Tahir Kərimli: "Onlar heç bir funksiya yerinə yetirmir və heç bir iş görmürlər"
Dağıdıcı müxalifət nümayəndələri "Milli Şura"nı yaratmaqla özlərinə daha böyük zərbə vurmuş oldular. Bu zərbə nəticəsində onların aralarında yaşanan pərakəndəlik, fikir ayrılığı daha geniş vüsət aldı. Bu şuranın millilikdən çox uzaq olduğunu söyləyən "Vəhdət" partiyasının sədri Tahir Kərimli suallrımızı belə cavablandırdı.
"Milli Şura" ideyası nə dərəcədə müxalifət üçün uğurlu layihə olacaq və sizcə, orada milli şəxslərmi təmsil olunublar?
- Bunun adını "Milli Şura" qoymaq olmaz. Onlar heç bir funksiya yerinə yetirmir və heç bir iş görmürlər. Orada təmsil olunanlar da millətini sevən şəxslər deyil. Başçıları Rüstəm İbrahimbəyovun isə milliliyə heç bir aidiyyatı yoxdur. R.İbrahimbəyov əvvəllər heç vaxt müxalifətə elitar gözlə baxmayıb, heç vaxt müxalifət xeyrinə heç bir söz söyləməyib. İndi necə oldu ki, bu insan gəlib müxalifətin liderinə, rəhbərinə çevrilib? Bu insan öz dilimizdə belə səlis, təmiz danışa bilmir. Belə adamın milliliyə nə aidiyyatı ola bilər? R.İbrahimbəyov hər zaman ermənilərlə dostluq edib və ölkəmizin milli-mənafeini düşünməyib. Belə insan necə milli şəxs sayıla bilər ?! Onu da qeyd edim ki, AXCP və Müsavatın özlərinin gücü olsaydı, R.İbrahimbəyovu heç özlərinə yaxın buraxmazdılar. Təbii ki, R.İbrahimbəyovun da heç bir gücü-qüvvəsi yoxdu. Uğur qazanmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, hər zaman bir-birini təhqir edən, söyən, bir-birinə böhtan atan insanlar indi öz mənafeləri naminə gəlib hansısa qurumda təmsil olunursa, onlar heç vaxt uğur qazana bilməzlər. Çünki onlar bir-birlərinə düşməndirlər və bu düşmənçilik sonda yenə də onların təmsil olunduqları qurumdan uzaqlaşmaları ilə nəticələnəcək. Belə olan halda, elə indidən demək olar ki, "Milli Şura" heç bir uğur qazanmayacaq.
-Bir qədər öncə, R.İbrahimbəyov seçkilərdə namizəd olmayacağını söyləsə də, son günlər o, mətbuata verdiyi açıqlamada bildirib ki, "Milli Şura"nın vahid namizədi kimi prezident seçkilərinə qatılacaq. Sizcə, Əli Kərimli, İsa Qəmbər kimi insanlar ona imkan verəcəklərmi ki, o, vahid namizəd kimi seçkilərdə iştirak etsin?
- Yenə qeyd edirəm ki, İ.Qəmbərin, Ə.Kərimlinin gücləri o dərəcədə tükənib ki, onlar məcbur olub "Milli Şura"da R.İbrahimbəyovla eyni qurumda təmsil olunmağa başlayıblar. Lakin onların içərisində R.İbrahimbəyova qarşı böyük kin-küdurət var, məhz buna görə də onlar R.İbrahimbəyovun vahid namizəd kimi seçkilərdə iştirak etməsi bəyanatından çox narahatdırlar. Bu narahatçılıq isə onların R.İbrahimbəyova qarşı hansısa təxribat xarakterli planlar cızmasına gətirib çıxarır. Onu da qeyd edim ki, İ.Qəmbərlə Ə.Kərimli heç bir-birlərinə də güzəştə getməzlər. İ.Qəmbər heç vaxt razı olmaz ki, Ə.Kərimli seçkilərdə vahid namizəd olsun və ya onun sədrlik etdiyi partiya hansısa nailiyyətlər qazansın. Eynilə bu münasibət İ.Qəmbərə qarşı Ə.Kərimlidə də var. Artıq bütün bunlar məlum olduğu üçün tam şəkildə demək olar ki, müxalifət indidən məğlub olub. Onların acınacaqlı məğlubiyyətləri artıq indidən göz önündədir. Onu da qeyd edim ki, müxalifət "Milli Şura" yaratmaqla elə düşündü ki, irəli düşəcək, hansısa uğur əldə edəcək. Lakin tam əksinə oldu, onlar bu şurayla daha da gerilədilər. Bu şuranın yaradılması ilə özlərinə bir daha böyük zərbə vurdular.
Cahid Süleymanov