İsbəndiyar Əliyev: "Evlərə optika" pirnsipi əsasında ölkənin bütün ərazisində yüksək sürətli genişzolaqlı internet xidmətlərini vermək imkanı yaradan optik şəbəkənin qurulması üzrə layihənin həyat keçirlməsinə başlanacaqdır"
Müsahibimiz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyiynin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyevdir
- 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya- kommunikasiya texnologiyaları ili" elan olunub. Sizcə, bu ilin İKT ili elan olunması cəmiyyətimizə, ümumilikdə, Azərbaycan dövlətinə nələri vəd edir?
- Ölkəmizdə İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın davamlı yüksəlişində və ümumilikdə, cəmiyyətimizdə aparıcı sahəyə çevrilmişdir. Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və cari ildə bu sahədə müxtəlif istiqamətləri əhatə edən xüsusi tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq Azərbaycanda İKT ili tarixi bir hadisə ilə - ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlamətdar olmuşdur. Azərbaycan Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımını ilk tətbiq edən ölkədir və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur. Bu ildən Azərbaycan tamamilə rəqəmli yayıma keçəcəkdir. Həmçinin, RITN və Dövlət Neft Fondu tərəfindən "Evlərə optika" pirnsipi əsasında ölkənin bütün ərazisində yüksək sürətli genişzolaqlı internet xidmətlərini vermək imkanı yaradan optik şəbəkənin qurulması üzrə layihənin həyat keçirlməsinə başlanacaqdır. İKT ili ölkədə İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının fəaliyyətə başlaması ilə də əlamətdar olacaqdır. Bundan başqa, il ərzində Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlər həyata keçiriləcək, regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kursları, seminarlar təşkil olunacaqdır. İKT ixtisaslarının təbliği üzrə maarifləndirmə işlərinin aparılmsı da bu il çərçivəsində həyata keçiriləcəkdir.
-2013- cü il İKT ili çərçivəsində regionlarda genişzolaqlı internetin yaradılması, bölgələrdə yarana biləcək problemlərin aradan qaldırılması nəzərdə tutulub. Sizcə, qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olunub?
- Hazırda ölkə ərazisinin fiber-optik kabel magistralları ilə tam əhatə olunması, yaşayış məntəqələrinin telefonlaşdırılması və şəbəkənin elektronlaşdırılması internetə genişzolaqlı, simsiz və mobil vasitələrlə qoşulma imkanını təmin etmişdir. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənməkdədir. Azərbaycanın qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılaraq 200 GB/saniyəyə çatdırılmışdır. Bütün bunların sayəsində indi ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisi, 100 nəfərdən 50-si isə genişzolaqlı istifadəçidir və bu göstəricilərə görə Azərbaycan MDB-də birinci yeri tutur, dünya orta göstəricisini isə təqribən 2 dəfə qabaqlayır. Rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanmışdır. Ümumilikdə, bu layihə çərçivəsində regionlarda 1800 km-dən artıq fiber-optik xətlərin çəkilişi başa çatdırılmışdır. Hazırda, paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrində ADSL texnologiyasına qoşulmaqla 1 Mb/s. sürətlə limitsiz internet xidmətlərinə görə aylıq ödəniş 10-15 manat təşkil edir və internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir. Hal-hazırda ölkəmizdə, xüsusilə də, regionlarda internetin inkişafına yönəlmiş bir çox irimiqyaslı layihələr həyata keçirilməkdədir.
- Hər evə optika layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu proqramın icrası nə zaman başlanılacaq?
- Genişzolaqlı internetin keyfiyyətlə göstərilməsi imkanını yüksəltməklə "Hər evə optika" prinsipi nəzərə alınmaqla istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s., rayonlarda isə 10-30 Mbit/s. sürətli internetin verilməsi layihə çərçivəsində hədəf kimi müəyyən edilmişdir. Layihədə yalnız müasir texnologiyalara əsaslanan telekommunikasiya və genişzolaqlı internet şəbəkəsinin qurulması deyil, həmçinin, xidmətlərin göstərilməsi sahəsində geniş spektrdə islahatların həyata keçirilməsi ilə sağlam rəqabət mühitinin və İSP-lər üçün bərabər istifadə imkanının genişləndirilməsi və xidmətlərə tələbatın formalaşdırılması üzrə tədbirlərin görülməsi də nəzərdə tutulur. Layihənin əsas məqsədlərindən biri də şəhər və kəndlər arasında genişzolaqlı internet infrastrukturu üzrə mövcud rəqəmli fərqin aradan qaldırılması və elektron xidmətlərin geniş tətbiqi ilə informasiya cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsidir.
İntizarə Məmmədova