Elman Nəsirli: "Azərbaycan nəhəng dövlətlərlə paralel dünya siyasətinə təsir etmək imkanını qazanıb"
Müsahibimiz siyasi elmlər doktoru, politoloq Elman Nəsirlidir
- Elman müəllim, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi seçilməsindən sonra respublikamızın, eləcə də, dost-qardaş ölkələrin maraqlarının Təhlükəsizlik Şurasında qorunmasında və təminatında rolunu hansı formada qiymətləndirmək olar?
- Bildiyiniz kimi, Azərbaycan 2011-ci ilin oktyabr ayını 25-də 155 leyhimizə səs verilməsi ilə BMT Təhlükəsizlik Şurasının 2 il müddətinə qeyri-daimi üzvü seçildi. Artıq ölkəmiz 2012-ci ilin may ayında bir dəfə Təhlükəsizlik Şurasına bir ay müddətinə sədrlik etdi. Azərbaycan nəhəng dövlətlərlə paralel dünya siyasətinə təsir etmək imkanını qazanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə 13 açıq, 16 qapalı iclas keçirilib. Eyni zamanda, may ayının 4-də Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının açıq iclasında beynəlxalq terrorizmlə bağlı məruzəsi oldu və o, iclasa sədrlik etdi.
- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində ikili standartlar mövcuddur. Bu, nə ilə bağlıdır?
- Baxmayaraq ki, bu gün BMT ən böyük universial beynəlxalq təşkilatdır, amma təəssüf ki, onun fəaliyyəti ikili standartlardan sığortalanmayıb. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının lazım gələndə çox ciddi işlək mexanizlərə malik olduğunun şahidi olmuşuq. Sonuncu dəfə BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı 19 və 73 saylı qətnamə qəbul etdi. Qətnamənin mürəkkəbi qurumamış Liviyaya qarşı NATO-nun hərbi əməliyyatları başladı. Yəni, tez bir zamanda qətnamə yerinə yetirildi. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə təəssüf ki, yerinə yetirilmir. Bir çox hallarda öz maraqlarından çıxış edərək, BMT Təhlükəsizlik Şurası bu və ya digər qətnaməsi ilə bağlı addımlar atır. Heç bir halda ikili yanaşmalar BMT-nin imicinə və nüfuzuna müsbət heç nə vəd etmir. Əksinə, ona çox ciddi xələl gətirir.
- Dünya birliyinin və beynəlxalq təşkilatların Azərbaycanın haqq işini müdafiə etməməsi nəticə etibarilə Azərbaycanı işğal altında olan torpaqlarını öz gücünə, yəni beynəlxalq prinsiplər müstəvisində həll etməyə məcbur edə bilərmi?
-Azərbaycan dövləti beynəlxalq hüquq prinsiplərinə və tarixi həqiqətə əsaslanaraq öz torpaqlarını azad etmək niyyətini ortalığa qoyub. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Amma dinc yolla bu münaqişənin həll olunmasına nail olmaq mümkün olmadıqda, beynəlxalq hüququn prinsiplərinə söykənərək, yəni BMT-nin Nizamnaməsinin 51 maddəsinə istinad edərək, torpaqlarını işğaldan azad edə bilər. Xatırlatmaq lazımdır ki, qanunlarda açıq şəkildə qeyd edilib ki, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Bu maddəyə istinad edərək, Azərbaycan digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi qərarlara əsaslanaraq, Dağlıq Qarabağ münaqişəsini istənilən yolla, eyni zamanda, hərbi yolla həll etmək hüququna malikdir. Bu, heç bir halda beynəlxalq hüquqa zidd deyil. Əksinə, bütün imkanlar tükəndiyi təqdirdə, ərazisi işğalda olan dövlətin öz torpaqlarını işğaldan azad etmək hüququ var və bundan da istifadə edə bilər.
GÜLYANƏ