Bahar Muradova: "Azərbaycandakı ictimai-siyasi vəziyyətə heç kim xələl gətirə bilməz"
Müsahibimiz Milli Məclisin Sədr müavini Bahar Muradovadır
-Bahar xanım, prezident seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycanda seçki mühiti kifayət qədər normal, sabit, şəfaf və qanun çərçivəsində formalaşıb. İstər seçkiyə start verilməzdən əvvəl, istərsə də seçki mərhələsində bütün proseslər öz axarı ilə gedir. Hökümət tərəfindən seçki prosesinin həm aktiv, həm passiv iştirakçılarına öz fəaliyyətlərini günün tələblərinə uyğun qanun çərçivəsində bərabər şəraitdə, bərabər mühitdə qurmaqda bütün imkanlar yaradılır. Seçki prosesində qüvvələrin nisbəti, iştirakçıların imkanları, onlara olan münasibətin konturları müəyyənləşir. Yəni demokratik cəmiyyətdə yaşayan hər bir vətəndaşımızın seçib, seçilmək hüquqları bərabər şəkildə müdafiə olunur.
-Cəmiyyətdə müsbət seçki əhval-ruhiyyəsinə bəzi qüvvələr xələl gətirməyə, pozuculuq aktalrı törətməyə çalışırlar. Bu qüvvələrin arxasında hansısa xarici dairələrin olduğunu söyləmək olarmı?
-Azərbaycanı istəməyən, əldə etdiyi uğurları gözü götürməyən qüvvələr hər zaman olub. Bu insanlar hər zaman pozuculuq aktları törətməyə cəhdlər edib. Amma onlar o qədər gücsüz, zəif şəkildə olub ki, prosesə hansısa bir xələl gətirə bilməyiblər. İstənilən qanundan kənar fəaliyyət, dövlətin maraqlarına zidd bir hərəkət, insanların öz imkanlaraına uyğun olmayan iddiaları, tələbləri və bu iddiaları reallaşdırmaq istiqamətindəki işləri yolverilməzdir. Bu cür hərəkətləri normal, demokratik, hüquqi, müsbət əhval-ruhiyyədə olan ictimaiyyət də dəstəkləmir və görmək istəmir.
Bir məqama da toxunmaq istərdim ki, Azərbaycanın daxilində olan, dövlətçiliyimizə xələl gətirmək istəyən qüvvələrlə bəzi xarici qüvvələrin fəaliyyəti, maraqları uyğun gəldiyindən bəzən onlar sinxron bir xarakter alır. Bu insanlar şəxsi maraqlarını dövlət və milli maraqlarından qat-qat üstün hesab edir. Bəzi xarici dairələr özlərini bu insanların arxasında dayanan qüvvə kimi təqdim etmək istəyir və onların vasitəsilə öz maraqlarını ölkəmizdə reallaşdırmaq cəhdlər göstərirlər. Belələrinə cəmiyyətimizdə hər zaman adekvat mövqe olub və Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti ölkə daxilindən, eləcə də ölkə xaricindən dövlətimizin imicinə ziyan vuran, onun nüfuzunu korlamaq istiqamətindəki hərəkətləri hər zaman pisləyib, ona qarşı öz mövqeyini açıq şəkildə ortaya qoyub. Hazırki seçki prosesi də daxil olmaqla heç bir xarici və ya daxili müdaxilələr Azərbaycanı tutduğu mövqedən döndərə bilməyəcək. Azərbaycandakı ictimai-siyasi vəziyyətə heç kim xələl gətirə bilməz.
-"Milli Şura" deyilən qurum sona qədər Rüstəm İbrahimbəyovu müdafiə etmədi. Sizin fikrinizcə bunu nə ilə əlaqələndirmək olar?
-Bu qurum yarandığı vaxtdan iflasa uğrayacağı, hansısa konkret nəticələr ortaya qoya bilməyəcəyi barədə proqnozlar reallığa çevrildi. Çünki bu qurumu yaradanlar bir neçə il öncə buna bənzər qurum yaradan və iflasa uğradan, siyasətə təsadüfən gəlmiş, sonradan bu siyasətdə nəyin bahasına olursa olsun qalmaq iddiasında olan adamlardır. Hər kəsə məlumdur ki, bu şurada Azərbaycan siyasətində heç bir söz sahibi olmayan, sosial dayaqlardan məhrum, narazı bir qrup toplaşıb. Özlərinin şəxsi və qrup iddialarını reallaşdırmaq imkanından məhrum narazı qrupda vəziyyət hətta o həddə çatır ki, bir-birlərini təhqir edir, nifrət hədəfinə tuşalyırlar. Bunlar cəmiyyətin rəğbətini qazanmaq, onların fikirlərini özlərinin məqsəd və maramlarına qarşı yönəltmək cəhdləri hər zaman nəticəsiz qalıb. Bu qrumu yaradan insanların bir-birlərinə olan qeyri-səmimiliyi, tutduqları yola, qarşılarına qoyduqları hədəflərə çatmaq istiqamətindəki səriştəsizlikləri, xarici qüvvələrə arxalanmaları, öz mənafelərini güdmələri, dırnaqarası şuranın əvvəlcədən iflasa uğrayacağını göstərirdi. Siyasətdə tamamilə naşı, heç bir siyasi düşərgəyə mənsub şəxsin qrumdakıları yarı yolda qoyacağı əvvəlcədən məlum idi. R.İbrahimbəyov öz maraqları naminə bir-birlərini parçalaya biləcək münasibətə malik insanları heç vaxt bir araya gətirən fiqura çevrilə bilməzdi. Bu qurumun xarici dairələrin layihəsi olduğu fikri ilə bir-birlərini ittiham edənlər və sonradan bu layihəni özlərinin maraqlarına uyğun döndərdiklərini deyib, sinələrinə döyən insanların nə qədər cılız, məntiqsiz bir fəaliyyət seçdikləri göz önündədir. Ona görə də R.İbrahimbəyovun aqibəti belə də olmalı idi. Azərbaycandakı ictimai-siyasi mühiti senariləşdirmək R.İbrahimbəyov kimilərinin vəzifəsindən qat-qat çətin bir vəzifədir. R.İbrahimbəyov heç "Milli Şura"nın fəaliyyət senarisini yaza bilmədi. Onun "vahid namizəd" olduğu bir zaman "dubl namizəd" məsələsi ortaya çıxdı. Bu qurumdakılar üçün R.İbrahimbəyov suda boğulana saman çöpü timsalında dayanırdı.
İntizarə Məmmədova