"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SİA-ya müsahibəsi:
- Ötən gün beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər, o cümlədən də ATƏT/ DTİHB 9 oktyabr Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verdilər. Əksər müşahidəçilər seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini bildirsələr də, ATƏT-in müşahidə missiyası əks mövqe nümayiş etdirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Əslində, bəzi beynəlxalq təşkilatlarda olan ayrı-ayrı qruplaşmalar müxtəlif mərkəzlərin sifarişi ilə fəaliyyət göstərirlər. Bu, nəticə etibarı ilə həmin beynəlxalq təşkilatın imicinə böyük zərbə vurur. ATƏT-in müşahidə missiyasının mövqeyi tamamilə qərəzlidir. Ona görə ki, onlar hazırladıqları bəyanatla özlərini ifşa etdilər. Azərbaycanda hər kəs seçkinin necə obyektiv, şəffaf və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq keçirildiyinin şahididir. Əgər nüfuzlu bir beynəlxalq təşkilat bütöv bir xalqın siyasi iradəsinin əksinə olaraq bəyanat verirsə, öz mövqeyi ilə xalqa həqarət etmiş olur. Eyni zamanda, özünün beynəlxalq imicinə zərbə vurur. Beləliklə, bu təşkilat xalqımız tərəfindən obyektiv, ədalətli bir qurum kimi deyil, Azərbaycana təzyiq edən və müxtəlif maraqlara xidmət edən bir təzyiq qrupu kimi qəbul edilir. Seçki kimi emosianal, siyasi baxımdan həssas bir dövrdə xalqın iradəsinə hörmət etmək lazımdır. Müşahidəçilər tərəfindən hazırlanan hesabatlar da bu əsaslara uyğun, doğru, qərəzsiz şəkildə hazırlanmalıdır. Əks təqdirdə, bu cür beynəlxalq təşkilatın ömrü uzun ola bilməz, onlar fəaliyyət göstərdikləri və əməkdaşlıq etdikləri ölkələrdə öz nüfuzlarını qoruyub saxlaya bilməzlər.
- Necə düşünürsünüz 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir addım atmayan ATƏT-dən belə bir bəyanatın verilməsini öz eyiblərini ört-basdır etmək cəhdi kimi qəbul etmək olarmı?
- Biz bilirik ki, regionda hansı hadisələr baş verir. Ayrı-ayrı çox radikal və çox kəskin insan hüquqlarının pozulması ilə müşahidə olunan məsələlərə ATƏT-in necə münasibət bildirdiyini görürük. Ona görə də hesab edirik ki, ATƏT-in bu yanaşmasında ikili standart var. Biz gözləyirdik ki, ATƏT-in bəyanatında Azərbaycanın 20 faiz torpaqlarının işğal olunması və bu torpaqlardan köçürülən 1 milyon qaçqın və məcburi köçkünün öz torpaqlarında seçki hüquqlarından istifadə edə bilməməsi əksini tapsın. Düzdür, Azərbaycan hökuməti onlar üçün müvəqqəti dislokasiya yerlərində səs vermələri üçün hər cür şərait yaratmışdı. Amma təməl hüququ pozuntusu qalmaqda idi. Bu insanlar öz doğulduqları ərazidə səs verə bilmədilər. Yaxşı olardı ki, ATƏT-in bəyanatında bu, öz əksini tapaydı. Amma çox təəssüf ki, ATƏT bu cür məsələlərdən yan keçir. Əgər insan hüquqları ümumi bir standartdırsa, bu, hər bir vətəndaşa şamil olunmalıdır. Belə olan halda necə olur ki, ATƏT bir milyon insanın hüquqlarından danışmır, sadəcə hansısa qeyri-obyektiv əsaslarla, kimlər tərəfindənsə şantaj məqsədilə onlara verilən dəqiqləşdirilməyən arqumentlərə əsaslanmayan hesabat hazırlayır? Düşünürük ki, burada bir qərəz, doğru olmayan bir mövqe və yanlış yanaşma var. ATƏT də əmin olsun ki, bu cür yanaşma, yalnız təşkilatın özünə ziyan verir. Ona görə ki, Azərbaycan xalqının hər bir fərdi kimə səs verdiyini bilir. Bu mənada Azərbaycan xalqının siyasi vicdanı çox rahatdır.
- Necə düşünürsünüz, ATƏT bu hesabatdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycana təzyiq rıçaqı kimi istifadə edə bilərmi?
- ATƏT-dəki bəzi qruplaşmalar hər zaman hüququ və demokratiya məsələsində monopulyasiya edirlər. Bu da onlardan biridir. Dağlıq Qarabağ probleminin həll olunması məsələsi ortaya gəldikdə, ATƏT qeyri-müəyyən və monipulyativ mövqelər götərir, problemə loyal münasibət bəsləyir, beynəlxalq hüququn həyata keçirilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı konkret tələblər etmir. Biz bilirik ki, ABŞ-ın Təhlükəsizlik Şurasının xüsusi mandatı ilə ATƏT-in nəzdində Minsk qrupu yaradılıb. Lakin ATƏT rəhbərliyi bu qrupun fəaliyyəti ilə bağlı çox da narahat olmur. Neçə illərdir ki, bununla bağlı heç bir tədbir görülmür, addım atılmır. Ona görə də hesab edirik ki, seçki məsələsində monipulyativ mövqe göstərməklə ATƏT əslində Dağlıq Qarabağ məsələsini qabartmamaq üçün Azərbaycan hakimiyyətinə bir növ təzyiq etmiş olur. Bəlkə də bu hansısa siyasi auditoriyada keçərli ola bilər. Lakin biz bilirik ki, Azərbaycanda çox savadlı, beynəlxalq münasibətləri dərindən dərk edən, yeni kreativ əsaslarda formalaşan cəmiyyət var və bu cəmiyyət öz məqsədini, hüquq v azadlıqlarını çox gözəl bilir. 9 oktyabrda ölkəmizdə keçirilən seçkilərdə biz bir daha bunun şahidi olduq ki, Azərbaycanda siyasi aktivlik yüksək səviyyədədir. İnsanların hüquq və vəzifələrini hansı səviyyədə bilməsi seçki qutularında öz əksini tapdı. Bu, Azərbaycanın siyasi palitrasının gerçəyi, xalqımızın intellektual səviyyəsinin göstəricisidir. Azərbaycan xalqı öz iradəsinin göstərərək öz namizədini seçdi. Azərbaycan xalqının siyasi vicdanı bu gün çox rahatdır. Verdiyi səslərin nəticəsini rəsmi açıqlamada gördü. Bundan kənarda hansı beynəlxalq təşkilat, qurum və ya şəxs nə cür qərəzli bəyanat verirsə versin, bilməlidir ki onun verdiyi bəyanat yalnız öz əleyhinə işləyir. Ona görə də hesab edirəm ki, yaxşı olardı ki, ATƏT bundan sonra öz imicinin qeydinə qalsın.
sia.az