Musa Quliyev: "Əgər konsepsiya çərçivəsində işğal olunan torpaqlarımız azad olunarsa, şübhəsiz ki, Dağlıq Qarabağ və digər ərazilərlə bağlı yeni proqramlar qəbul olunacaq"
Müsahibimiz millət vəkili, iqtisadçı Musa Quliyevdir
- Musa müəllim, "Azərbaycan- 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası ölkə iqtisadiyyatının davamlığı və təminatının gücləndirilməsi, eləcə də dövlətçilik baxımından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi baxımından əhəmiyyətini necə qiymətləndirmək olar?
- Bu konsepsiya tarixi bir konsepsiya olmaqla Azərbaycanın yüksək sürətlə inkişafını və sosial-iqtisadi inkişaf səviyyəsini özündə birləşdirir. Bu konsepsiya ilə dövlətimiz öz üzərinə çox böyük məsuliyyəti götürməklə yanaşı, Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılması üçün vacib məsələləri ortaya qoyur. "Azərbaycan - 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında Azərbaycanda iqtisadiyyatının inkişafı, sosial sahədə bir sıra uğurların əldə olunması, beynəlxalq siyasətin genişlənməsi, dövlətin qüdrətinin artması, bir sözlə, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətinə çevrilməsi siyasəti öz əksini tapır. Bu konsepsiyanın məqsədi dövlətin büdcəsi, eləcə də, ÜDM-ın sonrakı illərdə iki dəfə artması və Azərbaycanın dünyanın ən varlı dövlətinə çevrilməsidir. Heç şübhəsiz ki, burada proqramlar şəklində müxtəlif sahələrin inkişaf etdirilməsi, ölkəmizin xüsusən enerji resurslarının səmərəli şəkildə dünya bazarlarına çıxarılması və əldə olunan kapitalın qeyri-enerji sektoruna, o cümlədən, insan kapitalının inkişafına qoyulması siyasəti ön plandadır.
-Azərbaycan idmanın, mədəniyyətınin dünyada tanınması bu konsepsiyanın mühüm tərkib hissəsi ola biləcəkmi?
- Konsepsiyanın xüsusi tərkib hissəsində yeni Azərbaycan insanının, Azərbaycan vətəndaşının formalaşması durur. Yəni, dünyada rəqabət qabiliyyətli kadrların yetişməsi, ölkəmizi beynəlxalq təşkilatlarda, siyasi qurumlarda istənilən səviyyədə ləyaqətlə təmsil edəcək kadr potensialının yaranması, mədəniyyətimizin inkişafı xüsusi yer tutur. Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri qorunmaqla, dünya ölkələrinə nümunə olmalıdır. Bütün bunlardan başqa idmançıların beynəlxalq və qitə yarışlarında tanınması bu konsepsiyanın mühüm tərkib hissəsidir. Azərbaycan idmanı dünyada tanındıqca, dövlətimiz, xalqımız tanınır. İnanıram ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu konsepsiyanın reallaşması istiqamətində çox uğurlu addımlar atır. Bütün sahələrdə ölkəmizin ilbəil artan uğurları bu konsepsiyanın inkişafına mühüm bir tövhədir.
- Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, işğal olunan ərazilərimizdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsi bu konsepsiyada öz əksini tapa bilərmi?
-Əgər konsepsiya çərçivəsində işğal olunan torpaqlarımız azad olunarsa, şübhəsiz ki, Dağlıq Qarabağ və digər ərazilərlə bağlı yeni proqramlar qəbul olunacaq. Bu yöndə bir çox müsbət işlərin aparılacağına inanıram. Təbii ki, azad olunmuş torpaqların yenidən məskunlaşdırılması, tikinti-quruculuq, abadlıq işlərinin aparılması, orada məskunlaşan insanların həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğunun bərpası ilə bağlı bir sıra xüsusi proqramlar qəbul olunacaq.
- Ümumilikdə bu konsepsiyanın həyata keçirilməsi üçün nə qədər vəsait tələb olunur və bu vəsait hansı formada nəzərdə tutulan işlərin həll olunmasına sərf ediləcək?
-Konsepsiyanın həyata keçirilməsi üçün dövlət büdcəsindən müəyyən vəsait ayrılıb. Ancaq bu barədə rəsmi açıqlama olmadığı üçün mən heç nə deyə bilmərəm. Vəsaitin isə ümumilkdə dövlətimizin qüdrətinin artırılmasına, iqtisadiyyatının gücləndirilməsinə sərf olunacağı nəzərdə tutulur.
İntizarə Məmmədova