Müsahibə

  • 6 949

2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox əhəmiyyətli və xoş hadisələrlə yadda qalan il oldu

image

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı

-Mübariz müəllim, başa çatmaqda olan 2020-ci il ölkəmiz üçün mühüm hadisələrlə yadda qaldı. İlk olaraq fevral ayında keçirilmiş parlament seçkilərinin ölkəmizdə demokratiyanın və siyasi münasibətlərin inkişafı baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?
-İlk olaraq onu qeyd edim ki, son günlərini yaşadığımız 2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox əhəmiyyətli və xoş hadisələrlə yadda qalan il oldu. Ölkəmizin bütün sahələrdə inkişafı və dünya dövlətləri arasında mühüm yer tutması istiqamətində bir çox yeniliklərə imza atan dövlət başçısı qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində aparılan kadr islahatlarına xüsusi yer verdi. 2019-cu ildən başlanan islahatlar dalğası bu il də ilin əvvəlində keçirilən növbədənkənar parlament seçkiləri ilə davam etdi. Xalqın rifahının daha da yaxşılaşdırılması üçün dövlət strukturlarının yenilənməsi, rəhbər vəzifələrə, xüsusilə yerli özünüidarəetmə orqanlarına yeni, istedadlı insanların təyin edilməsi bir ölkənin taleyində çox vacib hadisədir. Bu il keçirilən parlament seçkiləri də ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə, demokratik sistemin daha da güclənməsinə töhfə vermiş oldu. Parlament seçkilərində indiyədək qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə apardı ki, bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisi idi. Habelə builki seçkilər ötən seçkilərlə müqayisədə qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiyanın təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar oldu. Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənildi. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatıldı. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq etdilər.
Bu parlament seçkiləri Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi kimi tarixə düşdü. Prezident İlham Əliyev seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacağını bildirib: "Bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır”.
Parlamentin fəaliyyəti vətəndaşlar tərəfindən də təqdir olunur. Bu parlamentdə də Azərbaycanın siyasi palitrası, müxtəlif siyasi partiyaları təmsil olunublar. Biz bu il bir çox məqamlarda parlamentdə təmsil olunan siyasi partiyaların birliyinin şahidi olduq. Bu da öz növbəsində ölkədə sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin inkişafının təmin olunduğundan xəbər verir. Elə məsələlər var ki, orada siyasi baxışların fərqliliyi qəbuledilməzdir. Vətənin təhlükəsizliyi, ərazi bütövlüyü, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi kimi məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalıdır.Bu il istər koronavirus pandemiyası, istərsə də 44 günlük Vətən müharibəsi dövründə parlamentin siyasi konfiqurasiyası milli məsələlərdə vahid bir platformanın mövcud olduğunu nümayiş etdirdi.
- 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunmuşdur. “Könüllülər ili” könüllülər hərəkatının təbliğində nə kimi rol oynadı?
- Könüllülük xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq, təmənnasız kömək, yardımlaşma ənənələrindən biridir. Bu qavram insanları vahid niyyət ətrafında birləşdirir, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu nümunəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi də Prezident İlham Əliyevin cəmiyyət-dövlət, xalq-dövlət münasibətlərinin mükəmməlləşdirilməsi istiqamətində, bu əlaqələrin, münasibətlərin daha da yaxşılaşdırılması üçün atdığı növbəti uğurlu addımlardan biridir. Bu prosesə gənclərin cəlb edilməsi isə onların fərdi inkişafına təkan vermək, sosial məsuliyyətlərini artırmaq, gənclərin potensialından xalqın rifahı naminə istifadə etmək məqsədi daşıyır, gənclərin daha da sosiallaşmasına, onların kommunikativ imkan və bacarıqlarının artmasına, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal təmsil olunmalarına, onların daxili mənəvi aləminin zənginləşməsinə, dünyagörüşlərinin genişlənməsinə, elmi-intellektual potensiallarının yüksəlməsinə birbaşa təsir edir.
Düşünürəm ki, 2020-ci il gənclərin könüllü olaraq öz potensiallarını sərgiləməsi baxımından çoximkanlı il oldu. İlin əvvəlindən ölkədə baş verən ictimai-siyasi proseslərdə gənclərin fəal iştirakı danılmazdır. Könüllülər istər parlament seçkiləri müddətində, istərsə koronavirus pandemiyasının hələ də davam etdiyi müddətdə, eləcə də böyük zəfərlə nəticələnən Vətən müharibəsinin getdiyi 44 gün müddətində öz fəaliyyətlərinin ən çətin, çətin olduğu qədər də şərəfli dövrünü yaşadılar. Əvvəlki illərdə daha çox beynəlxalq konfrans və tədbirlərin, simpoziumların, kütləvi idman, siyasi, mədəni tədbirlərin idarə edilməsi proseslərində, təşkilatçılığında gənclər öz bacarıqlarını nümayiş etdirmişdilərsə, bu il vətənpərvərlik, humanizm, azərbaycançılıq prinsipinə söykənilmiş fəaliyyətlətləri ilə gənclərimiz örnək olmağı bacardılar.
-2020-ci ilin əvvəllərindən bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası sürətlə yayılmağa başladı. Ölkəmizdə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri haqqında nə deyə bilərsiniz?
- Pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. İnfeksiyanın ehtimal olunan bütün ocaqlarını məhv etmək üçün ciddi səylər göstərilir, ölkə ərazisində virusa yoluxma ehtimalının minimuma endirilməsinə çalışılır. Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı artırılıb, modul tipli xəstəxanalar tikilib, pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb ki, adıçəkilən maliyyə dəstəyi tədbirləri beş milyona yaxın vətəndaşımızı əhatə edib. Eyni zamanda, tibb heyətinə dəstək və yeni növ koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq bir neçə ölkədən tibb mütəxəssisləri Azərbaycana dəvət ediliblər. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş ölkə Türkiyədən, eləcə də Rusiyadan, Kubadan, Çindən və İtaliyadan ümumilikdə 361 nəfər ölkədə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar.
Qeyd edim ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı rejimin mərhələli şəkildə sərtləşdirilməsi özünün müsbət nəticələrini göstərməkdədir. Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə istiqamətində ciddi addımlar ataraq əhalinin kütləvi şəkildə bu xəstəliyə yoluxmasının qarşısını almağa və onların sağlamlığını qorumağa çalışır.
Azərbaycan pandemiyaya qarşı mübarizədə həm də geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Cənab Prezidentin təşəbbüsü ilə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə görüşünü göstərmək olar. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürüb və bu təklif 150-dən çox dövlət tərəfindən dəstəklənib. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi. Azərbaycan bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak etdi. Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə aztəminatlı ailələrə yardım aksiyaları təşkil edir, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə dəstək olaraq müxtəlif tibb müəssisələrinə maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr verilir və bu istiqamətdə yardımlar davam edir.
Tam əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Dövlət başçısı MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında da bildirdi ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq və dövlət hesabına həyata keçiriləcək.
-Mübariz müəllim, bu il ərzində işğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı təxribatlar oldu. Tovuz təxribatı zamanı aldığı dərsdən nəticə çıxarmayan erməni tərəfi sentyabrın 27-də növbəti dəfə hərbi təxribat törətdi. Bu təxribatların qarşısını almaq üçün rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələndi. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...
- 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Azərbaycan dövləti erməni işğalçılarını torpaqlarımızdan qovmaqla bölgədə yeni reallıq yaratdı və 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı. Müharibənin gedişində hərbçilərimizin əhvali-ruhiyyəsinin və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunun və döyüş tapşırıqlarını böyük məharətlə yerinə yetirdiklərinin şahidi olduq.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiq edən tarixi hadisə oldu. Bununla da müharibənin ilk günlərindən etibarən Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü şərtləri Ermənistan hakimiyyətinin qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir.
Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız böyük qələbə möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Azğın, məkrli düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə çökdürən Prezidentimiz xalqımıza verdiyi vədə Böyük Lider kimi əməl etdi. Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan cənab Prezidentimizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu.
-30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərimiz işğalçılar tərəfindən tamamilə dağıdılıb. Bu baxımdan, tarixi-dini abidələr, məscidlərimiz də erməni vəhşiliyinə məruz qalıb. Bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün nə kimi addımlar atılır?
- Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib.
İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Azərbaycanın işğal altında olmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılıb, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia edir və bu niyyətlə məkrli addımlar atıblar. Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalıb. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurub, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirərək onun İran abidəsi olduğu iddia edilib.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan mənzərə düşmənin bu əraziləri tamamilə dağıtdığını göstərdi. Qədim yaşayış yerlərimizdə olan tikililər arasında dini abidələr, məscid və ziyarətgahlar da önəmli yer tutur. İşğala qədərki dövrdə aparılmış statistikaya görə, Ermənistan ordusunun işğalından azad edilən ərazilərdə tarixi-dini abidələrin sayı ümumən 403-dür. Onlardan 67-si məscid, 144-ü Alban irsinə aid məbəd və kilsə, 192-si isə ziyarətgahlardır, qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Bunlar yekun rəqəmlər deyil. Çünki sovetlər dövründə təyinatı dəyişdirilmiş dini ibadət evlərinin bu siyahıya düşmədiyi bildirilir. Hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır. İşğaldan azad olunmuş ərazilərdəki dini ibadət ocaqlarının hər biri bərpa olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev öz müsahibə və çıxışlarında dəfələlərlə bəyan edib ki, tarixi-mədəni, o cümlədən dini ibadət ocaqları bərpa olunub insanların istifadəsinə veriləcək. Bununla bağlı monitorinqlər aparılacaq, mövcud tikililərin texniki vəziyyəti qiymətləndirildikdən sonra onlar barədə qərar veriləcək.
Bu günlərdə bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını açıqladı. Bildirim ki, fəaliyyət göstərdiyi ilk gündən Heydər Əliyev Fondu Azərbaycanda tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində bir çox layihələr həyata keçirib. Qürurverici haldır ki, qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə başlanan layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək, işğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb.
- Son olaraq, 2020-ci ildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında nə deyə bilərsiniz? Bu il partiyamız qarşıya qoyulan vəzifələri hansı səviyyədə yerinə yetirdi?
- Ümummilli Lider Heydər Əliyevin qurucusu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası 2020-ci ildə də Azərbaycanın inkişafına öz layiqli töhfəsini verməkdə davam etdi. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur.
Partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. Həmçinin, Azərbaycanın intellektual səviyyəli, ən qabaqcıl insanları partiyamızda cəmləşib. YAP-ın bütün bölgələrimizdə yerli strukturları fəaliyyət göstərir. Bu partiya dialoq üçün cəmiyyətə daim açıq olan partiyadır. Eyni zamanda, YAP daxili demokratiyaya sahib olan partiyadır. Partiyamız həm də, nəsilləri özündə birləşdirir, onların vəhdətini təşkil edir. Ona görə də, YAP Ulu öndər Heydər Əliyevin dediyi kimi dünən, bu günün və gələcəyin partiyasıdır.
Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Prezidentimiz cənab İlham Əliyevin xalq qarşısındakı çıxışlarında səsləndirdiyi bütün fikirlər, verdiyi vədlər hər biri tam şəkildə yerinə yetirilib və yetirilməkdədir.
Qeyd edim ki, bütövlükdə, bu il partiyamız qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Fevral ayında keçirilən parlament seçkilərində inamlı qələbə qazanmaqla partiyamız bir daha ölkəmizin ən güclü siyasi qüvvəsi olduğunu təsdiq etdi. Bundan əlavə, YAP il ərzində nəzərdə tutulan müxtəlif təbdirləri, layihələri reallaşdırdı. Xüsusilə, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bir sıra layihələrin müəllifi oldu. eləcə də, Vətən müharibəsinin gedişi dövründə hərbi-vətənpərvərlik ruhunun güclənməsi, Ermənistanın hərbi cinayətlərinin dünyada ifşası və digər məsələlərlə bağlı partiyamız tərəfindən fəal işlər aparıldı. Hazırda qarşımızda dayanan əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasıdır. İnanıram ki, partiyamızın üzvləri bu prosesdə də fəal iştirak edəcəklər.

yap.org.az

Digər xəbərlər