Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mərkəzi şurasının üzvü, Əli Orucovun SƏS TV-yə müsahibəsi:
- Ölkədə seçki öncəsi ictimai-siyası vəziyyəti və əhalinin seçkilərə münasibətini necə dəyərləndirmək olar?
- Bildiyiniz kimi, Azərbaycanda artıq mühüm bir prosesə star verilib. Bu proses ölkə daxilində, eyni zamanda ölkə xaricində diqqət mərkəzindədir. Seçkilərin nəticələri hər bir vətəndaşın taleyində vacib rol oynayır. Kimin hakimiyyətə gəlməsi onların taleyini müəyyən edən əsas məqamlardan biridir. Mənim fikirimcə, bu nöqteyi nəzərdən cəmiyyət bu mövzuda daha aktiv fəaliyyət göstərməlidir. Biz seçki öncəsi cərəyan edən hadisələrə nəzər salsaq, iqtidar-müxalifət münasibətlərində fərqli baxışların olduğunu müşahidə edərik. Bu gün müxalifət düşərgəsinin müəyyən problemlərin həlli ilə məşğul olduğu halda, iqtidarda vəziyyət daha ürəkaçandır. İqtidar seçki prosesinə müxalifətdən daha çevik şəkildə hazırlaşır. Onlar öncədən öz proqramlarını quraraq, tam obyektiv şəkildə müəyyən olunmuş proqramla hərəkət edirlər. Lakin müxalifətdə bu ardıcıllığı müşahidə etmək olmur. Onlar seçkilərə pərakəndə və dağınıq şəkildə hazırlaşırlar. Seçkilərə az müddət qalmasına baxmayaraq, müxalifət vahid namizədini seçməkdə çətinlik çəkir.
- Əli müəllim, bildiyimiz kimi, "Milli Şura" deyilən qurum 18 avqust tarixində mitinq keçirdi. Sizcə, baş tutmadığı hesab edilən bu aksiya ilə "Milli Şura"nın iflasa uğradığını demək olarmı?
- Bizdə mitinq anlayışının daşıdığı məsuliyyətin fərqinə varılmır, mitinqə öncədən hazırlıq prosesi aparılmır. Nəzərinizə çatdırım ki, mitinq təkcə etiraz forması deyil, eyni zamanda güc strukturunun nə vəziyyətdə olduğunu müəyyən edən bir nümayişdir. Mənim fikrimcə, uzun müddət fasilədən sonra sözügedən mitinq onlar üçün olduqca aşağı bir göstərici idi. Azərbaycan Konstitutsiyasının 49 –cu maddəsinə uyğun olaraq, öncədən müvafiq icra strukturlarına xəbərdarlıq etməklə hərkəsin toplaşmaq, aksiyalar və yürüşlər keçirmək hüququ vardır. Bu bənddə eyni zamanda strateji obyektlərdən müəyyən olunmuş məsafə uzaqlığı ilə, öncədən təyin edilən ərazidə mitinqlərin keçrilməsinin mümkünlüyü qeyd edilir.
- Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyə hələ də tərəddüd edir. Bu baxımdan onun "Milli Şura"da oyun ondağını söyləmək olarmı?
- Onlar "Milli Şura"nı yaradarkən, vahid halda çıxış etmək iddiasında idilər. Lakin göründüyü kimi, burada pərakəndəliyin olduğu özünü açıq şəkildə birüzə verdi. Digər bir tərəfdən, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı vardı. Azərbaycan qanunlarına uyğun olaraq, ikili vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilməz. Onların bu məsələnin fərqinə nədən daha öncədən varmadığı şübhəli məqam olaraq qalmaqdadır. Göründüyü kimi, məhz buna görə də, Milli Şura bu gün bir sıra problemlərlə üzləşir. 2 gün bundan öncə Milli Şuranın rəhbərliyi 4 bəndlik memarandum imzaladı. Sözügedən memarandumda anlaşılmaz məqamların olduğu ortaya çıxır. Belə ki, orada deyilir ki, irəli sürülən namizədlərdən ən şanslısı seçkilərdə iştirak edəcək. Maraqlısı isə budur ki, ən şanslı namizədin hansı kriteryalarla müəyyən ediləcəyi bəlli deyil.
- Vahid namizədliyə Eldar Namazovun iddialı olduğu bildirilir. Sizcə, İsa Qəmbər və Əli Kərimli onun namizədliyini qəbul edəcəkmi?
- Səsləndirdiyiniz suala birmənalı olaraq cavab vermək olduqca çətindir. Çünki orada əsas oyun Eldar Namazovla İsa Qəmbər arasında cərəyan edir. Digər bir tərəfdən, Rəsul Quliyevin bir müddət öncə səsləndirdiyi fikir də onun namizəd olmaq istəyinin olduğunu ortaya qoyur. O, vahid namizəd olacağı tədqirdə, Azərbaycana qayıdacağını bildirmişdi. Bu kimi səslənən fikirlərə diqqət yetirsək görərik ki, orada hər bir şəxs vahid namizəd olmaq arzusundadır. Lakin mənim şəxsi fikrimə əsasən, Müsavat partiyasının başqanı İsa Qəmbər seçkiyə Milli Şuradan deyil, fərdi şəkildə, yəni Müsavat partiyasının namizədi olaraq qatılacaq. Bütün bu prosesləri nəzərdən keçirib, analiz edərkən aydın olur ki, Eldar Namazovun da hər kəs tərəfindən qəbul edilməsi, vahid namizəd kimi dəstəklənməsi qeyri-mümkündür. Az öncə də qeyd etdiyim kimi, orada hər kəs vahid namizəd olmaq həvəsindədir.
- Əli müəllim, Rəsul Quliyevin Milli Şuraya ünvanlanmış məktubu bu gün sosial şəbəkələrdə yayımlanıb. Orada bir çox məqamlara toxunulub. O cümlədən orada qeyd edilib ki, Müsavat başqanı demokratik qüvvələrə qarşı təxribat hazırlayır. Buna münasibətiniz necədir?
- Sözügedən iki partiya arasında münasibətlərin kəskin olduğu cəmiyyətə çoxdan məlumdur. Digər tərəfdən, "Milli Şura"nın iflasa uğrayacağı haqda məlumatlı olan İsa Qəmbərin öz partiyasının maraqlarını üstün tutması təbii haldır. İsa Qəmbər "Milli Şura"ya, sadəcə olaraq qınaq hədəfinə çevrilməmək üçün qoşulub. Eyni zamanda Rəsul Quliyevlə İsa Qəmbər bir-birlərinə şübhə ilə yanaşırlar. Onlar qarşılıqlı inamlarını itirərək, bir-birilərini hakimiyyətlə təmasda olmaqda günahlandırılar. "Milli Şura"nın tərkibində olan bu kimi çaxnaşmalar cəmiyyətin onlara qarşı inamını sıfıra endirir. Bu da ölkədə bərabər hüquqlu inkişafa əngəl törədir.
sia.az