Mais Səfərli: "Eldar Namazovun İsa Qəmbərlə bağlı dediyi fikirlər reallığı əks etdirir"
Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir
- Mais müəllim, "Milli Şura"da ortaq məxrəcə gələ bilməyən partiyaların ayrı-ayrılıqda görüşlər keçirməyi planlaşdırması ixtilafları aradan qaldırmağa yardımçı ola bilərmi?
- "Milli Şura"da təmsil olunan partiyalar arasında çox dərin ziddiyyətlər mövcuddur. Son 20 ilin təcrübəsi göstərir ki, bu ziddiyyətləri aradan qaldırmaq qeyri-mümkündür. Bu, birbaşa həmin partiya rəhbərlərinin ambisiyaları ilə bağlıdır. Yəni, bu ambisiyalar bir-biri ilə ciddi şəkildə toqquşur və bununla da biri digərinə güzəştə getmir. Həmin partiyalarda ziddiyyətlər aradan qalxmayınca, o partiyalar arasında normal münasibətlərdən söhbət gedə bilməz. Sadəcə olaraq, partiyadaşlarının tələbi ilə onlar bu və digər birliklər yaradırlar. Lakin həmin birliklər sonradan tez bir zamanda dağılır. "Milli Şura"da cəmləşən partiyalar ayrı-ayrı şəxslərin maraqları ətrafında birləşən partiyalar mövcuddur. Yəni, hansısa bir idealoji platforma və proqram ətrafında formalaşmış partiyalar deyil. Bir sözlə, öz liderlərinin maraqlarına xidmət edən partiyalar olduqlarına görə, həmin partiyalar arasında da münasibətlər məhz şəxslərin, şəxsi münasibətləri ilə eyni səviyyədədir.
- Müsavatdan fərqli olaraq "El" hərəkatının sədri belə bir görüşün keçirlməsində maraqlı olmadıqlarını bildirməklə yanaşı, fikirlərini də İsa Qəmbərin qeyri-ciddi siyasi təkliflərlə çıxış etməsi ilə əlaqələndirib. Buna sizin münasibətiniz?
-"El" hərəkatının sədrinin belə bir fikri gerçəkliyi özündə əks etdirir. Yəni, bu fikir bir daha sübut edir ki, iki tərəfli görüşlər keçirmək və ikitərəfli görüşlərdə "Milli Şura"nın və yaxud "İctimai Palata"nın ömrünün uzadılması məsələlərini müzakirə etmək mümkün deyil. Sadəcə olaraq, bu, vaxt udmaqdır. Güya birlik tərəfdarı olmalarını onlar sübut etmək istəyirlər. Amma əslində çox gözəl başa düşürlər ki, bunun heç bir nəticəsi olmayacaq. Ona görə də, E.Namazov hesab edir ki, belə məsələlərə vaxt itirmək olmaz. Bu baxımdan Eldar Namazovun İsa Qəmbərlə bağlı dediyi fikirlər reallığı əks etdirir.
- Müsavat "Milli Şura"da təmsil olanları qurumdan gedəcəyi ilə hədələyir. Sizcə, Müsavat bu qurumdan gedərsə, nə baş verə bilər?
- Artıq "Milli Şura" öz ömrünü başa vurub. Yəni, "Milli Şura"ya nə ölkə daxili, nə də ölkə xaricində heç bir diqqət yoxdur. "Milli Şura"nın cəmiyyətdə nüfuzu kifayət qədər zəifdir. Bu baxımdan, Müsavatın "Milli Şura"da qalıb-qalmamasının və yaxud bu qurumun orada mövcud olub-olmamasının nə özləri üçün, nə də cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur.
- Müxalifətin hədəflərinin daha çox bir-birinə qarşı yönəlməsi və sıradan çıxarmağa çalışması onu deməyə əsas verirmi ki, müxalifətin formalaşması mümkün deyil?
- Müxalifətin bu cür vəziyyətə düşməsinin əsas səbəblərindən biri də məhz özlərinin bəyan etdikləri hədəflər uğrunda mübarizə aparmamalarıdır. Yəni, ilk növbədə bir-birləri ilə mübarizə apararaq, biri digərini siyasi səhnədən çıxarmaq məqsədi güdür. Hər bir partiyanın lideri çalışır ki, qarşısındaki bütün yolları aşsın və özü meydanda tək qalsın. Bu, belə də davam edəcəkdir. Çünki nə qədər ki, müxalifətdə təmsil olunan partiyalar ayrı-ayrı şəxslərin ətrafında mövcuddurlarsa, bu, belə də olacaqdır. Normal partiyalar ideyalar əsasında yaranmalıdır. Lakin müxalifətdə ayrı-ayrı şəxslərin ətrafında yaranmış partiyalar çoxluq təşkil edir. Yəni, partiya sədri nə düşünürsə, həmin partiyada təmsil olunan şəxs də o düşüncədə olmalıdır. Əgər həmin partiyada təmsil olunan şəxs öz liderinin qərarını qəbul etmirsə, bu halda ya onu həmin partiyadan uzaqlaşdıracaqlar, ya da onu öz mətbuatları vasitəsilə pis günə qoyacaqlar. Nə qədər ki, müxalifət düşərgəsində təmsil olunan partiyalarda bu cür ab-hava olacaq, həmin partiyaların daxilində hər hansı bir irəliləyişin olmasından söhbət gedə bilməz. Əksinə həmin partiyalar arasında düşmənçilik münasibətləri daha da artacaqdır. Əgər həmin partiyalar normal partiyalara çevrilmək və demokratizmi təmin etmək istəyirlərsə, partiyadaxili islahatlar aparmalıdırlar.
GÜLYANƏ