Müsahibə

  • 7 823

30 ilin nisgilinə son qoyuldu

image

Müsahibimiz Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahovdur

-Həmid müəllim, milli qürurumuzu özünə qaytaran, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi bir Azərbaycan vətəndaşı olaraq sizdə hansı hissləri yaratdı?
-Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu, milli qürur məsələsi idi. 30 ilə yaxın idi ki, torpaqlarımızın tarixi sahiblərinə qayıtmasını gözləyir, möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində tezliklə bu arzumuza, istəyimizə qovuşacağımıza əmin idik. Ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər, evləri, tarixi və dini abidələrimizi tamamilə yerlə-yeksan etmələri dünyaya açıq-aşkar bu reallığın təqdimatı idi ki, bu torpaqlar onlara məxsus deyil. Torpaq öz sahibinindir. Gec-tez o gün gələcək, ərazilərimiz tarixi sahiblərinə qayıdacaq və qayıtdi. Ölkə Prezidentimizin işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri və bu səfərlər zamanı müşahidə edilən bir məqamın dövlətimizin başçısı tərəfindən necə böyük qürurla, sevinc hissi ilə vurğulandığını qeyd etmək istərdim. O torpaqlarda havanın ani dəyişərək, günün çıxması sahibini gözlədiyini və bu gəlişdən sevinc hissi keçirdiyini təsdiqlədi. Bir Azərbaycan vətəndaşı olaraq Zəfərimizdən, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından qürur hissi keçirir, bizə bu sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm.Bu gün qazaxlıların bir sevinci də artıq gündəlik eşitdikləri atəş səslərini unutmalarıdır. Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixə qovuşub. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu Ermənistana elə bir dərs verib ki, tarix boyu onu unutmayacaq. İllərdir yaratdıqları "məğrur erməni ordusu" mifi tamamilə darmadagın edildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri daim irəli getdi, cəbhədən davamlı qələbə xəbərləri gəldi. Ordumuzun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı.Azərbaycan 30 ilə yaxın idi ki, tarixi həqiqətlərə, beynəlxalq hüquqa söykənərək sülh danışıqlarının səmərə verməsi üçün səylər göstərir, dünyaya haqqın, ədalətin kimin tərəfində olduğunu düzgün dəyərləndirməyə çağırışlar edirdi. Amma təəssüflər olsun ki, bu müddətdə işğalçı Ermənistana dəstək olan, onun təxribatlarına, qeyri-konstruktiv mövqeyinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymamasına göz yuman, bununla da münaqişənin həlli prosesinin uzanmasında Ermənistan qədər maraqlı olduqlarını təsdiqləyən dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar həqiqət anının gələcəyini unudurdular. Dövlətimizin başçısı İlham Əliyev daim ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bəyan edirdi. Azərbaycan hər bir sahədə gücləndi, faktlara əsaslanan təbliğatı nəticəsində münaqişənin həlli üçün möhkəm hüquqi bazanı formalaşdırdı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması dövlətimizi, xalqımızın sıbir kasasını doldurdu, möhtərəm Prezidentimizin "İrəli, Azərbaycan əsgəri" əmrinə cavab olaraq bütün vətəndaşlarımız dəmir yumruq kim birləşdi. Tarix yazan Azərbaycan əsgəri və Ermənistana layiq olduğu yeri göstərdi. 44 gündə 5 şəhər, 5 qəsəbə, 300-dən artıq yaşayış məntəqəsini işğaldan azad edən Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində öz gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Düşmənin illərdir qurduğu istehkamlar darmadağın, hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü. Silah-sursatlarını, hətta papaqlarını atıb qaçan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücü qarşısında acizliklərini etiraf etdilər. Azərbaycanın Zəfəri dünyaya səs saldı. Bu səs münaqişənin hərb yolunun olmadığını bildirən dövlətlərə, eyni zamanda, erməni ordusu barədə "məğlubedilməz" mifi yaradan Ermənistan hakimiyyətinə Azərbaycan Ordusunun nəinki işğalçı dövləti, həmçinin dünyanı hansı reallıqlarla barışmaq məcburiyyətində qoyduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, Ordumuz dünyanın ən güclü Ordusu kimi tarixə yazıldı.
-Ermənilərin döyüş meydanında məğlubiyyətləri ilə barışmayaraq insanlığa sığmayan əməllərini, dinc sakinləri raket atəşinə tutaraq terror aktlarını törətmələrini necə şərh edərdiniz?
- 44 günlük İkinci Qarabağ müharibəsi dövründə törədilən terror aktları erməni vandalizminin növbəti təzahürü idi. Ermənilər belə terror aktlarını ilk dəfə törətməyib. Tarix bu vəhşiliklərin bələdçisidir. 44 gün davam edən Vətən müharibəsində 100-ə yaxın mülki şəxs həlak olub, 400-dən artıq günahsız insan yaralanıb. Nə qədər dağıntılar baş verib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kmi, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq, Ermənistan üçün isə işğalçılıq müharibəsi idi.Ermənistan döyüş meydanında məğlubiyyətini həzm edə bilməyərək mülki əhalini atəşə tutub hərbi cinayətlər törədir, dünya bunu görüb yenə də susursa, artıq geniş şərhə ehtiyac yoxdur. Ermənistan müharibə dövründə üç dəfə humanitar razılaşmanı kobud şəkildə pozdu. İki dəfə Gəncə, sonra Bərdə raket atəşinə tutuldu. Günahsız insanların qisası döyüş meydanında alındı. Amma Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri ilə döyüşdü, mülki şəxslərə heç zaman atəş açmadı. Dünya bu fərqi görməzdən gəlməyə bilməz. Eyni zamanda, Azərbaycan Ordusu başqa dövlətin deyil, öz torpaqlarında döyüşdü. Möhtərəm Prezidentimiz İlham Əliyev 44 günlük müharibə dövründə xarici mətbuata verdiyi 30-a yaxın müsahibəsində, həmçinin xalqa müraciətlərində daim bildirirdi ki, mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir, Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!Azərbaycan öz humanistliyini 10 noyabr razılaşması əsasında Kəlbəcərin boşaldılması ilə bağlı vaxtın noyabrın 15-dən 25-dək uzadılmasında da nümayiş etdirdi. Ermənistan Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan əlavə vaxt istədi. Dünya ermənilərin azərbaycanlıları Kəlbəcərdən necə çıxardıqlarını xatırlasın, bununla parallel Azərbaycanın göstərdiyi humanistliyə diqqət yetirsin, onda bu müddət ərzində hansı xaini, cinayətkar dövləti müdafiə etdiyinin fərqində olar. Azərbaycan ermənilərə Kəlbəcəri boşaltmaları üçün əlavə vaxt verir, onlar bunun qarşılığında xislətlərinə uyğun olaraq vəhşiliklərini davam etdirərək evləri, meşələri yandırır, ekoloji terror aktları törədib tərk edirlər. Budur, erməni barbarlığının növbəti təzahürü. Dünya bunlara göz yumub erməniləri nə qədər "mədəni millət, xalq" kimi qəbul etməyə şalışsa da, bunun mümkünsüzlüyü göz önündədir. Çünki 44 günlük Vətən müharibəsi əsl həqiqət anı oldu.
-Həmid müəllim, artıq ölkəmizin həyatında yeni dövr başlayıb- quruculuq, bərpa dövrü. Prioritetlərə nəzər salmağınızı istərdik...
- Bu günümüzün mənzərəsi budur ki, Azərbaycan yeni reallıqlar yaradıb, bölgədə yeni əməkdaşlıq formatlarının təməli qoyulur. İşğaldan azad edilmiş torpaqlarımızın, dövlətimizin başçısı İlham Əliyev tərəfindənAzərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşamızın cənnət məkana çevrilməsi əsas prioritetlərdəndir. Bunun üçün həmin ərazilərdə yeni idarəçilik sistemini yaradılması istiqamətində addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş rayonlarda Prezidentin xüsusi nümayəndələri institutu formalaşır. İlk addım Qarabağın ürəyi olan Şuşamızda atıldı. Möhtərəm Prezidentimiz bu günlərdə Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etdi və hədəfləri diqqətə çatdırdı. Cənab İlham Əliyev, həmçinin fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsində prioritetlərlə yanaşı, hər bir dövlət məmurunun qarşısında dayanan vəzifələri bir daha onların diqqətinə çatdırdı. Bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə insanlara dünyaya nümunə olacaq şəraitin yaradılacağını diqqətə çatdırdı. Möhtərəm Prezidentimizin "Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin" çağırışı hər kəsin qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək tələbini qoyur. 44 günlük müharibə dövründə nümayiş etdirdiyimiz, birliyimizin, həmrəyliyimizin rəmzi olan dəmir yumruğumuz işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin tez bir zamanda başa çatdırmağımızı stimullaşdıracaq. Soydaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyir. Tezliklə həmin ərazilərimiz bərpa ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, həyat daha da canlanacaq, ölkəmizin dayanıqlı inkişafını təmin etmək üçün geniş imkanlar yaranacaq.

sia.az

Digər xəbərlər