Musa Qasımlı: "Rusiya Ermənistanın təcavüzü və davakar separatizmi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəf deyil"
Müsahibimiz Milli Məclisin deputatı, professor Musa Qasımlıdır
- Musa müəllim, Rusiyanın Ermənistandakı 10 hərbi hissəni işğalçı ölkəyə verməsi rəsmi Moskvanın Yerevanı silahlandırması demək deyilmi?
- Demək olar ki, işğalçı ölkə olan Ermənistanı silahlandıran məhz Rusiya tərəfidir. Hesab edirəm ki, Rusiyanın Ermənistandakı hərbi qüvvələrini Ermənistan hakimiyyətinin sərəncamına verməsi beynəlxalq hüquq normalarına tamamilə uyğun deyil. Çünki Rusiya tərəfi, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Yəni, həmsədr ölkə bitərəf və tərəfsiz olmalıdır. Bir sözlə, demək olar ki, Rusiya dövləti Ermənistandakı 10 hərbi hissəni işğalçı ölkə ilə Ermənistanı özünə tərəf kimi görür.
- Bir qədər əvvəl Rusiya 1 milyard dollar dəyərində Ermənistana silah-sursat bağışlamışdır. Növbəti dəfə 10 hərbi hissənin işğalçı ölkəyə verilməsi Dağlıq Qarabağda status-kvonun saxlanılmasında Rusiyanın marağı olduğunu göstərmir ki?
- Ümumiyyətlə, Rusiya Ermənistanın təcavüzü və davakar separatizmi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəf deyil. Yəni, Rusiya dövləti yaranmış bu vəziyyəti dəyişmək istəmir. Çünki Azərbaycanın işğal olunmuş əraziləri təkcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməyib.
- Dünya dövlətləri Ermənistanın işğalçı tərəf olduğunu bildiyi halda, niyə bu ölkəyə ciddi sanksiyalar tətbiq etmirlər?
- Dünya dövlətlərinin işğalçı ölkə olan Ermənistana qarşı heç bir ciddi təzyiqlər etməməsinin bir çox səbəbləri var. Bu, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların olması ilə bağlıdır.
GÜLYANƏ