PDF Oxu

Müsahibə

  • 1 635

Novruz Məmmədov: “Yeməkdən tutmuş, silaha qədər dilənmək Ermənistan üçün şərəfdir”

Novruz Məmmədov: “Yeməkdən tutmuş, silaha qədər dilənmək Ermənistan üçün şərəfdir”

Azərbaycan Prezidenti Adminsitrasiyası rəhbərinin müavini, Adminsitrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Səs Tv-yə müsahibəsi:

- Novruz müəllim, Qondarma Dağlıq Qarabağ Respublikasının üzdəniraq xarici işlər naziri Karen Mirzeyan Fransa telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkün olduğunu deyib. Bundan əvvəl də Dağlıq Qarabağın "ziyalıları" DQ-nin işğaldan azad olunmasını mümkün hesab ediblər. Bütün bunlar onu deməyə əsas verirmi ki, Sarkisyan rejimi ictimai rəydə Azərbaycana münasibətdə təklənir?

- Bu məsələyə Sarkisyan rejiminin təklənməsi baxımından yanaşmaq real hesab olunur. Baş verənlər, Sarkisyanın artıq meydandakı təkliyinin təcəssümüdür. Ümumilikdə ermənilərin tarixi ilə maraqlansaq görərik ki, onlar hər zaman özlərini məzlum, əziyyət və fəlakətlərə düçar olmuş xalq kimi təqdim edirlər. Ermənilər yazıqlanmaqla, yalvarış və dilənməklə, bu cür alçaldıcı üsullardan istifadə edərək müxtəlif yerlərdə divident qazanmağa çalışır, bunu özlərinə yaraşdırırlar Yəni, onlar üçün heç nə önəmli deyil. Bu zaman onlar baş verən fəlakətlərin səbəbini araşdırmaq haqda düşünmürlər. Çünkü Sarkisyan, Köçəryan kimi avantürist rəhbərlər zaman - zaman hakimiyyətə gələrək xalqı fəlakətə aparıb, onların bu fəlakətlər barədə düşünməsinə isə mane olublar. Onlar yaxşı bilirlər ki, xalq azad düşünsə, problemin öz liderində olduğunu anlayacaq. Sarkisyan kimiləri bu həqiqətlə üz-üzə qalmaqdan hər zaman çəkiniblər. Bu gün Ermənistanda bəzi siyasi xadimlər, ziyalılar indiki vəziyyətin nə dərəcədə çıxılmaz olduğunun fərqindədirlər. Onlar tutduqları yolun, avantürist liderlərinin xalqı daha böyük fəlakətə sürüklədiyini başa düşürlər. Bu gün ermənilər 2-3 il sonranı deyil 20, 50, 100 il sonranı dşünməlidirlər. Onlar bilməlidirlər ki, tutduqları mövqe ilə gələcəkdə həmin torpaqlarda yaşamaları əsla mümkün deyil. Onlar Azərbaycan ərazilərini daimi işğal altında saxlaya bilməzlər. Bu gün arxalarında hiss etdikləri qüvvələr var və bu, bütün dünyaya məlumdur. Lakin bu o demək deyil ki, həmin qüvvələr daima Ermənistanın arxasında olacaqlar. Düşünürəm ki, Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı danışan şəxlər sadəcə olaraq düzgün mövqe tuturlar. Həmin insanlar əks halda, öz gələcəklərini təyin edə bilməyəcəklərini başa düşürlər. Gələcək illərdə bu cür mövqelərin Ermənistanda daha da artacağını düşünürəm.

- Dünən Ermənistanın bəzi mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərgin olduğu, müharibənin aktiv fazaya keçməsi üçün 2 saat vaxtın gərəkli olduğu haqda məlumatlar dərc edilmişdi. Maraqlıdır, yəni Ermənistanda artıq belə bir təhlükənin mövcudluğu ciddi surətdə hiss olunmağa başlayıbmı?

- Onlar bu təhlükəni hər zaman hiss edirlər. Ümumiyyətlə, ermənilər qorxaq xalqdır. Onlar özlərini başqa cür göstərməyə çalışır, müəyyən bəyanatlar verib, özlərinə uyğun gəlməyən fikirlər səsləndirirlər. Lakin ermənilərin ürəyində bir gün yenidən əməliyyatların başlanacağı qorxusu hər zaman olub. Çox yaxşı bilirlər ki, belə bir addım atılsa, onlar Azərbaycanın gücünün qarşısında duracaq iqtidarda deyillər. Ona görə də, bu gün dünyanın bütün ölkələrində müxtəlif vasitələrlə özlərinə arxa axtarırlar. Onlar bəzi beynəlxalq təşkilatları, dünya dövlətlərinin rəhbərlərini yaltaqlanmaqla, dilənməklə özlərinə dayaq kimi qazanmağa çalışırlar. Ümumiyyətlə, Ermənistan hər zaman dilənməyə, əl açıb yalvarıb nəyisə almağa öyrənib. Yeməkdən tutmuş, silaha qədər dilənmək ermənilər üçün şərəfdir. Bu baxımdan əsasən qərbdən dəstək alan ermənilər bilməlidirlər ki, bu dəstək çox da uzun müddətli olmayacaq. Çünki Azərbaycan dövləti getdikcə öz gücünü daha da artırır. Bizim hər addımımız Dağlıq Qarabağın işğaldan azad olunmasına hesablanıb.

- Sarkisyan andiçmə mərasimində ATƏT-in Minsk qrupunun həmsədrlərinə bölgədə status-kvonun qorunub saxlanmasında göstərdiyi səylərə görə minnətdarlığını ifadə etmişdi. Sizcə, Minsk qrupunun həmsədrlərinin nəticəsiz fəaliyyəti Sarkisyanda onun etimadını doğrultmaq üçün atılan addım təəssüratını yaradırmı?

- Sarkisyan, öz düşüncələrinə əsasən, Minsk qrupunun həmsədrlərinin nəticəsiz fəaliyyətini bu cür qələmə verə bilər. Lakin, Sarkisyan elə bir dövlət xadimi və ya güclü nüfuza malik şəxsiyyət deyil ki, həmsədrlər bütün səylərini onun etimadını doğrultmaq istiqamətinə yönləndirsinlər. Təəssüf ki, beynəlxalq münasibətlər sistemində bu gün böyük böhran var. Bu böhran da özünü belə proseslərdə biruzə verir. İqtisadi, maliyyə böhranından daha çox, bu gün dünyanı beynəlxalq hüquq, ədalət böhranı bürüyüb. Digər böhranlar haqqında danışılsa da, beynəlxalq hüquq böhranını etiraf etmək kiminsə ağlına gəlmir. Bunun da öz səbəbləri var. Əslində iqtisadi və maliyyə böhranını törədən də, məhz hüquq və ədalət böhranıdır. Bu nöqteyi nəzərdən dünyanın müxtəlif ölkələrində, xüsusilə də qərbdə müəyyən dairələr Azərbaycana qərəzli mövqe nümayiş etdirirlər. Həmin dairələr müxtəlif təşkilatlara öz mövqelərini diktə edə bilirlər. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində heç bir həmsədrin dilindən beynəlxalq hüquq sözünü eşidə bilməzsiniz. Bunlar adi proseslər deyil. Onlar bunu Sarksiyanın xətrinə deyil, başqa səbəblərə görə edirlər. Təəssüf ki, bu, dünyada ədalətsizliyin, haqsızlığın hökm sürməsinə gətirib çıxarır. Sarkisyan və onun tərəfdarları da bundan istifadə edib, həmsədrlərin onlara etimad göstərdiyini deyirlər. Lakin Azərbaycana böyük ziyan verən bu proses uzun müddət davam etməyəcək. Bizim münaqişəni həll etməyimiz üçün ortada ədalətli mövqe olmalıdır. Həmin mövqe olmayanda, bu, Azərbaycanla yanaşı, digər dövlətlərə də böyük ziyan vurur.

- Novruz müəllim, beynəlxalq hüquq böhranı haqda danışdınız, mənə maraqlıdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hər zaman Ermənistan-Azərbaycan tərəfləri deyərək sanki bizi bərabərləşdirilər. Faktiki olaraq, Azərbaycan işğala məruz qalan, Ermənistan isə işğalçı ölkədir. Yəni həmsədrlərin belə bir cəsarəti yoxdurmu ki, Ermənistanı işğalçı mövqedə görsünlər? Ya da hansı arqumentə əsasən Azərbaycanla Ermənistanı eyni görürlər?

- Mən bu fikri birmənalı olaraq dəstəkləyirəm. Bilirsiniz, tərəflər deyilməsi bizim üçün problem yaratmır. Çünki beynəlxalq aləmdə, diplomatiyada münaqişə tərəfləri kimi ifadə düzgün hesab olunur, biz buna etiraz etmirik. Bütün dünyaya məlumdur ki, münaqişənin bu səviyyəyə çatmasına ilk olaraq, Ermənistan öz fitnəkarlığı ilə təməl qoyub. Lakin bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflər deyərək bir çox məsələlərdə Azərbaycan və Ermənistanı sanki eyniləşdirir, işğalçı ilə işğal olunana bərabər yanaşırlar. Hətta bəzən "tərəflər" sözü altında Azərbaycana mesajlar da göndərilir. Əsl qərəzli münasibət, əsl ədalətsizlik, əsl beynəlxalq hüququn böhranı dediyimiz fakt budur! Bəzi bəyanatlar Dağlıq Qarabağ probleminə nə qədər qərəzli yanaşdıqlarını açıq şəkildə göstərir. Lakin onlar hesab etməsinlər ki, bizim bu bəyanatların əsas məqsədindən və qərəzli münasibətlərdən xəbərimiz yoxdur. Təbii ki, biz bütün bəyanatların arxasında duran məqamları görürük və bu qərəzli münasibəti əsla qəbul etmirik. Xüsusilə qeyd edim ki, onlar hansı bəyanatı versələr də, bilməlidirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan özünün bir qarış torpağını belə, heç kəsə güzəşt etməyəcək. Azərbaycana heç kəsin torpağı lazım deyil, biz əsla başqa dövlətlərə və onların haqlarına göz dikən xalq olmamışıq. Lakin öz haqqımızı da heç kəsə güzəştə getmək fikrində deyilik.

- Növbəti sualım İranla bağlıdır. İran tərəfi vasitəçilik missiyasının həyata keçirilməsi üçün Azərbaycan və Ermənistandan təklif gözlədiyini bəyan edib. Sizcə, belə bir vasitəçiliyə ehtiyac varmı?

- Hamımıza məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslər Minsk qrupu çərçivəsində gedir. Lakin bununla yanaşı, hansısa dövlətlər, müxtəlif təşkilatlar məsələ ilə bağlı yardım göstərmək istəsələr, buna heç bir etirazımız yoxdur. Əgər söhbət səmimi və həqiqi yardımdan gedirsə, biz bunu sadəcə alqışlayarıq. Bu baxımdan münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran İslam Respublikası öz imkanlarını ortaya qoya bilər. Lakin İranın belə bir təklif gözləməsi məsələsinə gəldikdə isə, mövqe bildirməyə çətinlik çəkirəm. Ümumiyyətlə belə bir vasitəçilik etmək istəyirlərsə, niyə təklif gözləyirlər? İran İslam Respublikası Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olduğunu, Azərbaycan torpaqlarının işğal altında olduğunu, Dağlıq Qarabağın ətraf rayonlarında 750 min azərbaycanlı müsəlmanın bu gün köçkün həyatı yaşadığını, həmin torpaqların hazırda narkotrafik ərazisinə çevrildiyini çox yaxşı bilir. Bütün bunları bilən bir dövlətə ərazilərimizi azad olunmasında köməklik göstərməsi üçün hansısa təklifə ehtiyac varmı? İran İslam Respublikasının çox qədim dövlətçilik ənənəsi, siyasi sistemi var. Düşünürəm ki, onlar Azərbaycana dost və qonşu ölkə olaraq bu məsələ ilə bağlı öz mövqelərini nümayiş etdirə bilərlər. İlk növbədə, İran işğalçı Ermənistanla ticari və iqtisadi əlaqələrini kəssə, bu, Azərbaycan tərəfindən ən böyük yardım kimi dəyərləndirilər. Şübhəsiz ki, biz yaxşılığı və dostluğu qiymətləndirən xalqıq.

- Son olaraq, Xocalı aeroportu ilə bağlı da sizə bir sualım var. Ermənilərin fəallıq göstərdiyi bu mövzu artıq yerini passivliyə verib. Sizcə onların aktivliyinin bu cür passivliklə əvəz olunması nə ilə bağlıdır?

- Ermənistanın avantürist rəhbərlərinin istifadə etdiyi bəzi üsullar bütün dünyaya məlumdur. Onlar arxasında dura bilməyəcəkləri hər hansı bir fikirlə dünyaya mesaj göndərməyə və müxtəlif ölkələrin buna olan reaksiyasını öyrənməyə adət ediblər. Xocalı aeroportu ilə bağlı müəyyən addımlar atdılar. Yaratdıqları hay-küylə bu məsələnin nəticəsinin necə ola biləcəyini öyrənməyə çalışdılar. Yəni, Qərbdə arxalandıqları dostlarının buna necə yanaşdığı və Azərbaycanın reaksiyasının necə olacağını qabaqcadan aydınlaşdırdılar. Bu məsələ ilə bağlı mövqeyimiz təbii ki, qəti oldu. Onlar da bunu bilib, geri çəkildilər. Bilsinlər ki, yenidən belə hal təkrarlansa, mövqeyimiz dəyişməz olaraq qalacaq.

sia.az

Digər xəbərlər