Mübariz Qurbanlı: "Birincilik uğrunda seçki yarışında kimsə cənab İlham Əliyevlə rəqabət aparmaq gücünə malik deyil. Prezidentimizin liderliyi hamı tərəfindən etiraf edilir və Onun liderliyi ilə ölkəmiz inkişaf edir"
- Mübariz müəllim, keçirilməsi nəzərdə tutulan Yeni Azərbaycan Partiyası qurultayı nə zaman baş tutacaq və müzakirə olunaraq qəbul olunacaq qərar nədən ibarət olacaq?
- Bilirik ki, bu il seçki ilidir. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin müəyyən edilməsi və irəli sürülməsi hər bir siyasi partiyanın ali orqanının keçirdiyi yığıncaqda həll olunur. Yeni Azərbaycan Partiyasının nizamnaməsinə görə partiyanın ali orqanları - qurultay, Siyasi Şura, İdarə Heyəti müəyyən edilib. Təbii ki, Yeni Azərbaycan Partiyası əvvəlki illərdə olduğu kimi, bu il də prezidentliyə namizəd irəli sürərkən özünün qurultayını keçirəcək. Təbii ki, bu il keçiriləcək prezident seçkilərində partiyamızın irəli sürəcəyi namizədi Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev olacaq. Bununla əlaqədar açıqlamalar hələ ötən ildən verilib və bu ildə biz bir neçə dəfə partiyamızın mövqeyini ictimai rəyə çatdırmışıq. Ancaq Seçki Məcəlləsinin tələbinə uyğun olaraq biz partiyamızın ali orqanında irəli sürdüyümüz namizədlə bağlı müzakirələr apararaq, rəsmi qərar qəbul etməli və sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməliyik. Qurultayın nə vaxt keçiriləcəyi isə müəyyən ediləcək və bu barədə ictimaiyyətə, cəmiyyətə məlumat veriləcək. Qurultayda müzakirə ediləcək məsələlər müxtəlif ola bilər. Əsas məsələ isə partiyanın namizədinin qurultayda irəli sürülməsi, təsdiq olunması və bununla bağlı müvafiq qərarın qəbul edilməsidir. Aydındır ki, partiyanın qurultayı keçiriləndə partiyaya daxilolma və digər məsələlərə də yer ayrıla bilər. Bununla bağlı heç bir ciddi problemimiz yoxdur, hər şey nəzərdə tutduğumuz qaydada davam etməkdədir.
- Yeni Azərbaycan Partiyasının bu il keçiriləcək prezident seçkiləri ilə bağlı seçki taktikasında və seçicilərlə təmasla bağlı hər hansı bir dəyişiklik olacaqmı?
- Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. 1993-cü ildən başlayaraq müxtəlif xarakterli seçkilərdə iştirak etmişik: prezident, parlament, bələdiyyə seçkiləri. Hər seçkidən sonra partiyamızda seçkilərin nəticələri geniş təhlil olunur və gələcək seçkilərlə bağlı taktikasını müəyyən edir. Toplanan təcrübələr üzərinə yeniliklər əlavə olunur. Heç nə həyatda sabit və donuq vəziyyətdə deyil, hər şey inkişafdadır, irəliyə doğru getməkdədir. Dünya ölkələrində siyasi partiyaların seçkilərdə iştirakı, seçki kampanyalarının təşkili istiqamətində də zaman-zaman çox böyük yeniliklər özünü göstərib və göstərməkdədir. Biz bütövlükdə dünyanın qabaqcıl ölkələrində keçirilən seçkilər və onun təcrübəsini əsaslı şəkildə öyrənirik və tətbiq olunan yenilikləri Azərbaycan şəraitinə uyğun şəkildə həyata keçirməyə çalışırıq. 2010-cu il parlament seçkilərində bizim partiyamızın namizədləri seçki kampanyasının ən son yeniliklərindən istifadə etmişdilər. Bu il isə prezident seçkilərinin kecirilməsi nəzərdə tutulur. Seçki strategiyası və taktikasına uyğun şəkildə fəaliyyət göstəririk və prezident seçkilərində daha böyük yeniliklər tətbiq edəcəyik. Kütləvi informasiya vasitələrindən hərtərəfli istifadə ilə bərabər, elmi-texniki nailiyyətlərin son variantlarından istifadə də əhəmiyyətli yer daşıyır. Xüsusilə də, internet, sosial şəbəkələr və digər elektron kütləvi informasiya vasitələri və onların imkanlarından seçki kampanyası zamanı yararlanacağıq. Əvvəlki seçkilərdə topladığımız təcrübəyə istinad edərək, seçki taktikamızı biz son yeniliklərlə zənginləşdirəcəyik. Əminəm ki, bizim tətbiq etdiyimiz seçki taktikası istənilən uğuru əldə etməyə böyük zəmin yaradacaq. Bütövlükdə, bizim seçkilərdə uğurumuzun əsasında Prezidentimizin şəxsiyyəti və onun həyata keçirtdiyi praqmatik və səmərəli siyasəti dayanır. Bizim xalqa deməyə kifayət qədər sözümüz və imkanımız var. Seçki taktikamız qazanılmış uğurlar və bu uğurların təbliği və təşviqi üzərində qurulacaq. Namizədimizin liderliyi, şəxsi keyfiyyəti, Onun ardıcıl siyasi xətti həyata keçirməsi, Ulu Öndər Heydər Əliyev siyasətinin yeni mərhələdə, yeni lider keyfiyyətləri ilə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və bu kimi məsələlər seçki taktikamızda, seçki təbliğatımızda önəmli yer tutacaq. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası müasir partiyadır, müasir seçki taktikasını təbliğ etməyə qadir partiyadır. Rayon-şəhər təşkilatlarımız kifayət qədər güclüdür. Azərbaycan cəmiyyətinin intellektual potensialının mütləq əksəriyyəti bizim partiyamızdadır. Ona görə də, seçki strategiyamız və taktikamız ciddi uğurlar əldə etməyə əsas verir və biz bundan istifadə edəcəyik.
İntizarə Məmmədova