PDF Oxu

Müsahibə

  • 889

Söz hərbi müstəvidə deyilməlidir

Söz hərbi müstəvidə deyilməlidir

Elçin Mirzəbəyli: "Azərbaycan BMT Nizamnaməsinə söykənərək ərazilərini işğaldan azad edəcək"

Müsahibimiz politoloq Elçin Mirzəbəylidir

- Elçin müəllim, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli istiqamətində yaranan qeyri-müəyyənlik 2013-cü ildə daha çox özünü göstərməkdədir. Beynəlxalq təşkilatların bu məsələdə susmaları və verdikləri qərarın icrasına diqqət yönəltməmələri bir növ təəccüb doğurmur ki?

- Demək olar ki, son illər Dağlıq Qarabağ münaqişəsinin həlli dalana dirənmiş bir vəziyyətdədir. Azərbaycan xalqı və dövləti, beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ məsələsində tutduğu mövqeni yaxşı başa düşür. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların haradan qaynaqlandığını çox yaxşı bilir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların nə üçün və hansı səbəblərdən ikili standartlardan çıxış etməsi, işğalçı ilə işğala məruz qalan arasında hər hansı fərq qoymaması və işğalçı Ermənistana qarşı təzyiq göstərməməsi hər kəs üçün bəlli olan bir məsələdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan dövləti bu gün dünyada hökm sürən ədalətsizlik prinsiplərinin aradan qaldırılması üçün öz gücünə söykənir.

- Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yaranan qeyri-müəyyənlik nə zamana qədər davam edəcək?

- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yaranan qeyri-müəyyənlik o zamana qədər davam edəcək ki, işğalçı ölkəni himayə edən Rusiya öz mövqelərindən əl çəksin və münaqişənin həllində ədalətli mövqe tutsun. Eyni zamanda, regionda marağı olan qüvvələr bu prosesin ədalətli həllində maraqlı olduqlarını nümayiş etdirsinlər. Yalnız bu vaxt Ermənistanı öz mövqeyindən çəkindirmək olar. Bir sözlə, Ermənistanın işğalçılıq siyasətindən çəkindirməyinin yolu ilk növbədə bu ölkəyə qarşı diplomatik, siyasi, iqtisadi və hüquqi sanksiyaların tətbiq olunmasıdır. Beynəlxalq hüququn mexanizmi o zaman işə düşür ki, o, konkret hərəkətlərlə özünü büruzə versin. Yəni, ortalıqda hər hansı bir sanksiya olmayacaqsa, təbii ki, işğalçı tərəf konstruktiv mövqe də nümayiş etdirməyəcək və münaqişənin həllində maraqlı olmayacaqdır.

- Azərbaycan status-kvonun dəyişdirilməsi üçün konkret addımlar ata bilərmi və bunun nəticəsi necə ola bilər?

- Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində mümkün olan bütün vasitələrdən istifadə edib. Dünyanın ayrı-ayrı ölkələrində müvafiq qətnamələr qəbul olunur. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin, AŞPA və İslam Konfransı Təşkilatının qətnamələri var. Eyni zamanda, Azərbaycan ayrı-ayrı dövlətlərin xüsusilə də, Şərqi Avropa dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı bəyanatlarının verilməsinə nail olub. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı diplomatik müstəvidə nə mümkündürsə, edilib və edilməkdədir. Amma görünən odur ki, bu gün Dağlıq Qarabağ probleminin həlli diplomatik müstəvidə deyil. Çünki proses diplomatik müstəvidə baş verməyib. Bu, o deməkdir ki, münaqişə diplomatik müstəvidə iki dövlət arasında baş verən bir narazılıq deyil. Sadəcə olaraq, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması üçün mümkün hüquqi bazanı hazırlayıb. Bundan sonraki prosesdə, təbii ki, Azərbaycan BMT Nizamnaməsinə söykənərək, ərazilərini işğaldan azad edəcək. Bu baxımdan da, söz hərbi müstəvidə deyilməlidir.

GÜLYANƏ

Digər xəbərlər