PDF Oxu

Müsahibə

  • 1 446

Mübariz Qurbanlı: “Hakimiyyət iqtidarla müxalifətin cəmiyyətdə gedən məsələlər barədə fikir mübadiləsi etməsində maraqlıdır”

Mübariz Qurbanlı: “Hakimiyyət iqtidarla müxalifətin cəmiyyətdə gedən məsələlər barədə fikir mübadiləsi etməsində maraqlıdır”

- Mübariz müəllim, ənənəvi müxalifət düşərgəsində baş verən ziddiyyət və qarşıdurmalar arxasında bəlli olanlarla yanaşı, görünməyən məqamlar var. Sizcə bu məqamlar hansılardır?

- Azərbaycanda fəaliyyət göstərən yetərli sayda müxalifət partiyaları var. Lakin bu partiyalar hamısı eyni dərəcədə, eyni istiqamətdə, eyni siyasi prinsiplərə söykənmir. Müxalifətin radikal deyilən bir qanadı var ki, onlar Azərbaycan müxalifətinin özünə əngəl olmaqdadırlar. Bu müxalif qanad Milli Şurada toplaşmış, cəmiyyətdə sosial dayağı olmayan dairələrdir. Milli Şurada olan dairələrin radikallığının nəticəsidir ki, onun içərisində zaman-zaman qarşıdurmalar, parçalanmalar baş verir. Müxalifət düşərgəsindəki daxili ziddiyyətlərin kökündə həmin müxalifətin radikal qanadının düzgün strateji xəttə malik olmaması dayanır. Vaxtilə hakimiyyətdə olan, ölkəni bərbad vəziyyətdə qoyub qaçanlar indi hakimiyyətə çatmaq üçün bütün vasitələri məqbul saydıqlarına görə milli maraqlara zidd hərəkətlərə yol verirlər. Bu zaman həmin partiyalarda olan bəzi qruplar bununla razılaşmır qarşıdurma yaranır və s.

Oraya toplaşanlar ayrı-ayrı maraqları olan qruplar olduğundan daxili çat tezliklə özünü büruzə verdi. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində bunlar hay-küylə Milli Şura deyilən perspektivsiz bir qurum yaratdılar. Məğlub olanlar bundan bir nəticə çıxarmaq istəməyənlər böyük iddialar ortaya qoymağa başladılar. Bununla da, bir çox səhvlər edən Milli Şura dağıldı, məhv oldu.

- Müsavat partiyasının Milli Şuradan ayrılmasından sonra AXCP üzvləri qarşı tərəfi iqtidara satılmaqda günahlandırır. Sizin fikrinizcə, bu iddia nə dərəcədə doğrudur?

- Müsavat partiyasının Milli Şuradan çıxması gözlənilən idi. Çünki, süni şəkildə yaradılan qurumun tərkibində olan Müsavat və AXCP arasında ziddiyyətlər var və bu da həmin radikalizmin təzahürüdür. Kimin hara işləməsi ilə bağlı əlimizdə tutarlı fakt olmadığından bu məsələləri özləri araşdırsalar yaxşı olar. Qarşılıqlı ittihamlar barədə heç nə demək istəməzdim.

- YAP-ın ümummilli məsələlər konteksində müxalifət partiyalarını dialoqa dəvət etmək ehtimalı varmı?

- Bəzi müxalifət partiyaları ümummilli məsələlərdə konstruktivlik nümayiş etdirməyiblər, hər zaman dağıdıcı mövqedən çıxış ediblər. Ümummilli məsələlərdə bu partiyaların destruktiv mövqeyi məhz onların iflasının məntiqi nəticəsidir. Bu səbəbdən də bu partiyalar cəmiyyətdə hər hansı bir dayağa malik deyillər. Bizim ümummilli marağımız tələb edir ki, daxildə olan bütün məsələləri xaricə çıxarmayaq. Bunlar isə hər hansı bir xarici qurum qarşısında Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üçün hər bir vasitəyə əl atırlar. Nəinki mənfi rəy yaradırlar, hətta erməni lobbisi ilə də anti-Azərbaycan mövqedən çıxış edirlər. Bununla bağlı onlarla fakt göstərə bilərik. Həm Müsavat partiyası, həm də AXCP anti-milli fəaliyyət göstərir, xarici dairələrin əlində alətə çevrilir, onların sifarişlərini yerinə yetirirlər. Bütövlükdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlər edirlər, Dağlıq Qarabağ, yurd-yuvalarından didərgin düşən qaçqın və məcburi köçkünlərlə bağlı hər hansı bir məsələdə də zaman-zaman bu partiyaların nümayəndələri destruktiv əməllərə yol verərək, müxtəlif çıxışlar ediblər. Eyni zamanda, xarici ölkələrdə erməni lobbi təşkilatları ilə görüşlər keçiriblər və ermənilərdən aldıqları informasiyaları daxili auditoriyada, öz nəzarətlərində olan mətbuat orqanlarında yaymağa çalışıblar. Ona görə də, bu cür hərəkətlər məqbul sayılmır və Azərbaycan cəmiyyəti də bunları pisləyir. Hesab edirəm ki, radikalizmin heç bir potensialı yoxdur, dağıdıcı mövqedə dayanan partiyalar tənəzzülə uğrayıblar və bununla da siyasi səhnəni tərk etməlidirlər. Onların yerini konstruktiv mövqedə dayanan partiyalar tutmalıdır. Azərbaycanda hakimiyyət iqtidarla müxalifətin cəmiyyətdə gedən məsələlər barədə fikir mübadiləsi etməsində maraqlıdır. Bu gün Milli Məclisdə tam dialoq mühiti mövcuddur. Cəmiyyətdə iqtidar müxalifət münasibətləri sivil qaydada davam edir. Lakin radikallar bu prosesə ziyan vurur və öz əməlləri ilə siyasi gedişata xələl gətirirlər. Bunların hər hansı bir əməli ölkəmizdə dəstəklənə bilməz.

İntizarə Məmmədova

Digər xəbərlər