"Birinci rübün yekunlarını qiymətləndirsək, nəticənin nikbin olduğunu görərik"
İqtisadçı-ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Vüqar müəllim, cənab prezident 2014-cü ilin birinci rübünün yekunlarına dair müşavirə keçirib. İlk öncə müşavirə ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Bildiyiniz kimi müşavirə birinci rübün iqtisadi yekunları ilə bağlı idi. Bütövlükdə birinci rübün yekunlarını qiymətləndirsək, nəticənin nikbin olduğunu görərik. Ümumi daxili məhsulda (ÜDM) artım tempi 2,5 faizdir. Eyni zamanda bu artım özünü qeyri-neft sektorunda da göstərir. Bu da inkişafın neft sektorundan qeyri-neft sektoruna keçməsi deməkdir. Məsələn, 2010-cu ildən etibarən Azərbaycanda ümum daxili məhsuldakı artım tempinin qeyri-neft sektoru üzərində formalaşması müşahidə edilir. Nəzərə alsaq ki, 2010-cu il qeyri-neft sektorunun hasilatının pik dövrü kimi qiymətləndirilir. Birinci rübün yekunlarında Azərbaycanda həm əmək haqlarındakı 8 faizlik artım tempi, həm də gəlirlərin artması ilə əlaqədar olaraq əhalinin banklardakı depozitləri 20 faizdən çox olub. Bütövlükdə makro-iqtisadi göstəricilərə diqqət yetirsək Azərbaycan birinci rübü 53 milyard dollarlıq rezervlə başa vurdu. Təbii ki, bu da kifayət qədər böyük göstəricidir və ÜDM-in 74 faizi deməkdir.
Nəzərinizə çatdırım ki, Azərbaycanın birinci rübün sonlarında xarici borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Praktiki olaraq bu da o deməkdir ki, Azərbaycan xarici borcun ÜDM-dəki payına görə qonşu və MDB dövlətlərində ən yaxşı nəticəyə malikdir. Ölkəmiz MDB məkanında xarici borcu ən az olan ölkədir. Bu rəqəm Azərbaycanda 8 faizi olduğu halda Rusiyada 35, Qazaxıstanda 65, Gürcüstanda 60 faizə yaxın, Ermənistanda isə 60 faizdən çoxdur. Birinci rüb artım tempinə görə yadda qaldı. Azərbaycanda orta aylıq əmək haqqının artması digər inkişaf etmiş ölkələrdə olduğu kimi dövlət sektorundan daha çox özəl sektora transfer edilir. Dövlət sektoru, eləcə də dövlət büdcəsi daha çox sosial layihə rolunu oynamaqdadır. Özəl sektor həm investisiyaların cəlb edilməsində, həm də əmək haqlarının artmasında aparıcı rol oynayır. Azərbaycan hökumətinin hədəfinə görə, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı özəl sektorun inkişafını stimullaşdırmalıdır. Beləliklə, özəl sektorun inkişafı birmənalı şəkildə həm əmək haqlarındakı artım tempinin qorunub saxlanılmasında, həm də daxili investisiyaların özəl mənbələr hesabına formalaşmasında böyük rol oynayacaq.
- Vüqar müəllim, inflyasiyanın faiz dərəcəsi nə qədərdir?
- Nəzərə alsaq ki, orta hesabla 2 faizlik inflyasiya artımı qeydə alınıb. Baxmayaraq ki, ötən illərin sonlarında qiymətlərin artırılması ilə bağlı Tarif Şurasının qərarı olub. Hətta güman olunurdu ki, qiymət artımlarında inflyasiya daha yüksək olacaq. Müsbət cəhətlərdən biri də odur ki, inflyasiyanı tənzimlənən həddə qoruyub saxlamaq mümkündür. İnflyasiyanın tənzimlənən olması qiymət artımlarına qarşı mübarizənin aparılmasına imkan verir.
- Ötən illə müqayisədə yoxsulluğun aşağı düşməsi istiqamətində hansı addımlar atılıb?
- Ümumiyyətlə, bu gün Azərbaycanda yoxsulluq səviyyəsinə nəzər yetirdikdə ölkədə yoxsulluq səviyyəsini Dünya Bankının meyarları ilə qiymətləndirmək olmur. Çünki, Dünya Bankının meyarlarına görə, kəskin yoxsul gündəlik gəliri 1,25 dollardan aşağı olanlar, yoxsullar isə gündəlik gəliri 2 dollardan aşağı olanlar hesab olunur. Ünvanlı sosial yardım proqramı Azərbaycanda aylıq gəliri 100 manatdan aşağı olanlar üçün nəzərdə tutulur. Lakin, Dünya Bankı 60 dollardan aşağı gəliri olanları yoxsul hesab edir. Bu da o deməkdir ki, Azərbaycanda yoxsulluq səviyyəsi olduqca aşağıdır, hətta yox səviyyəsindədir. Azərbaycan üçün nəzərdə tutulan yoxsulluq səviyyəsində isə ötən illərlə müqayisədə sürətli şəkildə azalma müşahidə edilir.
- Azərbaycanda bankların sayı getdikcə artır. Son vaxtlarda bank sahəsində atılan və daha çox nəzərə çarpan addımlardan biri banklarda nizamlama kapitalının artırılması oldu. Digəri isə əhaliyə kreditlərin arayışsız verilməməyi məsələsidir. Sizcə, bu, bank sektorunda hansı nəticələrə gətirib çıxaracaq?
- Mərkəzi Bankın qərarına əsasən, kommersiya bankları nizamlama kapitalını 10 milyon manatdan 50 milyon manata qədər artırmalı və bu proses 2013-cü ilin sonunadək başa çatmalı idi. Lakin, Mərkəzi Bank bu prosesi 1 il müddətinə qədər uzadaraq, son tarixi 2014-cü ilin dekabr ayı olaraq müəyyənləşdirdi. Sözsüz ki, verilən bu müddət ərzində kommersiya bankları bu nizamnaməni həyata keçirməlidir. Nəzərə alsaq ki, Azərbaycan ərazi və əhali baxımından kiçik ölkədir, bu səbəbdən 43 bankın olması say etibarı ilə çoxdur. Bu səbəbdən də bankların birləşməsi prosesi sürətlənəcək. Güman olunur ki, ilin sonuna qədər 10 bank digər banklara birləşəcək. Bundan əlavə, kreditlərin verilməsində azalmalar müşahidə olunacaq. Çünki, ölkə prezidenti də bankların daha çox real sektora kredit verilməsinin əhəmiyyətini bildirib. Bununla da praktiki olaraq 2014-cü ildə biznes kreditləşməsinə transfer ediləcəklər.
sia.az