Mais Səfərli: "Müxalifət ölkədə hər hansı bir icazəsiz aksiyalar keçirərsə, təbii ki, bunun da qarşısı qanunlarla alınacaq"
Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir
- Mais müəllim, dağıdıcı müxalifət yenidən küçələrə çıxıb pozuculuq aktları həyata keçirməyi planlaşdırır. Uzun müddət susan və hər hansı bir fəaliyyəti ilə diqqəti cəlb edə bilməyən müxalifətin gözlənilmədən fəallaşması nə ilə izah oluna bilər?
- Hesab edirəm ki, dağıdıcı müxalifətin yenidən küçələrə çıxıb pozuculuq aktları həyata keçirməyi planlaşdırmasının səbəbi 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Yəni, yaxınlaşmaqda olan prezident seçkiləri ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələri fəallaşdırır. Demək olar ki, müxalifəti təmsil edən qüvvələr öz varlıqlarını göstərmək üçün bu cür xoşagəlməz hərəkətlərə əl atırlar.
- Müxalifət qüvvələrinin gözlənilmədən icazəsiz yürüş-mitinq keçirmək qərarını verməsinin arxasında hər hansı bir daxili və xarici qüvvələrin dayandığını söyləmək olarmı?
- Müxalif qüvvələr icazəsiz aksiyalar keçirmək taktikasına yiyələniblər. Buna baxmayaraq, müxalifətçilər razılaşdırılmayan aksiyalarına heç bir tərəfdar toplaya bilmir. Aksiya keçirmək və bununla da özünü təsdiq etmək üçün sosial bazaya malik olmalısan. Təbii ki, müxalifət qüvvələrinin heç bir sosial bazasının olmaması mitinqlərin keçirilməsinə imkan vermir. Ümumiyyətlə, müxalifəti təmsil edən qüvvələr tərəfində keçirilən aksiyalara heç kəs qoşulmur. Çünki xalq tərəfindən müxalifət qüvvələrinə heç bir siyasi dəstək yoxdur.
- Dağıdıcı müxalifət aksiyalar keçirməklə nəyə nail olmaq istəyir?
- Azərbaycan qanunlarla idarə olunan bir dövlətdir. Azərbaycanda icazəli aksiyaların keçirilməsinə həm Konstitusiyamız, həm də qanunlarımız imkan verir. Bununla yanaşı, Azərbaycan qanunları ölkədə hər hansı icazəsiz aksiyalarını keçirilirməsinə icazə vermir. Əgər müxalifət qüvvələri tərəfindən ölkədə hər hansı bir icazəsiz aksiyalar keçirərsə, təbii ki, bununda qarşısı qanunlarla alınır.
GÜLYANƏ