MİA

  • 16 519

İnsan hüquq və azadlıqları Azərbaycan reallıqları kontekstində

image

XXI əsr insan hüquq və azadlaqlarının müdafiəsi "əsri hesab" etmək olmaz. Çünki dünyada baş verən təlatümlü hadisələri, qanlı terror aktları birbaşa insana və insanlığa qarşı çevrilmişdir. Bu baxımdan, Ziba Ağayevanın bu fikri maraq doğurur: "XX əsri fəlsəfədə insan, onun problemlərinə doğru çevriliş əsri də adlandırırlar. Məsələ onda deyil ki, XX əsr insan varlığının təməl sirlərini açan, "insan əsri" ola bilmədi. Bəlkə hələ XXI əsrdə də "insan əsri" ola bilməyəcək. Məsələ ondadır ki, insana varlığın mənəvi əsaslarına diqqətin vurğulanması, dünyadakı başlıca problemlərin də, onların həlli vasitəsinin də insan olduğu dərk edildi, yaxud başlanğıcı qoyuldu.

Bu problemlərin həllini maddiyatda, iqtisadiyyatda, texnikada görən baxışlardan tam fərqli bir mövqe idi. İnsanın da dünyanın da taleyinin mənəviyyat aləmindən, bilavasitə asılı olduğunun etiraf edilməsi idi.
Məhz XX əsrin humanist təlimlərinin təkan verdiyi dalğa, insan probleminin müxtəlif elmlərin təhlil obyektinə çevrilməsi ilə əks-səda verdi".
Azərbaycan reallığında insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Bu hüquqlara bütün liberal hüquqlar aid edilir: "Bu hüquqlar mütləqdir və konkret ölkənin inkişaf səviyyəsindən asılı deyil, yalnız insan şəxsiyyətinin suverenliyini və onun sərbəst seçiminə dövlət tərəfindən hörmətli münasibəti nəzərdə tutur" (A.İ.Solovyov).
Dövlət və cəmiyyət insana müəyyən rifah - əmək, təhsil, istirahət, sosial yardım hüquqları təqdim edir. Professor, millət vəkili Hikmət Babaoğlu bu tipli hüquqların təminatı haqqında yazmışdır: "Bu halda bu hüquqların təminatı, bilavasitə dövlətin sosial-iqtisadi inkişaf səviyyəsindən, siyasi sistemin demokratikliyindən, hakim dairələrin müvafiq dövlət siyasətinin real surətdə həyata keçirilməsində maraqlı olmasından və cəmiyyətin idarəetməsinin bu xarakterini təmin edə bilən dövlət qulluqçularının peşəkarlığından asılıdır. Aydındır ki, insanın sağlamlığının mühafizəsi hüququnun təmin edilməsi üçün inkişaf etmiş müalicə müəssisələri infrastrukturunun, sığorta kompaniyalarının və müvafiq maddi ehtiyatların olması zəruridir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, hətta bu ehtiyüatlar olsa belə, əgər dövlətdə hakim dairələr bu hüquqların reallaşmasında maraqlı olmasalar və yaxud bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsi üçün dövlət qulluqçularının lazımi bacarıqları yoxdursa, sosial yardımın bu növü formal bəyannamə olaraq qalar".
Azadlıq, fiziki və texniki şəxsi toxunulmazlıq insan hüquq və azadlıqlarının əsas tərkib hissələrindən biridir. Cəmiyyətdə mövcud olan sosial azadlığın bir forması olan siyasi azadlıq cəmiyyətin azadlığı ilə müəyyən olunur.
Hikmət Babaoğlu bir daha yazır: "Siyasi azadlıq xalq hakimiyyətinin həyata keçirilməsində, dövlətin və cəimiyyətin idarə olunmasında faktik sosial imkanların (azadlıqların) məcmusundan ibarətdir. Şəxsiyyətin siyasi hüquq və azadlıqları vəhdət təşkil etməklə cəmiyyətin siyasi azadlığının səviyyəsini səciyələndirir və onların reallaşması dərəcəsi cəmiyyətin iqtisadi rifah halından, siyasi rejimindən, siyasi mədəniyyəti və mənəvi həyatından, digər amillərdən asılıdır".
Azərbaycan Respublikası seçmək və seçilmək hüququ sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində islahatlar həyata keçirmişdir. Əli Həsənov göstərir: "2016-cı ildə konstitusiyaya əlavə və dəyişikliklər edildi:
* 23 maddəyə dəyişiklik, 6 maddə əlavə edildi;
* insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsaslar təkmilləşdirildi;
* səmərəli və çevik dövlət idarəçiliyi mexanizmi formalaşdırıldı;
* icra hakimiyyəti və icra intizamı möhkəmləndirildi;
* iqtisadi idarəetmə mexanizmi təkmilləşdirildi;
* qanunvericilik hakimiyyətinin fəaliyyətilə bağlı yeni tələblər müəyyən edildi;
* dövlətin təhlükəsizliyinə, cəmiyyətin sabitliyinə əlavə təminat yaradıldı.
Bundan başqa konstitusiyada:
* Prezidentliyə namizədlər üçün yaş senzi (35 yaş) aradan qaldırıldı;
* Prezidentlik müddəti 7 il müəyyən edildi".
Əli Həsənov yazır: "Belə bir dəyişiklik xalqın idarəsi ilə seçilmiş dövlət başçısına qarşıya qoyduğu proqram və məqsədləri vaxt baxımından uğurla reallaşdırmaq imkanı verir, ikinci bir tərəfdən isə, ölkəni mütəmadi olaraq, seçkilər keçirmək yükündən azad edir. Hazırda dünyanın bir çox ölkəsində prezidentin səlahiyyət müddəti 6 və ya 7 il müəyyən olunmuşdur və bu da normal qarşılanır. Belə bir dəyişikliyi, həm də Azərbaycanın yerləşdiyi coğrafiyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, eyni zamanda, qlobal təhdidlər diktə edir".
Eyni zamanda, konstitusiyaya 98-ci maddənin əlavə edilməsi nəzərdə tutuldu: "Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə, bu, konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır".
Əli Həsənov yazır: "Konstitusiyaya yeni 98-ci maddənin əlavə edilməsi parlamentin nəzəri cəhətdən iflic vəziyyətə düşməsinin mümkünlüyü ilə bağlıdır. Bu təhlükə tək parlament üçün yox, hər bir kollegial orqan üçün mümkündür. Belə olduğu halda, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısı kimi, Azərbaycan dövlətinin normal fəaliyyətini təmin etməlidir.
Əli Həsənov yazır: "Konstitusiyanın 103-cü maddəsinə təklif edilən əlavəyə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur (3). Vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğrultmuşdur. Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin, yeni institutun formalaşdırılması, ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir".
Qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni tələblər insan hüquqlarının təminatına bərabər imkanlar yaradılması prinsipi əsasında yanaşmanı ehtiva edir. Məsələn, yaş senzinin aradan qaldırılması ilə seçkidə iştirak etmək hüququ olan şəxslərə həm də seçilmək hüququ verilir. Bundan başqa, yüksək dövlət postlarına təyinata və eləcə də, seçkili orqanlarda təmsilçiliyə yaş məhdudiyyəti aradan qaldırılır. Avropa Şurasının Venesiya Komissiyasının qənaətinə əsasən, yalnız spesifik yüksək vəzifələr üçün yaş tələbi müəyyən edilə bilər və bu tələbin 25 yaşdan aşağı olmaması tövsiyə olunur. Azərbaycan qanunvericiliyində yüksək vəzifələr üçün ali təhsil və s. tələblər nəzərdə tutulur və bu halda 18-20 yaşlarında olan vətəndaşların həmin vəzifələrə seçilmək və ya təyin olunmaq imkanları məhdudlaşır.
Əli Həsənov fikirlərinə yekun vuraraq yazır: "Bütün bunlar konstitusiyanın səmərəli fəaliyyət göstərən əsas hüquqi sənəd olması barədə fikri təsdiqləməyə imkan verir. Aydındır ki, ölkəmizdə hüquqi dövlət ideallarının tam bərqərar olunması üçün hələ çox iş görülməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, bu gün çoxəsrlik demokratiya təcrübəsinə malik, inkişaf etmiş dövlətlər də həmin dəyərləri əldə etmək üçün uzun və mürəkkəb inkişaf yolu keçmişlər. Bu mənada, konstitusiyanın işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün görülən işlər bundan sonra da səylə davam etdirilməlidir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə cəmiyyətin həyatını konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də, ölkə ərazisində birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir. Bu məsələdə ölkədə hüquq qaydasının yaradılmasına məsul olan dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti və hər bir ölkə vətəndaşı da yaxından iştirak etməlidir. Çünki ölkə əhalisinin fəal dəstəyi olmadan konstitusiyanın daha səmərəli fəaliyyəti mümkün deyildir.
Müəllifin fikrincə, bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin, milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.
Bu gün, doğrudan da, hər bir azərbaycanlının fəxrlə öyünə biləcəyi ali qanunu - konstitusiyası var. Fikrimizcə, konstitusiyaya hörmət, ilk növbədə, onu öyrənməkdən, peşəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı tərəfindən gündəlik həyatda tətbiq etməkdən ibarətdir.
Konstitusiya müasir dövlətçiliyimizdə öz funksiyasını yerinə yetirərək, ictimai proseslərin siyasi-hüquqi kontekstdə tənzimlənməsini təmin edir. Azərbaycan Respublikasında, məhz ictimai-siyasi münasibətlərin qaydaya salınması, sosial-hüquqi sferada müvafiq islahatlar proqramının həyata keçirilməsi, konstitusion münasibətlərin sabit inkişaf dinamikası ölkədə uğurla irəli getməkdədir.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər