Müsahibə

  • 5 508

2020-ci il Azərbaycan üçün çox böyük uğurlarla yadda qaldı

image

Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

-Sevinc xanım, 2020-ci il artıq tarixə qovuşdu. Sizcə, başa vurduğumuz il Azərbaycan üçün hansı uğurlarla yadda qaldı?
-Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq, regionda yeni gücə çevriləcək. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək.
Başa vurduğumuz 2020-ci il Azərbaycan üçün istər siyasi, istər diplomatiya, istər hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Ötən ilin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərdir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Məhz buna görə 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu.
Azərbaycan Prezidenti beynəlxalq birliyi Ermənistanın əməlləri barədə vaxtaşırı məlumatlandırırdı. Fevralın 15-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyan ilə debatda Prezident İlham Əliyev tarixi və hüquqi arqumentlərə əsaslanaraq Ermənistanın mövqeyini darmadağın etdi və Paşinyanı dünya ictimaiyyətinin gözü qarşısında məğlubiyyətə uğratdı. Eyni zamanda, iyunun 18-də Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində çıxışı zamanı Ermənistanın danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini qabartdı. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar etdi və bunun qarşısını almağa çağırdı. Beynəlxalq birliyin susqunluğundan daha da ürəklənən işğalçı Ermənistan isə yenə dayanmadı və sentyabrın 27-də qoşunların təmas xəttində daha genişmiqyaslı təxribata əl atdı. Lakin bu işğalçı ölkə üçün darmadağın və kapitulyasiya ilə nəticələndi.
-Sizcə, Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini şərtləndirən amillər nədən ibarətdir?
-Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Belə ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, 44 günlük müharibə günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı.
Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Bütün bu məsələləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də xalqa müraciəti zamanı bəyan etdi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Təbii ki, bu müharibənin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək.
Dövlətimizin başçısı dekabrın 31-də etdiyi müraciət zamanı gələcək hədəflərlə bağlı da fikirlərini səsləndirdi. Əminik ki, qarşıdakı dövrdə Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.
-Ötən ilin mühüm hadisələrindən biri də Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi oldu. Bu barədə nə deyə bilərsiniz?
- Ötən il 3-4 dekabr tarixində BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən Xüsusi sessiyası qlobal miqyasda çox mühüm hadisədir. Bu sessiyanın keçirilməsinin təşəbbüskarı özündə 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevdir. Təşkilata Sədrliyi həyata keçirən Azərbaycanın Prezidenti cari ilin may ayında qurumun Təmas qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə belə bir təşəbbüslə çıxış etmişdi. Cənab Prezidentin bu təşəbbüsü Qoşulmama Hərəkatının 120 üzvü tərəfindən dəstəkləndi. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə etmişdi.
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun Liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. İndiki həssas məqamda BMT Baş Assambleyasının Xüsusi sessiyasından gözləntilərin böyük olduğuna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb ki, Xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir.
Xüsusi sessiyada çıxış edən dünya ölkələrinin liderləri və digər nümayəndələr COVID-19 pandemiyası ilə mübarizənin önəmini vurğulaylblar. Aparılan müzakirələr bir daha Azərbaycan Prezidentinin təşəbbüsünün nə qədər böyük əhəmiyyət kəsb etdiyini təsdiqlədi.

yap.org.az

Digər xəbərlər