Erməni faşizmi layiq olduğu cəzanı almalıdır

Milli Məclisin deputatı Sevinc Hüseynova
- Sevinc xanım, məlum olduğu kimi işğalçı Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Ölkəmiz həm hərb meydanında, həm də diplomatik cəbhədə uğurlar qazanır. Bu barədə sizin fikirlərinizi bilmək istərdik…
- Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti haqda məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycanın milli maraqlarından və haqlı mövqeyini çıxış edən dövlətimizin başçısı tarixi, hüquqi, siyasi amilləri önə çəkir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası da daxil olmaqla, beynəlxalq platformalarda tutarlı faktlarla çıxışları Ermənistanın məkrli niyyətini puça çıxardı. İşğalçı ölkənin lobbisinə və xaricdəki havadarlarına arxalanaraq özü üçün yenidən münbit informasiya mühiti yarada biləcəyi ilə bağlı xülyasını iflasa uğratdı. Bir sözlə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün müstəvilərdə - diplomatiya, hərbi və informasiya sahələrində erməni lobbisini və Ermənistanın havadarlarını məğlub etməkdə və uğurlar qazanmaqdadır.
Ermənilərin təbliğat maşınına zərbə vurulması prosesinin əsası illər əvvəl qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə və digər platformalarda tarixi faktlara əsaslanan məntiqi çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu həqiqətləri hüquqi, tarixi faktlarla çatdırmaq yüksək diplomatik məharət tələb edir. Dövlətimizin başçısı ermənilərin faşist mahiyyətini, yalanlarını ifşa edərək, onları mat vəziyyətinə qoyub. Bu gün diplomatiya cəbhəsində əldə etdiyimiz uğurlar məhz Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü fəaliyyətin nəticəsidir.
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu Aprel döyüşlərində, ermənilərin Tovuz təxribatında və ən nəhayət, sentyabrın 27-də düşmənin təxribatlarına əks-hücum əməliyyatlarında göstərdi. Biz həm diplomatiya, həm də hərbi sahədə güclü olduğumuzu sübut etdik. Ordumuz Cənubi Qafqazda ən güclü ordudur. Aparılan düzgün siyasətin nəticəsidir ki, bütün sahələrdə nailiyyətlərimiz var. Dünyanın demək olar ki, hər yerində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, diaspor təşkilatları həqiqətlərimizin dünyaya çatdırılmasına xidmət edir.
Azərbaycan Prezidenti düşmən ölkənin ölkəmizə qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi və bunu bütün dünyaya bildirdi. Dövlətimizin başçısı dediyi kimi, Azərbaycan güzəştə getməyəcək və öz ərazi bütövlüyü uğrunda sonadək mübarizə aparacaq.
- Humanitar atəşkəslə bağlı razılaşmaya baxmayaraq, Ermənistan tərəfi yenə də hərbi təxribatlarını davam etdirir. Gəncə şəhərinin ağır silahlardan atəşə tutulması nəticəsində insan tələfatı və dağıntılar baş verib. Həmçinin, Tərtərdə qəbristanlıqda dəfn mərasimində iştirak edən insanların atəşə tutulması nəticəsində dörd nəfər həlak olub. Buna münasibətiniz necədir?
- Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında Moskvada keçirilən görüşdə oktyabrın 10-dan etibarən humanitar atəşkəslə bağlı razılıq əldə olundu. Humanitar atəşkəsin ilk anından Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları davam etdirmələri, itirilmiş mövqelərini yenidən geri qaytarmaq üçün cəhdlər göstərmələri, yaşayış məntəqələrini, mülki əhalini atəşə tutmaları işğalçı dövlətin sülh danışıqlarına çağırışlarda riyakarlığını nümayiş etdirdi.
Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəyə raket hücumu Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Erməni vəhşiliyi nəticəsində aralarında azyaşlı uşaqlar olmaqla 10 mülki şəxs həlak olub, 40-a yaxın insan isə yaralanıb. Eləcə də sizin qeyd etdiyiniz kimi oktyabrın 15-də Tərtərdə məlum hadisə baş verib. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Mülki əhaliyə atəş açmaq insanlığa qarşı cinayətdir. Ermənistanın törətdiyi cinayət əməllərinin bugünədək cəzasız qalması yeni müharibə cinayətlərinə yol açır. Dünya baş verənləri görməzdən gəlib, heç nəyi eşitmək istəməsə də, ədalət deyilən məfhumun mövcudluğu bu seyrçi mövqelərə işıq salmaqla Ermənistana “dur” deməyə hər zaman çağırış edir. Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozması dünyaya, ən əsası bu razılığın əldə olunmasında vasitəçiliyi yerinə yetirən Rusiyaya hörmətsizlik kimi dəyərləndirilməlidir. İşğalçı dövlət bir tərəfdən dünya dövlətləri, nüfuzlu təşkilatlar qarşısında diz çöküb danışıqların bərpası ilə bağlı yalvarışlar edir, digər tərəfdən isə bu razılaşmanı pozur. Ermənistan hakimiyyəti bu kimi cinayət əməllərini davam etdirməklə beynəlxalq hüququn mövcudluğunu qəbul etmədiyini bir daha nümayiş etdirir. Ona görə də bu faşist rejimi layiq olduğu cəzasını almalıdır.
- Hazırkı vəziyyət Ermənistan daxilindəki sosial-iqtisadi və siyasi böhranı daha da dərinləşdirir. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün Ermənistan cəbhədə Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə məruz qalmaqla yanaşı, ölkə daxilində də dərin siyasi və sosial-iqtisadi böhran yaşanır. Ermənistanı uçuruma aparan baş nazir Nikol Paşinyana qarşı xalq tərəfindən böyük narazılıq var.
Onsuz da böhran vəziyyətində olan Ermənistanda vəziyyət cəbhə xəttində gedən döyüşlərdən və biabırçı məğlubiyyətdən sonra daha da kritikləşib. Digər tərəfdən, cəbhədə gedən döyüşlərdə çoxlu sayda insan itkisi Paşinyana qarşı böyük narazılıq və nifrət yaradıb. Ermənilər Paşinyanı düzgün siyasət aparmamaqda, Ermənistanı uçuruma sürükləməkdə ittiham edir. Hətta döyüşlərdə öldürülən erməni əsgərlərin valideynləri övladlarının ölümündə Paşinyanı günahkar görürlər, onu övladlarını bilə-bilə ölümə göndərməkdə ittiham edirlər. Paşinyan öz məkirli məqsədləri naminə insanları ölümə verməkdən, onları etiraz etmələrinə rəğmən zorla cəbhə bölgəsinə göndərməkdən çəkinmir.
Paşinyanın bu çirkin siyasətini başa düşən və onun qurbanına çevrilmək istəməyən ermənilər ölkəni tərk etməyə üstünlük verir. Məhz buna görə Ermənistanda 18-55 yaşa arasında olan kişilərin ölkədən sərbəst çıxmasına qadağa qoyulub.
Bu gün Ermənistanda sosial-iqtisadi vəziyyətdə böhran içərisindədir. Təkcə bir fakta diqqət yetirsən vəziyyətin nə qədər böhran içərisində olduğunu görərik. Belə ki, Beynəlxalq Valyuta Fondu Ermənistan Respublikasının xarici borcunun yüksək həddə olduğu qənaətindədir. 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 ABŞ dolları olub. Bu rəqəmlər ölkədə vəziyyətin nə dərəcədə ağır olduğunun göstəricisidir.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadığı halda ölkədə vəziyyət daha da dərinləşəcək. Ermənistanın Azərbaycanla uzun müddət müharibə aparmaq potensialı və resursları yoxdur. Artıq Ermənistan ordusunun çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edilib, erməni əsgərləri silahlarını atıb qaçır. Paşinyan Azərbaycanla müharibə etməkdə böyük səhv etmiş oldu və Ermənistanı daha da çətin vəziyyətə saldı.

yap.org.az