Heydər Əliyev fenomen yaddaşa malik güclü şəxsiyyət, təcrübəli dövlət başçısı idi. Bu fikri Fransa Beynəlxalq Əlaqələr İnstitutunun (İFRİ) direktoru Tierri de Monbrial Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı AzərTAc-a verdiyi müsahibəsində səsləndirmişdir. Həmin müsahibəni təqdim edirik.
- Cənab Monbrial, Siz Azərbaycan Prezidenti Heydər Əliyevlə Parisdə və Bakıda bir neçə dəfə görüşmüsünüz. Bu görüşləri necə xatırlayırsınız?
- Mən Prezident Heydər Əliyevlə iki dəfə Parisdə, bir dəfə isə Bakıda görüşmüşəm. İlk görüş 1995-ci il dekabrın 4-də olmuşdur. Prezident Fransaya rəsmi görüşə gəlmişdi. Rəhbərlik etdiyim institut görüş çərçivəsində Heydər Əliyevin şərəfinə Parisin mərkəzindəki
"Möris" mehmanxanasının restoranında ziyafət təşkil etmişdi. Heydər Əliyevlə debat təşkil etmiş və ondan müsahibə almışdım. Bu görüş məni bir qədər həyəcanlandırmışdı. Çünki Heydər Əliyev çox güclü şəxsiyyət idi və geniş dünyagörüşə malik bu insanla söhbət etmək o qədər də asan deyildi. Heydər Əliyevin səmimiliyi və açıqlığı mənə cəsarət verdi. Biz Azərbaycanda və dünyada baş verən hadisələrdən söhbət açdıq.
Heydər Əliyev Fransaya böyük nümayəndə heyəti ilə gəlmişdi. Onların arasında opera müğənnisi olan iki xanım və mədəniyyət naziri də var idi. Yaxşı xatırlayıram ki, restoranların birində nahar zamanı mədəniyyət naziri müğənni xanımları pianoda müşayiət etdi. Onlar hansısa bir Azərbaycan mahnısını oxudular. Həmin vaxt Prezident Heydər Əliyev məni ölkəsinə dəvət etdi.
İkinci görüşümüz 1997-ci il yanvarın 13-nə təsadüf etmişdi. Rəhbərlik etdiyim institutda Heydər Əliyevin iştirakı ilə beynəlxalq konfrans keçirilirdi. Heydər Əliyev siyasi hadisələri özünəməxsus şəkildə dolğun və heyrətamiz formada təhlil etməsi ilə iştirakçıları sözün əsl mənasında mat qoymuşdu. Azərbaycan iqtisadiyyatından söhbət açan Heydər Əliyev müharibə vəziyyətinə baxmayaraq zəngin yeraltı sərvətləri olan nefti və qazı sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyi, xarici neft şirkətləri ilə müqavilə bağlandığı barədə məlumat verdi.
Prezident növbəti dəfə məni Azərbaycana dəvət etdi.
Nəhayət, mənim ölkənizə səfərim reallaşdı. Keçmiş səfir Eleonora Hüseynova ilə birlikdə 2002-ci il sentyabr ayının əvvəllərində Bakıya gəldim. Mən səfərdən əvvəl Heydər Əliyevlə təkbətək görüşməyi xahiş etdim. Xahişimə əməl olundu. Sentyabrın 4-də prezidentin iş otağında üzbəüz görüşümüz üç saat çəkdi. Bu, müsahibə deyildi, sadəcə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı söhbət idi.
Görüşün ilk dəqiqələrində mən Heydər Əliyevlə sonuncu görüşümün 1997-ci il fevralın 13-də rəhbərlik etdiyim institutda olduğunu xatırlatdım. Prezident gülə-gülə mənim səhvimi düzəldərək bu görüşün fevralda deyil, yanvarın 13-də baş verdiyini söylədi. Mən də öz növbəmdə zarafatla bunun Prezidentin fenomen yaddaşı barədə deyilənləri yoxlamaq üçün bir jest olduğunu bildirəndə, əlbəttə, Heydər Əliyev mənim bu cavabımdan razı qalaraq gülümsədi. Mən özlüyümdə bir daha Heydər Əliyevin fenomen yaddaşa malik güclü bir şəxsiyyət və təcrübəli dövlət başçısı olduğunu yəqinləşdirdim.
Mənim əsas məqsədim Heydər Əliyevin SSRİ-nin süqutu haqqında fikrini öyrənmək idi. Uzaqgörən siyasətçi olan Prezident bildirdi ki, bəli, SSRİ-ni yenidən formalaşdırmaq və xilas etmək olardı. Bunun üçün gözüaçıqlıq və səlahiyyət tələb olunurdu.
Heydər Əliyev etiraf etdi ki, Brejnevdən sonra ona yaxın olan Sov. İKP MK-nın baş katibi vəzifəsinə yiyələnən Andropov hakimiyyətdə bir neçə il qalsaydı, SSRİ-nin gələcək taleyi başqa cür ola bilərdi.
Heydər Əliyev söhbət əsnasında Qorbaçovla münasibətindən də danışdı. Qorbaçov dövründə yaşadığı çətinlikləri xatırlatdı və sonda xaraktercə güclü insan olduğu üçün ona göstərilən təzyiqlərə davam gətirdiyini bildirdi. Hətta Sov.İKP MK-nın baş katibi vəzifəsinə namizədliyinin irəli sürüldüyü, amma rus olmadığı üçün onun bu vəzifəyə seçilməsinin qeyri-mümkünlüyü barədə mənə müfəssəl məlumat verdi. Qorbaçovun qısqanclığı ucbatından vəzifəsindən uzaqlaşdırılan Heydər Əliyev bir müddət Moskvada yaşadığını, bağ evindən, xidməti minik avtomobilindən məhrum edildiyini, Azərbaycanda vaxtilə qayğı göstərdiyi, irəli çəkdiyi bəzi insanların ona dönük çıxdığını ürəkağrısı ilə mənə danışdı. Heydər Əliyevin bu açıq və səmimi söhbətləri mənə çox təsir etdi.
Sonda özü və ailəsi barədə danışdı. Bir qədər yorğun olsa da, qətiyyətli görünürdü.
Mən görkəmli siyasi xadim Prezident Heydər Əliyevlə görüşlərim barədə 2012-ci ildə çap etdirdiyim "Rusiya jurnalı-1977-2011" sərlövhəli kitabımda ətraflı bəhs etmişəm.
- Heydər Əliyevi prezident və siyasi xadim kimi necə xarakterizə edərdiniz?
- Mən hesab edirəm ki, Heydər Əliyev böyük prezident idi. SSRİ-nin süqutundan sonra infrastrukturları tamamilə dağılan ölkədə çətin və mürəkkəb vəziyyət yaranmışdı. Digər tərəfdən isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkənin müstəqilliyini təhlükə altına almışdı. Azərbaycanı zəiflətməyi qarşılarına məqsəd qoyan bəzi qara qüvvələr bu problemin həllinə mane olurdu. Belə bir vaxtda hakimiyyətə gələn Heydər Əliyev təcrübəsi və uğurlu xarici siyasəti nəticəsində ölkəni nəinki çətin vəziyyətdən xilas etdi, eyni zamanda, onun inkişafına nail oldu. Məhz Prezident Heydər Əliyevin sayəsində ölkənin neft sektoru müasirləşdirildi və digər sahələr də inkişaf etməyə başladı.
Bir sözlə, müstəqil və müasir Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin xidmətləri böyükdür. Məhz bu uzaqgörən siyasi xadimin sayəsində ölkənizin xarici siyasətinin uğurlu təməli qoyulmuşdur.
Mən səfərdən böyük təəssüratla qayıtdım. Bu, bir tərəfdən dahi bir insan olan Prezident Heydər Əliyevin məndə yaratdığı güclü təsirlə, digər tərəfdən azərbaycanlıların qonaqpərvərliyi ilə bağlı idi. Bu insanların səmimiliyi və qonaqpərvərliyi məni valeh etmişdir.
Ölkənizin paytaxtı da məndə xoş təəssürat yaratmışdı. Bakının ən qədim hissəsi olan İçərişəhərə heyran olmamaq mümkün deyildir.
- Maraqlı müsahibənizə görə sağ olun!
AzərTAc