qəbul etmələrinə baxmayaraq, bu qətnamələrin icrasının həyata keçirməməsi həmin qurmların, ABŞ-ın keçmiş prezidenti Corc Buşun dediyi kimi, "BMT debatlar üçün yaxşı klubdur" fikirini bir daha təsdiqləmir ki?
- Nə qədər ki, dünyanın aparıcı və eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil olunduğu dövlətlər, Ermənistanı işğalçı dövlət kimi tanımayıb, o vaxta qədər də bu debatlar davam edəcək. Çünki BMT dünyanın siyasi mənzərəsini müəyyən edən təşkilatdan daha çox güc dövlətlərinin istəyini reallaşdıran bir təşkilat kimi fəaliyyət göstərir. Ona görə də, Ermənistanın işğalçılıq siyasətini təsdiq edən qətnamələrin icrasının həyata keçirməməsin də səbəb dünyada beynəlxalq hüquqa yox, beynəlxalq gücə daha çox istinad olunur.
- Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsi müsbətə doğru hər hansı bir irəliləyişin əldə olunmasına səbəb ola bilərmi?
- Bildiyiniz kimi, Türkiyə-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bir millət, iki dövlət olan Türkiyənin Dağlıq Qarabağ məsələdəki mövqeyi heç vaxt Ermənistan tərəfini razı sala bilməz. Çünki Türkiyəyə Ermənistanın münasibəti məlumdur. Qafqazı təsir dairəsinə keçirmək istəyən dövlətlər heç vaxt Türkiyənin məhz bu məsələnin həllində iştirak etməsinə imkan verməzlər.
GÜLYANƏ