PDF Oxu

Siyasət

  • 364

Naxçıvanın payız küləyindən Zəfər zirvəsinə: Bir millətin yenidən doğuluş salnaməsi - ŞƏRH

Naxçıvanın payız küləyindən Zəfər zirvəsinə: Bir millətin yenidən doğuluş salnaməsi - ŞƏRH

Tarixin elə anları olur ki, zaman sanki nəfəsini saxlayır, bir xalqın taleyi nazik bir ipin ucunda yellənir və həmin o qaranlıq gecədə üfüqdən doğan bir işıq bütün gedişatı dəyişir. 1992-ci ilin payızı Azərbaycan üçün məhz belə bir sınaq, belə bir yolayrıcı idi. Bakının küçələrində siyasi xaosun, səngərlərdə isə səriştəsizliyin hökm sürdüyü, Şuşanın və Laçının işğal ağrısının hələ təzə-təzə qanadığı o günlərdə gözlər ümidlə qədim diyarımıza - blokada şəraitində yaşasa da, qüruru sınmayan Naxçıvana dikilmişdi
O zaman hələ çoxları bilmirdi ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda alovlanan o məşəl təkcə bir siyasi təşkilatın deyil, həm də bütöv bir dövlətin xilasının, gələcək Zəfərinin başlanğıc nöqtəsi olacaq.
1992-ci il oktyabrın 16-da ölkənin taleyinə biganə qala bilməyən 91 nəfər görkəmli ziyalı, elm və mədəniyyət xadimi tarixə "91-lər"in müraciəti kimi düşən o məşhur çağırışla Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ziya Bünyadov kimi akademiklərin, Xəlil Rza Ulutürk kimi mübariz şairlərin imzası ilə möhürlənən bu müraciət xalqın iradəsinin kağız üzərindəki təcəssümü idi. Oktyabrın 24-də Heydər Əliyevin bu müraciətə verdiyi müsbət cavab cəmiyyətdəki ümidsizlik buzunu əritdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı baş tutdu. Həmin gün partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Sonralar Ulu Öndər bu tarixi anı belə qiymətləndirəcəkdi: "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır." Bu kəlam zaman keçdikcə sadəcə bir şüar olmaqdan çıxıb, Azərbaycanın siyasi reallığının özünə çevrildi. YAP, yarandığı gündən etibarən xalqın içindən doğan ümumxalq hərəkatı kimi formalaşdı.
Bir partiyanı zamanın sınaqlarından üzüağ çıxaran onun ideoloji onurğa sütunudur. Yeni Azərbaycan Partiyasının Proqramında siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub ki, bunların hər biri müasir Azərbaycan dövlətçiliyinin yol xəritəsidir. Bu strateji xəttin başlanğıcında Heydər Əliyev yolu dayanır. Bu yol — böhrandan qurtuluşa, xaosdan sabitliyə uzanan dövlətçilik məktəbinin və milli maraqların sarsılmaz təməlidir. Məhz bu məktəbin işığında əldə olunan Müstəqillik hər şeydən uca tutulan ən böyük milli sərvətimiz kimi qorunur və möhkəmləndirilir. Dövlətimizin bu əbədi müstəqilliyini birləşdirən mənəvi güc isə Azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya dilindən, dinindən və yaşadığı coğrafiyadan asılı olmayaraq, bütün dünya azərbaycanlılarını vahid Vətən sevgisi və milli həmrəylik ətrafında birləşdirir.Güclü ideologiya güclü Dövlətçilik ənənələri ilə tamamlanır. Bu prinsip güclü hakimiyyətin, milli təhlükəsizliyin və ərazi bütövlüyü ilə suverenliyimizin etibarlı qorunmasının qarantıdır. Dövlətin sarsılmazlığı isə cəmiyyətdə Qanunun aliliyi prinsipinin təmin olunmasından keçir. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi hüquqi dövlət quruculuğunun əsas təminatıdır.
Müasir dünyanın sürətlə dəyişən reallıqları fonunda YAP Varislik və təkamül prinsipini əsas götürür. Bu yanaşma tarixi ənənələrə sadiqliklə yanaşı, dövrün tələblərinə uyğun davamlı yenilənməni və struktur islahatlarını özündə birləşdirir. Eyni zamanda, cəmiyyətdaxili münasibətlərdə Konstruktiv əməkdaşlıq və dialoq mühitinin təşviqi ölkədə siyasi mədəniyyətin yüksəlməsinə və milli birliyin daha da dərinləşməsinə xidmət edir. Partiyanın fəaliyyətində bütün siyasi və iqtisadi qərarların mərkəzində insan dayanır. Sosial ədalət və insan amili prinsipi hər bir vətəndaşın rifahının yüksəldilməsini, həssas təbəqələrin sosial müdafiəsini dövlət siyasətinin prioritetinə çevirir. Bu humanist yanaşma Azərbaycanda formalaşmış Multikultural cəmiyyət dəyərləri ilə vəhdət təşkil edərək, əsrlərdən gələn tolerantlıq, mədəni müxtəliflik və birgəyaşayış ənənələrinin dünyada nümunə kimi yaşadılmasını təmin edir. Nəhayət, bütün bu dəyərlər sistemini tamamlayan Demokratik ənənələrin inkişafı istiqaməti müasir siyasi institutların, azad medianın və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə yönəlib. Bir sözlə, bu 10 strateji istiqamət keçmişin təcrübəsi ilə gələcəyin hədəflərini birləşdirən, Azərbaycanı daha qüdrətli zirvələrə aparan vahid yol xəritəsidir.
1993–2003-cü illər Azərbaycanın dirçəliş salnaməsinə qızıl hərflərlə yazıldı. Cəbhədə atəşkəsin əldə olunması, "Əsrin müqaviləsi"nin imzalanması, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təməlinin qoyulması, hüquqi və dünyəvi dövlət quruculuğu - bütün bu nəhəng işlərin siyasi dayağı məhz Yeni Azərbaycan Partiyası idi. Ulu Öndərin uzaqgörənliklə söylədiyi "Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi" fikri illər ötdükcə öz həqiqətini bütün əzəməti ilə sübuta yetirdi. Çünki güclü dövlət olmadan güclü ordu, güclü siyasi iradə olmadan isə böyük qələbələr mümkün deyildi.
2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Seçildikdən sonra respublikanın həyatında yeni inkişaf mərhələsi başladı. 1995-ci ildə İlham Əliye həm də partiyamızın sədri oldu. Dövlət başşəsənən səriştəli, inamlı fəaliyyəti YAP partiyasına inamı dəfələrlə artırdı. Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi olan partiya bu gün sıralarında 769 811 üzvü birləşdirən nəhəng bir siyasi ailədir. Keçirilən bütün seçkilərin nəticələri xalqın YAP-a olan sarsılmaz etimadının göstəricisidir. 2021-ci ildə altı siyasi partiyanın YAP-a qoşulması isə ölkədə milli həmrəyliyin və siyasi dialoqun ən bariz nümunəsi oldu.
Tarix bəzən başladığı nöqtəyə daha uca, daha qürurlu bir zirvədən baxmağı nəsib edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpa olunması Azərbaycanı tamamilə yeni bir reallığa çıxardı. Bu il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VIII Qurultayı məhz bu qürurun təntənəsi idi. Qurultay tribunasından çıxış edən Prezident, YAP Sədri İlham Əliyevin sözləri otuz dörd illik bir yolun yekunu və yeni dövrün manifesti kimi səsləndi: "Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir."
Bu tarixi çıxışda dövlət başçısı partiya fəallarının fədakarlığını xüsusi qeyd edərək bildirdi: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var." Və gələcək hədəflərə işıq salaraq, dəyişməz kursu bir daha bəyan etdi: "Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır."
Bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində həyat yenidən canlanır, artıq on minlərlə insan öz doğma yurduna qayıdıb, ordumuzun qüdrəti və müdafiə sənayemiz öz gücümüz hesabına daha da möhkəmlənir.
1992-ci il noyabrın 21-də Naxçıvanda soyuq bir payız günündə atılan o toxum bu gün qol-budaq atmış nəhəng bir çinara çevrilib. O çinarın kölgəsində bütöv, suveren, qalib və qürurlu bir Azərbaycan dayanır. Dünənin sınaqlarından keçib bu günün Zəfərini qazanan Yeni Azərbaycan Partiyası indi gələcəyin daha qüdrətli Azərbaycanını qurmaq yolunda inamla irəliləyir. Çünki tarix sübut etdi: xalqın iradəsinə söykənən yol heç vaxt yarıda qalmır.

Vüsalə Xaməmmədqızı
YAP Zəngilan rayon təşkilatının fəalı

Digər xəbərlər