PDF Oxu

Müsahibə

  • 1 158

“EL”-də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır”

“EL”-də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır”

Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, ümumilikdə, regionun ən böyük və aparıcı, analoqu olmayan partiyasıdır"

"İsa Qəmbər və Əli Kərimli öz övladlarını qoruyub saxlayırlar, bəzi gənclərə isə müxtəlif vədlər verməklə yoldan çıxardırlar"

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası qurultayının keçirilməsi ilə bağlı məlumatın mətbuata açıqlanmasından sonra dağıdıcı müxalifət partiyaları və onun təsiri altında olan qəzetlər partiyanın həyatı, fəaliyyəti və rəhbərliklə bağlı hədyan fikirlər səsləndirirlər. Sizcə, Yeni Azərbaycan Partiyasının mövcudluğu yerli və bəzi xarici qüvvələri niyə bu qədər narahat edir?

- Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, ümumilikdə regionun ən böyük və aparıcı, analoqu olmayan partiyasıdır. 20 ildən artıq bir dövrdə ölkənin ictimai-siyasi həyatında fəal siyasi işlər aparır. Bu baxımdan da, 1993-cü ildən istər parlament, istər bələdiyyə, istərsə də prezident seçkilərində partiyamız parlaq qələbələr əldə edib. Yeni Azərbaycan Partiyası iqtidarda olduğu dövrdən ölkəmiz üçün çox əhəmiyyətli işlər görüb, Azərbaycanı parçalanmadan, vətəndaş müharibəsindən, iflasdan xilas edib. Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf etmiş, dünyanın nəzərində olan qüdrətli, güclü dövlətə çevirməkdə YAP-ın müstəsna rolu olub. Ona görə də, bu cür qısqanclıqları və bu kimi addımları təbii hesab edirəm. Bu uğurlara istər daxildə, istərsə də xaricdə qısqananlar var. Onlar Yeni Azərbaycan Partiyasının gücünə və əzəmətinə bələddirlər. Bizi qısqanan qüvvələr çox yaxşı bilirlər ki, istənilən seçkidə partiyamız ilə rəqabət aparmaq gücünə malik partiya yoxdur. Nəinki bir partiya hətta birlikdə bütün partiyalar Yeni Azərbaycan Partiyasının bir rayon təşkilatının gücü qədər gücə malik deyillər.

- Müxalifət də seçkilərə hazırlaşır, ancaq çox sayda namizədlərlə. Bu, onu deməyə əsas verirmi ki, düşərgədaxili xaos və anarxiya fonunda pərakəndəlik hökm sürür?

- Müxalifət seçkilərə qəzet səhifəsində hazırlaşır. Ancaq qəzet səhifəsində müxtəlif bəyanatlar verməklə, qohumlarını, yaxınlarını ətraflarına yığıb, bir toplantı keçirməklə, onların nəyəsə nail olması mümkün deyil. Praktiki olaraq müxalifətin heç bir hazırlığı yoxdur. Müxalifətin çoxsaylı namizədlərinin olmasını onunla izah edərdim ki, onların hər biri baxırlar ki, o birisinə tay olan insanlardır. Ona görə də, hər biri namizədliyini irəli sürmək istəyir. Təbii ki, bu hal cəmiyyət tərəfindən müsbət qarşılanmır. Azərbaycan xalqı onları çox yaxşı tanıyır. Dəfələrlə seçkilərdə iştirak edib, məğlub olan insanlardır. Bu prezident seçkilərində istər iştirak etsinlər, istərsə də iştirak etməsinlər, bizim üçün bir o qədər əhəmiyyət kəsb etmir. Ona görə ki, sosial bazaları və elektoratı yoxdur. Prezident seçkilərində namizədliyini irəli sürmək üçün 40 min imza toplamaq lazımdır. Onların isə heç biri 40 imza toplamağa qadir deyillər. 40 nəfər tərəfindən dəstək ala bilməyən insanlar 40 min imza toplayıb, seçkidə hansı formada iştirak edəcəklər, bu özü bir şübhə doğuran məqamdır. Hesab edirəm ki, bu insanlar şou düzəldirlər ki, bəzi beynəlxalq təşkilatların, müəyyən qüvvələrin nəzərini cəlb etməklə, müəyyən dərəcədə maliyyə əldə etsinlər.

- "İctimai Palata", "El" və bu kimi qurumların yaradılması sadəcə bir siyasi şou olmaqla yanaşı, xarici qüvvələrin tapşırığı ola bilərmi?

- Ümumilikdə, "İctimai Palata" şou xarakterli qurumdur. Orada olanların əksəriyyəti muxalifət partiyalarının üzvləridir. Bir-iki nəfər kənardan gələnlər var idi, onlar da vəziyyətə baxdılar, tanış oldular və palatanı tərk etdilər. Yerdə qalanları isə Müsavat, Xalq Cəbhəsinin və onların qəzetlərinin nümayəndələridir. Siyasətlə siyasi partiyalar məşğul olur. Bu baxımdan, cəmiyyətdə bu partiyalar hörmətlərini itirdiklərindən başqa, ad altında özlərini cəmiyyətə təqdim etmək istəyirlər. Qeyd edim ki, toplananların yeri dəyişəndə cəm dəyişmir. Onlar özlərinə nə ad qoyurlarsa-qoysunlar cəmiyyətimiz üçün eynidilər. Ona görə də, özlərinə dayaq tapa bilmirlər.

"El" hərəkatına gəlincə isə, bu, Rusiyanın müəyyən qüvvələrinin, dairələrinin bir proyektdir. "EL"-də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır. İndi görürsən ki, hərəsi bir yandan çıxır, biri altmış yaşında, biri yetmiş yaşında. Müəyyən dairələr ki var, onlar bir-bir xüsusi xidmət orqanlarının nümayəndələrini ortaya atırlar. Azərbaycanda ürəkbulandıran hərəkətlərlə məşğul olanlar iflasa uğramış insanlardır.

- Gəncləri təxribatlara sürükləyən Ə.Kərimlinin oğlu xaricdə, İ.Qəmbərin oğlu isə yaratdığı QHT-lər vasitəsilə qrantlar alıb, bir növ kef edirlər. İcazəsiz aksiyalarda iştirak edən gənclər isə həbsxanalardadırlar. Bu paradoksal vəziyyəti necə izah edərdiniz?

- Bu vəziyyəti onunla izah edərdim ki, müxtəlif illərdə keçirtdikləri icazəsiz aksiyaların heç birində özləri öndə getməyiblər. İstər 1990-cı il 20 yanvar hadisələrinə, istərsə də digər hadisələrə nəzər salsaq, görərik ki, onlar hər zaman qaçıb gizləniblər və ayrı-ayrı insanları ortaya atıblar. 2003-cü il prezident seçkiləri ərəfəsində insanları çağırıb, küçələrə çıxardan, gəncləri yollarından azdıran, polis maşınlarını, eləcə də, əhalinin şəxsi əmlakını dağıtmağa vadar edən İ.Qəmbər və onun kimiləri özlərini məsuliyyətdən yayındırdılar, digər gənclərin isə məsuliyyətə cəlb olunmağa vadar etdilər. Aksiyalar üçün yer müəyyən olunub və onlar sərbəst toplaşmaq azadlığına uyğun olaraq, o yerdə gedib aksiyalarını keçirdə bilərlər, lakin onlar harda gəldi və qeyri-qanuni şəkildə aksiyalar keçirdirlər. Qrantlar alan İ.Qəmbərin icazəsiz aksiyaları keçirtdiyinə görə, cərimələnən oğlu üçün evində ödəməyə pulu yoxdu. Bu yerdə sual yaranır ki, 20 ildir işləmirsən, bəs nə ilə dolanırsan, övladların hansı vəsait hesabına təhsil alır? O cümlədən də, Əli Kərimlinin oğlu. Bəllidir ki, onlar xaricdən aldıqları qrantlar, pullar hesabına dolanırlar. İ.Qəmbər və Ə.Kərimli öz övladlarını qoruyub saxlayırlar, bəzi gənclərə isə müxtəlif vədlər verməklə, yoldan çıxardırlar.

- İ.Qəmbər və Ə.Kərimli ölkədə qan töküləcəyi barədə proqnoz verir, hədələyici çıxışlar edirlər. Onların bu cür qanuna zidd çıxışları nədən irəli gəlir?

- Vaxtilə onlar bolşevik kimi hakimiyyətə gəlmişdilər. İndi də hələ bolşevik xüsusiyyətlərindən, psixologiyasından uzaqlaşmayıblar. Özlərini demokrat adı altında pərdələsələr də, onların xisləti, əməli fəaliyyəti bolşevik düşüncəsindən başqa bir şey deyil.

İntizarə Məmmədova

Digər xəbərlər