Milli Məclisin deputatı Ayaz Orucov
- Ayaz müəllim, 15 iyun 1993-cü ildən başlanan yola qısa nəzər salaq. Qurtuluş bugünümüzün reallıqlarını özündə necə əks etdirir?
- Bu fakt inkaredilməzdir ki, müstəqilliyini yenicə əldə etmiş hər bir ölkənin qarşısında müxtəlif istiqamətli yollar dayanır. Hansı yolun müəyyənləşdirilməsi isə ölkə rəhbərinin siyasi təcrübəsini, iradəsini, idarəçilik qabiliyyətini nümayiş etdirir. Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durum hər kəsin yaddaşındadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı. Silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olurdu. Belə çətin məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da həmin dövrün səciyyəvi xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan Qurtuluşu özündə əks etdirir.
Artıq həmin tarixdən bizi 21 illik zaman fasiləsi ayırır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqillik yolunda ilk adımını atan Azərbaycanın gələcəyini düzgün müəyyənləşdirən yolu seçdi, dövlətçilik konsepsiyasını hazırladı. Ulu öndərin xalqın xilaskarı kimi təqdim olunması da onun hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dövlətinin, xalqının yaşadığı ağır durumdan xilas olmasından qaynaqlanır. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə insanlarda hakimiyyətə, ilk növbədə isə xilaskarlıq missiyasını öhdəsinə götürmüş ulu öndər Heydər Əliyevə inamı və məhəbbəti artırdı.
Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda dayanan əsas vəzifələr idi. Ulu öndərimiz bu vəzifələri düşünülmüş siyasət əsasında uğurla yerinə yetirdi, "Əsrin müqaviləsi" neft sazişlərinin imzalanmasını gerçəkləşdirərək Azərbaycanı dünyaya qovuşdurdu. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması fonunda yeni-yeni layihələr gündəmə gətirildi, gerçəkləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. "Əsrin müqaviləsi"nin əsas tərkib hissəsi olan BTC neft kəmərinin marşurutu ətrafında aparılan müzakirələrə, Azərbaycan dövlətinə bununla bağlı təzyiqlərin göstərilməsinə baxmayaraq, ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək, BTC marşurutunun seçildiyini bildirdi, bununla da Azərbaycan öz siyasətində müstəqil olduğunu, heç bir ölkənin diktəsi ilə oturub-durmadığını dünyaya nümayiş etdirdi. Müstəqiliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz təsirini göstərdi. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
Qurtuluşdan başlanan yol Azərbaycanın tərəqqi, dinamik inkişaf yolu oldu
Uğurlar biri-birini əvəzlədikcə daha yeni-yeni vəzifələrə yol açıldı. Möhtəşəm başlanğıc təbii ki, gələcəyin də möhtəşəmliyini şərtləndirmiş olur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkə vətəndaşları o illərin təsiri altında yalnız sabitlik, əmin-amanlıq, təhlükəsizlik barədə düşünür, arzuları da bu çərçivədən kənara çıxmırdı. Azərbaycanın dövlət müstəqiliyinin növbəti illərində isə arzuların miqyası genişləndi, Azərbaycanın iqtisadi qüdrətindən, möhtəşəm inkişafdan, regionun ən qüdrətli dövlətinə çevrilməsindən, güclü orduya malik olmasından, beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsindən danışdıq. Azərbaycanın bugünkü mənzərəsi keçilən yoldan daha qürurla danışmağa böyük əsas verir. Beləliklə, Heydər Əliyev yolu Azərbaycan xalqına arzuladığı bütün uğurları bəxş etdi. Həmin yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın bugünkü uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının da fəaliyyətinə toxunmaq lazım gəlir. Fəaliyyətini dövlətə, xalqa xidmət prinsipi əsasında quran Yeni Azərbaycan Partiyası daim Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına səy göstərib. Məhz bu xəttə sadiqlik partiyaya xalqın sevgisini günbəgün artırır. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir" tezisi hər bir dövr üçün aktuallığını qoruyur. Bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu ölkədə keçirilən seçki proseslərində uğur qazanmaqla bir daha təsdiqləyir.
- Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən daha mühüm bir məqama toxunmaq lazımdır. Ümummilli lider özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı…
- Ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini yada salmaq istərdik: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm." Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu etimadın nəticəsidir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın tutduğu bu yol ulu öndərimizin 21 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb. Bu yol Milli Qurtuluş yoludur. Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik."
Hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi. Son 10 ilin statistikasına diqqətə yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli məclisin deputatı, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi çətin, lakin şərəfli vəzifələri yerinə yetirəndə daim ölkəmizin gələcəyini düşünmüş, hər bir məsələyə milli maraqlar baxımından yanaşmışdır.
Təbii ki, əldə olunan uğurlar yeni-yeni vəzifələri gündəmə gətirir. Çünki dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, əldə olunan uğurlar bizdə arxayınlıq yaratmamalıdır, daim yeni hədəflərə nail olmaq üçün səy göstərməliyik. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti ökə qarşısında duran qlobal vəzifələrə yönəldərək "Biz hər şeyə müvəffəq olacağıq" söyləmişdir. Gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan Prezident, ilk növbədə, ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasının vacibliyini qeyd etmişdir.
Prezident İlham Əliyev Ümummilli liderin layiqli davamçısı kimi Azərbaycanı daha parlaq üfüqlərə doğru aparır
Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir.
Cənab İlham Əliyevin hələ ölkə Prezidenti seçilməzdən əvvəl dediyi bir fikir Azərbaycanın hansı inkişaf istiqaməti seçəcəyinə aydınlıq gətirmişdir: "Biz neftdən əldə olunan gəlirləri hara gəldi sərf edə bilmərik. Bu pullarla gələcək nəsillər üçün yeni şəhərlər salmaq, yollar salmaq, zavod və fabriklər tikmək, neftlə bağlı olmayan yeni infrastruktur yaratmaq lazımdır. Çünki neft nə vaxtsa tükənir. Həmin proqram bu gün həyata keçirilərsə, gələcək nəsillər neft hasilatından və neftin dünya bazarında qiymətlərindən asılı olmayacaqlar. Beləliklə, neft bizim üçün məqsəd deyil, güclü iqtisadiyyat, güclü infrastruktur yaratmaq vasitəsidir." Proqram xarakterli bu fikir bu gün reallıqda öz əksini tapıb.
Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafın dinamikasına görə dünyada ön sıradadır.
Ötən 10 ildə Prezidentin həm andiçmə mərasimlərində, həm ölkə, həm də beynəlxalq tədbirlərdə çıxışlarında Azərbaycanın hərtərəfli inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında diqqətə çatdırılır. Bu illərdə əhalinin sosial vəziyyətinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılması, əmək haqları və müavinətlərin artırılması, məcburi köçkünlərin çadır düşərgələrindən normal şəraiti olan yeni binalara köçürülməsi, eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsi, demokratik ab-havanın beynəlxalq standartlara uyğunlaşdırılması və digər genişmiqyaslı işlərin görülməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir. Qlobal enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə artır. Bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfüz qazanır. Bu fikir vaxtilə "Əsrin müqaviləsi"nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycan təbii ki, bununla əsil söz sahibi olduğunu təsdiqləyir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətmizin uğurlu siyasəti nəticəsində bu problemimiz də öz ədalətli həllini tapacaq, Azərbaycan qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq. Azərbaycana beynəlxalq baxış, eyni zamanda dövlət başçısı İlham Əliyevin çöxşaxəli və səmərəli fəaliyyətinə verilən yüksək dəyər bu ümumiləşdirməyə əsas verir- Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası davamlı inkişafın yol xəritəsidir.
yap.org.az