MİA

  • 322 368

Azərbaycanda dövlətçilik ənənələri

image

Siyasi-hüquqi ədəbiyyatda "Dövlətçilik" anlayışı bir neçə mənada işlənir:

1. İnklşafda olan dövlət;
2. Dövlətin sosiuma münasibəti;
3. "Dövlət quruluşu", "cəmiyyətin siyasi təşkili".
Rusuyalı tədqiqatçı R.A.Lubski "dövlətçilik" dedikdə, dövlət-hüquqi strukturların və təsisatların, milli-döblət ideyasının və onların reallaşmasının sosial praktikasının da daxil olduğu cəmiyyətin dövlət-təşkilati formasını nəzərdə tutur.
Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir, xalqımızın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllərə gedib çıxır. Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Güclü xarici siyasət yürüdən qədim Azərbaycan dövlətləri regionda öz qüdrətilə fərqlənən siyasi qurum kimi çıxış edirdilər. Tarixi Azərbaycan torpaqlarında yaranan dövlətçilik ənənələri inkişaf etdi, daha da yüksəldi, yeni-yeni dövlətlərin yaranmasına səbəb oldu. Bu dövlətlər vahid xalqın-Azərbaycan xalqının təşəkkülü prosesində həlledici rol oynadılar. Tarix elmləri doktoru Şahin Fazil bildirmişdir ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır: "Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq, Urmiya hövzəsində yaranıb. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin intibah dövrü başlanırdı.
600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.
Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə, bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin, bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.
XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları, bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər".
"Azərbaycan" adı bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin odla bağlılığını göstərir. "Azər"-od, atəş deməkdir. Əbədi yanar od qədim zamanlardan Azərbaycanın simvolu hesab olunub. Bu baxımdan da, Azərbaycan dünyada "Odlar Yurdu" kimi tanınır. Digər tərəfdən isə bu ad Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu tayfaların adından götürülmüşdür."Ər kişi", "ər oğlu", "od qoruyan" mənasını verən "Azərbaycan" bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlib.
Azərbaycan ərazisində arxeoloqlar tərəfindən Qarabağda Azıx mağarasında aparılan qazıntılar Azərbaycanda 2 milyon il əvvəl insan sivilizasiyasının izlərini aşkar edib. Aşel dövründən olan, Azıxantrop kimi tanınan insan çənəsi Azərbaycan ərazisində erkən insan məskunlaşmasının olduğunu sübut edir. Məhz bu tapıntı Azərbaycanı Avropada erkən insanın yaşayış xəritəsinə daxil etmişdir.
Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən gəlib, yadigar qalan maddi abidələr bizə çox şeyləri sübut edir. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu abidələri dərin və hərtərəfli öyrənmək lazımdır.
Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması, məhz Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə fikirlərini paylaşan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu demişdir:" Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi yenidən bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir.Heydər Əliyevin adını dövlətçilik şüuru ilə identifikasiya etmək olar. Ötən əsrin 90-cı illərində 5 min illlik yaşı olan Azərbaycan dövləti parçalanmış vəziyyətdə idi. Belə olan halda, xalqın güclü idarəetmə qabiliyyətinə malik liderə ehtiyacı vardı. O, hakimiyyətə gələrək, pərakəndə halda olan dövləti inkişaf edən hüquq sisteminə çevirməyə müvəffəq oldu. Formal olaraq, müstəqil olan ölkədə dövlətçilik ənənələrini formalaşdırdı.
Ulu Öndər özünü dövlətlə identifikasiya edəcək fərdlərin şüurunda inqilab yaratdı. Məlumdur ki, 90-cı illərin əvvəllərində ölkədə etnik, regional, sosial-ideoloji və separatçılığa söykənən tendensiya hökm sürürdü. Azərbaycan cəmiyyətinin daxili və mürəkkəb mikrostrukturunun təbəqələri heç də müstəqil dövləti milli sərvət kimi qəbul etmirdilər. Bu düşüncəni dəyişmək lazım idi. Heydər Əliyev bunu təmin etməyi bacardı. Bu gün Cənab Prezident İlham Əliyev Ulu Öndər siyasətinin layiqli varisi olaraq, xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməkdə davam edir".
Məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının qopunması üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İkili standartların dünya nizamı və müasir Azərbaycan" kitabında Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Akademik Ramiz Mehdiyev bu kitabında da Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoyan Ümummilli Lider Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusi vurğulayır.
Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub və onun təkmilləşdirilməsi üçün etibarlı zəmin hazırlanıb.Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dövlət quruculuğu prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarının birində dövlət başçısı İlham Əliyev demişdir: "Müstəqilliyi bərpa etdikdə, biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən, siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir"

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər