PDF Oxu

Müsahibə

  • 1 231

Ziyafət Əsgərov: “Seçkinin taleyini Avropada həll etmirlər”

Ziyafət Əsgərov: “Seçkinin taleyini Avropada həll etmirlər”

SİA Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun ölkədə seçki öncəsi vəziyyət, mümkün təhlükələr və gözləntilər barədə publika.az-a saytına verdiyi müsahibəni təqdim edir:

"Bunlar qanun çərçivəsində yaşamaq istəmirlər"

- Belə məlumatlar yayılır ki, hökumət seçki öncəsi "dövlət çevrilişi" həyacanı yaratmaq və bununla da arzuolunmaz şəxsləri zərərsizləşdirmək istəyir. Misal üçün, "El" hərəkatınını rəhbərliyinin istintaqa cəlb edilməsi nümunə kim göstərilir. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

- Prokurorluq orqanlarına belə bir məlumat verilib. Bu işin araşdırılması da Azərbaycan konstitusiyasına və Cinayət Prosessual qanunvericiliyinə tamamilə uyğundur. Əgər məlumat daxil olursa, sözsüz ki, hüquq-mühafizə orqanları buna reaksiya verməli və araşdırmalıdır. Buna heç bir siyasi don geyindirmək lazım deyil.

- Ziyafət müəllim, xüsusilə seçki ərəfəsinə təsadüf edən bu səpkili hadisələrə daim siyasi don geyindirmək cəhdlərinin məqsədi nədir?

- Bunlar ümumiyyətlə qanun çərçivəsində yaşamaq istəmirlər. Dəfələrlə deyilib, izah olunub ki, Azərbaycan hüquqi-demokratik respublikadır. Azərbaycanda qanun şahdır və hər bir hərəkət qanun çərçivəsində edilməlidir. Bunlar isə qanunu sevmirlər, qanundan kənar hərəkətlər etmək istəyirlər ki, bu da keçməz. Hüquqi-demokratik dövlət qurulan Azərbaycanda qanunsuz hərəkətlərə yol verilə bilməz və bunun qarşısı mütləq qanuni yollarla alınacaq.

"Xarici media Azərbaycanın siyasi, iqtisadi, humanitar inkişafını görür və olanları yazır"

- Hökumətə qarşı belə ittihamlar da səsləndirilir ki, xarici medianın son günlər Azərbaycana qarşı tənqidi yazılar yazmaması, hakimiyyət tərəfindən onların satın alınması ilə bağlıdır.

- Tamamilə cəfəngiyat və boş fikirlərdir. Heç bir medianın satınalınmasından söhbət gedə bilməz. Sadəcə xarici media son illər Azərbaycanın siyasi, iqtisadi, humanitar inkişafını görür və olanları yazır. Azərbaycan həm regional, həm beynəlxalq layihələrin həyata keçirilməsində çox öncül yerlərdən birini tutur. Bunu da daxili, radikal müxalifət qısqanclıqla qarşılayır. Beləliklə, xarici mətbuata da böhtan atırlar. Əksinə ən çox qərəzli tənqidlər elə xarici mətbuatdan gəlir. Hesab edirəm ki, bunlar boş, mənasız və cəfəngiyatdır. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bunu qəbul etmək lazımdır. Bütün beynəlxalq layihələrdə, regional və daxili layihələrdə xüsusi paya və çəkiyə malik ölkədir. Belə fikirlərin heç bir əsası yoxdur.

- Son günlər siyasi məhbus məsələsi də gündəmə gəlib. Belə ki, seçki öncəsi hökumətin bir sıra məhbusu azad etmək istədiyi, bununla da seçkidə əlavə xalq qazanmaq məqsədinin olduğu haqqında informasiyalar yayılır. Azərbaycanda məhbuslara humanist davranışların fonunda belə fikirlər uyğun gəlirmi?

- Birincisi Azərbaycanda siyasi məhbus yoxdur. İkincisi bu işlərlə hüquq-mühafizə orqanları məşğul olur. Hüquq-mühafizə orqanları istintaq aparır, istintaqın nəticələrinə görə bu məsələlər də həllini tapır. Bunu seçki ilə əlaqələndirməyin heç bir mənası yoxdur. Tamamilə cəfəng fikirlərdir. Bu hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir.

"Bunların Azərbaycan xalqına hörməti varsa, xalqla işləməlidirlər"

- Milli Şura London səfərinə hazırlaşır. Seçki öncəsi belə səfərləri nə ilə əlaqələndirmək olar?

- Milli Şura deyilən qondarma bir təşkilatın nümayəndələri Avropaya səfərlərlə hazırlaşır. Bundan əvvəl isə Rüstəm İbrahimbəyov Amerikaya, Avropaya getdi-gəldi. Sonra Eldar Namazov getdi. Bu turist səfərləridir, gedirlər, gəlirlər. İndi bunların namizədi gedir. Bu onların öz işidir. Amma bir şeyi bilməlidirlər ki, seçkinin taleyini Avropada həll etmirlər.

Azərbaycanda bunu Azərbaycan xalqı həll edir. Əgər bunların Azərbaycan xalqına hörməti varsa, xalqla işləməlidirlər. Azərbaycan konstitusiyasına görə Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. Buna görə də xalqa işləmək lazımdır. Onlar bilirlər ki, xalq bunlara səs verməyəcək, onların kim olduğunu əla bilir. İndi başlayıblar Şərqdən, Qərbdən, ordan-burdan dəstək almağa. Dəstəyi Azərbaycan xalqından almaq lazımdır, seçkinin taleyini xalq həll edir. Hesab edirəm ki, bizim möhtərəm prezidentimiz İlham Əliyev yeganə namizəddir ki, dəstəyini xalqdan alır. Ona görə də inamla, uğurla ölkəmizi inkişaf etdirir. Qüdrətli dövlət qurmaq üçün ilk növbədə dövlət başçısı xalqa arxalanmalıdır. Bizim prezidentimiz xalqa həmişə arxalanıb və xalqın dayağını hiss edib. Hesab edirəm ki, əsl rəhbər belə olmalıdır. Xalqla işləməli, xalqın dəstəyini qazanmalı, xalqı üçün işləmələdir. Necə deyərlər xalqa söykənən dağa söykənər. Xalq da bunu görür və qiymətləndirir.

Bu müxalifətin isə xalqın içinə çıxmağa üzü yoxdur. Çıxıb xalqa nə deyəcəklər? Təsəvvür edin ki, 1993-cü ildən bu yana hansı oyunlardan çıxıblar. Dövlət çevrilişinə, dövlətin iqtisadi əsaslarını sarsıtmağa cəhdlər ediblər. Şükürlər olsun ki, bunların hamısının qarşısı alınıb. Artıq bir şeyi dərk etməlidirlər ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycanın fundamenti çox möhkəm təməllər üzərində qurulub və bunu heç kim sarsıda bilməz. Əgər belə cəhdlər olacaqsa, qanunun ciddiyyətilə onların qarşısı alınacaq.

- Bəs bu cür səfərlərin edilməsi kənar müdaxilə təhlükəsi yaratmırmı?

- Bunların xaricdən maliyyə dəstəyi alması, eləcə də digər yardımları qəbul etməsi Azərbaycan konstitusiyasına və Seçki Məcəlləsinə zidd hərəkətlərdir. Qanunvericilik belə şeyləri qəti qadağan edir. Heç bir namizəd xarici təşkilatlardan maliyyələşə bilməz. Belə hərəkətlər ciddi məsuliyyət yaradır və bunlar olacaqsa qanun qarşısında cavab verməli olacaqalar.

"Ermənistan hər cəhdlə çalışır ki, cəbhədə vəziyyəti gərginləşdirsin"

- Ziyafət müəllim, bir müddət öncə siz Ermənistanın seçki ərəfəsində cəbhədə gərginlik yaratmaq istəyinin olduğunu açıqladınız. Hazırda belə cəhdlər mövcuddurmu?

- Ermənistan həmişə bu yollarla əl atıb, bu gün də atır. Bu ondan xəbər verir ki, Ermənistan konstruktiv dialoqa hazır deyil. Ermənistan hər cəhdlə çalışır ki, cəbhədə vəziyyəti gərginləşdirsin. Bunun da günahını bizim boynumuza yıxır, dünyaya car çəkir ki, guya Azərbaycan tərəfi atəşkəsi pozub. Azərbaycan tərəfi atəşkəsə həmişə əməl edib, bu gün də əməl edir. Biz məsələnin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıyıq. Mən müsahibələrimin birində demişdim ki, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin pozulmasında Ermənistanın iki məqsədi var. Birincisi budur ki, Ermənistan əhalisinin diqqətini ölkədəki daxili problemlərdən ayırmaq. Bununla da, fikir formalaşdırırlar ki, görürsünüz Azərbaycan tərəfi atəşkəsi pozur. İkinci məqsəd isə beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfinin sülhə hazır olmadığını göstərməkdir. Amma tamamilə əksinədir. Biz həmişə demişik, bu gün də deyirik ki, məsələnin Madrid prinsipləri əsasında çözülməsinin tərəfdarıyıq. Ermənistan da bu prinsipləri qəbul etsin və danışıqlar masasına otursun. Qətiyyətlə deyə bilərəm ki, biz möhtərəm Prezidentin dediyi kimi, mütləq Dağlıq Qarabağa qayıdacağıq və bu məsələni mütləq həll edəcəyik. Amma istəyirik ki, bu sülh yolu ilə olsun. Əgər Ermənistan belə təxribatlarını davam etdirəcəksə, sözsüz ki, onun da cavabı müvafiq sürətdə veriləcək.

"Ərazi bütövlüyünü qəbul edirsinizsə, vətəndaşlarınızın Dağlıq Qarabağa getməsinə niyə şərait yaradırsınız?"

- Rusiyanın keçmiş kəşfiyyatçısı Anna Çapmanın Dağlıq Qarabağa qanunsuz səfəri göstərdi ki, Azərbaycan ərazilərinə belə səfərlər səngimək bilmir. Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən vətəndaşları bu ərazilərə qanunsuz səfərlər edirlər.

- Buna qədər çoxlu belə səfərlər olub. Biz bunları izləyirik və bunların hamısı qanunsuz səfərlərdir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə bəyanatlar veririk ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızsa, xahiş edirik buna əməl edin, vətəndaşlarınıza bu ərazilərə getməyə icazə verməyin. Bu Azərbaycanın ərazisidir. Kim Dağlıq Qarabağa getmək istəyirsə, Azərbaycandan icazə almalıdır. Rusiya da bizim ərazi bütövlüyümüzü qəbul edir. Belə olan halda sual olunur: bunu qəbul edirsinizsə, nə üçün vətəndaşlarınızın ora getməsinə icazə verirsiniz, şərait yaradırsınız? Biz belə halları qətiyyətlə pisləyirik. İstəyirik ki, gələcəkdə belə hərəkətlərə Rusiya vətəndaşları tərəfindən yol verilməsin.

- Hazırda gündəmdə olan digər məsələ Suriyadır. Artıq bu ölkəyə müdaxiləyə hazırlıq gedir və müdaxilədə Türkiyənin də iştirakı gözləniləndir. Azərbaycan Türkiyənin strateji müttəfiqi kimi bu məsələdə hansı mövqeyi tutacaq?

- Biz Türkiyə ilə strateji müttəfiqik, amma bu bizim Türkiyənin daxili işlərinə qarışmaq mənasına gəlməməlidir. Türkiyə ilə əlbəttə ki, qardaşıq, dostuq, amma daxili işlərinə qarışmırıq.

sia.az

Digər xəbərlər