Rufiz Qonaqov: "AXCP-Müsavat qarşıdurması "Milli Şura"nın dağılacağından xəbər verir"
Müsahibimiz Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqovdur
- Rufiz müəllim, "Milli Şura" deyilən qurum yaradılan zaman güc mərkəzinə çevriləcəyi iddia olunsa da, sonrakı mərhələdə qurumun taleyi tarixin arxivinə atılan əvvəlki qurumlardan fərqlənmədi. Bunun səbəbini müxalifət liderlərinin cəmiyyət tərəfindən qəbul olunmaması ilə əlaqələndirmək olarmı?
- Yarandığı gündən "Milli Şura" daxilində müxtəlif çəkişmələr başladı. "Milli Şura"nın qısa zaman fəaliyyətindən sonra bəlli oldu ki, adı çəkilən qurumun tərkibində məhz lider olmaq problemi mövcuddur. O cümlədən, bu qurumda toplaşan siyasi partiyalar bir-birinə qarşı səmini münasibət yoxdur. Eyni zamanda da, həmin partiya rəhbərlərinin fikirləri bir deyil. Yəni, "Milli Şura" daxilində ciddi fikir ayrılıqları mövcuddur. Müsavat partiyasının məhz Rüstəm İbrahimbəyovun bu qurumun fəxri sədr seçilməsi məsələsində də öz prinsipial mövqeyini ortalıqa qoyması bir daha onu göstərdi ki, heç vaxt "Milli Şura" daxilində birlik olmayıb. Sadəcə olaraq, keçirilən prezident seçkilərində iştirak etmək üçün müxalifətçilər "Milli Şura"nı yaradıblar. Bu bir növ həm daxilə, həm də xaricə görüntü yaratmaq məqsədi daşıyıb. Yəni nümayiş etdirməyə çalışıblar ki, "gördüyünüz kimi biz müxalifət birləşdi və biz də varıq" demək ibarət idi. Lakin onlar yenə də öz istəklərinə çatmadı.
- Zamanında Əbülfəz Elçibəyin namizədliyini qəbul etməyən İsa Qəmbər Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun "vahid namizəd"liyini dəstəkləməsi müxalifət düşərgəsində anormal vəziyyətin hökm sürdüyündən xəbər verirmi?
- Ümumiyyətlə, hər bir partiyanın nizamnəməsinə uyğun öz namizədi olur. Bu baxımdan da, R.İbrahimbəyovun namizəd kimi irəli sürülməsindən Müsavat partiyası narazı qalmışdı. Ümumiyyətlə, R.İbrahimbəyovun fəaliyyəti qaranlıq və mətbuata açıqlamaları şübhəli məqamlarla zəngin olduğundan ona qarşı cəmiyyətdə də mənfi münasibət mövcud idi. Müsavat bunu dərk etsə də, müəmmalı tərəfin sifarişi əsasında açıq şəkildə R.İbrahimbəyovun namizədliyinə qarşı çıxa bilmədi. Yalnız mövqeni seçkidən sonra ifadə etdi. Bu da etirazla qarşılandı ki, nəticədə "Milli Şura"dan kütləvi istefalar baş verdi.
- AXCP-Müsavat qarşıdurması "Milli Şura"nın yaxın vaxtlarda dağılacağından xəbər verirmi?
- Əgər bir qurum daxilində bir-birinə müxalif olan qüvvələr varsa onun taleyinin sual altında olacağı şübhəsizdir. Bu baxımdan "Milli Şura"nın dağılacağı qacılmazdır. Nəzərə almaq lazımdır ki, bu qurum daxilində bir-birinə müxalif olan AXCP və Müsavat qarşıdurması mövcuddur. Ümumiyyətlə, "Milli Şura"nın gələcək taleyinin necə olacağı cəmiyyət üçün maraqlı deyil.
GÜLYANƏ