Azər–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının SƏS TV-yə müsahibəsi:
-Tənzilə xanım, Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı imzalanmış sazişlər iki ölkə arasındakı münasibətlərin inkişafına hansı istiqamətdə təsir göstərəcək?
- Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğundan bu kimi sazişlərin imzalanması məni o qədər də təəccübləndirmir. Görüş zamanı hər iki ölkənin prezidentləri də ən yaxın iki qardaş olduqlarını öz nitqlərində bir daha bəyan edib. Sözügedən görüşdə mənim diqqətimi Prezident İlham Əliyevin işlətdiyi bir ifadə daha çox çəkdi. O, dünyada Türkiyə ilə Azərbaycan kimi bir-birinə bağlı olan hansısa dövlətlərə rast gəlmədiyini bildirdi. Bu nitqi ilə Cənab Prezidentimiz iki ölkə arasında mövcud olan qardaşlıq münasibətinin daha dəqiq portretini yaratmış oldu. Görüş zamanı bağlanmış sazişlər də sözsüz ki, hər iki ölkə üçün olduqca əhəmiyyətli və zəruridir. Çünki Türkiyə və Azərbaycanın birgə fəaliyyəti onların qardaşlıq münasibətini özündə əks etdirən amillərdən biridir. Ən vacib layihələrdən olan TANAP-ın geniş müzakirəsi və bu barədə verilən mesajlar da diqqət çəkən məqamlardan biridir. Hətta Prezidentimizin özü də TANAP layihəsinin Avropada ən böyük layihələrdən biri olduğunu xüsusi vurğuladı. Cənab İlham Əliyevin çıxışı zamanı Dağlıq Qarabağla əlaqədar məsələyə də toxundu. O, səsləndirdiyi fikirlərdə çox ciddi mesajlar verdi. Bu mesajların içərisində ən diqqət çəkəni "Biz Ermənistanla münaqişənin həllində və bu ölkə ilə münasibətlərin tənzimlənməsində Türkiyəyə həddindən artıq güvənirik" deməsi oldu.
- Türkiyə və Azərbaycan arasında mövcud olan bu isti münasibət Dağlıq Qarabağ məsələsində hər hansısa bir yeniliyə səbəb ola bilərmi ?
- Əlbəttə, bu mütləq sözügedən münaqişənin həllinə gətirib çıxaracaq. Çünki Ermənistanın Azərbaycana göstərdiyi münasibət Türkiyəyə bəllidir. Ermənistanın Azərbaycana qarşı yürütdüyü haqsız siyasət və yanlış mövqe Türkiyənin Ermənistana qarşı soyuq münasibəti ilə müşayiət olunur. Bu özünü xüsusi ilə Ermənistan-Türkiyə arasındakı sərhəd məsələsində də aydın şəkildə büruzə verir. Bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsi məni daha çox narahat edir. Bildiyiniz kimi, Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Bu danılmaz bir faktdır. Mövcud olan bu fakt həm düşmənlərimizə, həm də dostlarımıza bəyandır. Mən deyərdim ki, ölkə rəhbərinin çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə dəfələrlə toxunması və onu digər məsələlərdən daha da ön plana çəkməsi Türkiyə tərəfinə Ermənistan-Türkiyə sərhədlərinin açılmaması mövzusunda bir xatırlatma oldu. Mənə elə gələr ki, Türkiyə tərəfi ona ünvanlanan fikirlərin fərqinə vardı. Çünki Türkiyə mətbuatında sərhədlərin açılmasının, Ermənistanla münasibətlərin tənzimlənməsinin vacibliyi barədə tez-tez fikirlər səslənir. Bildiyiniz kimi 2009-cu ildə bu məslə daha çox gündəmə gəlmişdi. Lakin Prezident İlham Əliyevin ciddi etirazı və Türkiyədəki türk xalqının əzm nümayiş etdirərək göstərdiyi müqavimət bu məsələni dondurdu. Bununla da Ermənistan öz arzusunu həyata keçirə bilmədi. Bu məsələdən 4 il, yəni uzun müddət keçdiyinə görə, ermənipərəst qüvvələr ictimai rəyi dəyişdirməyə cəhd edirlər. Prezident İlham Əliyevin Türkiyəyə etmiş olduğu bu səfər məhz bu kimi məsələlərə son qoymaq üçün önəm kəsb edir. O, bu görüşlə Türkiyə-Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətinin zəruriliyini bəyan etmiş oldu.
- Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin Ali Dövlət Mükafatı" ilə, o cümlədən Türkiyə prezidenti Abdullah Gülün "Heydər Əliyev Ordeni" ilə təltif olunması barədə nə deyə bilərsiniz?
- Hər ikisi olduqca şərəfli ordendir. Mustafa Kamal Atatürkün Türkiyənin milli lideri olduğu kimi, Ulu öndər Heydər Əliyev də eyni ilə Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyətidir. Ulu öndər Heydər Əliyev Azərbaycanla yanaşı həmçinin Türk dünyasının Ümummilli lideridir. Məhz bu səbəbdən də Türkiyənin prezidentinin belə bir şəxsiyyətin adını daşıyan ordenlə təltif olunması onun üçün şərəfli və qürurvericidir. Cənab Prezident İlham Əliyevin də "Türkiyənin Ali Dövlət Mükafatı" ilə təqdim olunması mühüm hadisədir. Mən fenomen şəxsiyyət Heydər Əliyevin ilk dəfə Atatürkün adını daşıyan ordenlə təltif olunduğu zaman sevinc dolu anları xatırlatmaq istərdim. O zaman Ulu Öndərimiz demişdi ki, mən fəxr edirəm ki, Atatürkün adını daşıyan barış ordeni mənə verilib. İlham Əliyevin də belə bir ordenlə təltif olunması qardaşlığımızın möhkəmliyini bir daha sübut etdi.
sia.az