Millət vəkili Tahir Rzayevin SİA-ya müsahibəsi:
- Tahir müəllim, Azərbaycanla Ermənistan arasında 1994-cü ildə bağlanan sülh müüqaviləsinin müddəti bu ilin may ayında başa çatır. Sizcə, bu amil sülh danışıqlarına necə təsir göstərəcək?
- İnanmıram ki, sülh müqaviləsinin müddəti başa çatandan sonra hansısa aqressiv addım atılsın. Ən azı, Azərbaycan tərəfi 20 ildir nümayiş etdirdiyi ədalətli mövqeyini yenə ortaya qoyacaq. Amma Ermənistan tərəfi bu illər ərzində həmişə atəşkəs rejimini onsuz da pozub, sülh müqaviləsinə məhəl qoymayıb. Həmçinin, beynəlxalq hüquq normalarına da tam hörmətsizliklə yanaşıb. Ermənistan bundan sonra da, özünün mövqeyini dəyişməyəcək. Əslində mən bu məsələyə başqa cür yanaşmağın tərəfdarıyam. Qarabağ probleminin həlli Rusiyanın əlindədir, ancaq həll eləmir. Rusiya istəsə, Qarabağ problemini bir günün içində həll edər. Ermənistanın bütün imkanları sıfra bərabərdir, Azərbaycanla müqayisə olunmayacaq dərəcədə zəifdir.
- ATƏT-in Minsk qrupunun fəaliyyətində sizcə nə kimi dönüş olmalıdır?
- Əvvəla, deyim ki, ATƏT-in Minsk qrupunun faktiki işləri nədən ibarətdir, bilinmir. Onların görüşləri də, səfərləri də yığıncaq keçirmək, söz demək, hesabat hazırlamaq xarakteri daşıyır. Minsk qrupunun fəaliyyətində o zaman dönüş ola bilər ki, onun tərkibində dəyişiklik edilsin. Rusiya və Fransa açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyur. ABŞ isə konkret bir söz demir. Minsk qrupunun tərkibində demokratiyadan danışıb əslində demokratiyaya zərbə vuranlar yox, Türkiyə kimi dünyaya ədalət nümayiş etdirən dövlət təmsil olunmalıdır.
- Azərbaycan Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdi. Bu, ölkəmiz üçün hansısa bir şimal təhlükəsi yaradırmı?
- Azərbaycan uzun illərdir ki, işğaldan əziyyət çəkir. Ermənistana da işğalçılıq siyasətini davam etdirməkdə, məhz Rusiya dəstək verir. Ancaq bu o demək deyil ki, Azərbaycan yalnız və yalnız sülh variantı üzərində dayanacaq. Bütün sülh potensialı tükənəndə Azərbaycan öz hərbi gücünü göstərəcək və torpaqlaırını işğaldan azad edəcək. Qarabağ kimi problemi kənara qoyub, yenidən hansısa hücum eşqinə düşməsini heç fikirləşmək də düzgün deyil. Azərbaycan BMT Baş Məclisində əsl ədalətli mövqe göstərdi və Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdi. Amma bu o demək deyil ki, Rusiya bizə qarşı hansısa pis niyyətə düşəcək. İlk olaraq həssas olmalıyıq. Rusiya bizim qonşumuzdur, uzun müdddət birlikdə yaşamışıq. Hesab edirəm ki, bu gün dünyada və regionda baş verən prosesləri nəzər alsaq, aqressivlik nümayiş etdirmək heç bir dövlətə heç nə qazandırmayacaq.
sia.az