Yasamallılar prezidentliyə real namizəd kimi yalnız İlham Əliyevi görürlər
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun SƏS TV-yə müsahibəsi:
- Fikrət müəllim, Prezident İlham Əliyevin 10 illik fəaliyyətini necə qiymətləndirirsiniz və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı seçkilərə necə hazırlaşır?
- Prezident seçkiləri taleyüklü məsələdir. Çünki biz gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyimizi müəyyənləşdirməliyik. Azərbaycanın abadlaşması, yolların çəkilməsi, regionların hərtərəfli inkişafı, Prezident İlham Əliyevin 10 illik fəaliyyətinin nəticəsidir. Azərbaycan beynəlxalq aləmdə Prezident İlham Əliyevin məntiqli və kəsərli çıxışları hesabına böyük nüfuz qazanıb. Ümumummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliyi, İlham Əliyevə göstərdiyi etimad bu gün də özünü doğruldur. Prezident İlham Əliyev hər zaman xalqın qayğısına qalır. Bu dediklərimi nəzərə alaraq Azərbaycan xalqını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıram. Seçkilərdə xarici müşahidəçilər də xalqımızın yaxşını pisdən ayıra bildiyinin şahidi olacaq.
Seçkidə iştirak edəcək müşahidəçiləri müəyyənləşdirmişik. Onlarla görüşlər təşkil ediləcək ki, seçkilərin aşkarlıq, demokratik və şəffaf keçirilməsini təmin etsinlər. Bundan başqa qrafik üzrə rayonumuzun sakinləri ilə görüşlər təşkil edirik. Dünən seçicilərlə növbəti görüşümüzü keçirmişik. Görüşlər zamanı çıxış edən seçicilərin fikirlərindən belə nəticəyə gəlmək olar ki, Yasamal sakinləri prezidentliyə real namizəd kimi yalnız İlham Əliyevi görürlər.
- Radikal müxalifətin seçkilərlə bağlı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Müxalifət inkişafın bir növ təkanverici qüvvəsidir. Əslində, müxalifət ölkədə gedən ictimai-siyasi proseslərə öz münasibətini bildirməli, görülən tədbirlərdə hər hansı bir problem varsa, bunu qabartmalıdır. Ancaq xarici qüvvələrin çaldığı havaya oynamaq heç kimə yaraşmaz. Buna görə də radikal və xalqına xəyanət edən müxalifəti qəbul edə bilmirəm. Siyasətçi hazırcavablığı, diplomatiyanı, idarəçiliyi bilməsi ilə yanaşı, kənardan özünə baxmağı bacarmalıdır. Mən bu keyfiyyətləri müxalifətdə görmürəm. Onlar yalnız özləri haqqında düşünürlər. Ölkənin, xalqın inkişafı onları qəti maraqlandırmır.
sia.az