Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov "Moskva-Baku" portalına müsahibəsində Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 9 may Qələbə bayramı tədbirləri ərəfəsində ayrı-ayrılıqda danışıqlar aparıb-aparmayacağına dair ehtimallarını deyib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Dmitri Vladimiroviç, mayın 9-na bir neçə gün qalıb və artıq dövlət rəhbərləri Rusiyaya gəlirlər. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Vladimir Putin həddindən artıq sıx iş qrafiki ilə əlaqədar bütün dövlət başçıları ilə ayrı-ayrılıqda görüş keçirə bilməyəcək. Sizcə, Rusiya və Azərbaycan prezidentləri arasında ayrıca danışıqlar olacaqmı?
- Düşünürəm ki, görüş baş tutacaq. Moskvada keçirilən Qələbə paradında Azərbaycan prezidentini səbirsizliklə gözləyirlər. Təəccüblü deyil ki, Rusiya lideri Kremldən Belarus və Tacikistandan olan həmkarları ilə birlikdə Azərbaycan prezidentinə də zəng edərək onu mayın 9-da Moskvada görməyi səbirsizliklə gözlədiyini bildirib. Bu, siyasətdə görünməmiş haldır. Sözsüz ki, belə bir görüş keçirilməlidir. Azərbaycan Rusiya üçün son dərəcə vacib tərəfdaşdır, strateji müttəfiqdir. Üstəlik, Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanla Rusiya arasında münasibətlərdə son böhran yaşandığını nəzərə alaraq belə bir görüş tələb olunur. Vladimir Putin isə çox güman ki, azərbaycanlı həmkarı ilə görüşməyi, mürəkkəb məsələləri müzakirə etməyi məntiqli və zəruri hesab edəcək. Bu, liderlərin bu il ilk görüşü və müvafiq olaraq faciəli hadisədən sonra ilk görüş olacaq. Rusiya lideri şübhəsiz ki, Azərbaycan prezidentinə xüsusi hörmət göstərmək istəyəcək. Bu cür birbaşa, üzbəüz görüş tamamilə zəruridir.
Vladimir Putin üçün bu, Azərbaycanın Rusiya üçün müttəfiq, tərəfdaş, qonşu və dost dövlət kimi əhəmiyyətini birbaşa təsdiqləmək imkanı olacaq. Məlum olduğu kimi, hər iki lider öz sadəliyi ilə seçilirlər, ona görə də sözsüz ki, ortaq dil və ümumi anlaşma tapacaqlar. Bu, Rusiya-Azərbaycan münasibətləri üçün əlamətdar, çox mühüm görüş olacaq.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən qüdrətli dövləti olmaqla yanaşı, həm də daha geniş coğrafiyada ciddi geosiyasi oyunçudur. Rusiya bunu görür, Moskva başa düşür ki, Azərbaycanla daha yaxın dost olmaq lazımdır. Azərbaycan Zaqafqaziyada təhlükəsizlik zastavasıdır. Azərbaycan, həqiqətən də, bir neçə il əvvəl olduğu kimi, bu gün də müxtəlif dövlətlər arasında münasibətlərin qurulması prosesində iştirak edən vasitəçi dövlətdir. Azərbaycan uzun illərdir ki, qlobal danışıqlar prosesində liderlərdən biri olub və tez-tez münaqişə tərəfləri arasında mürəkkəb danışıqlar üçün öz platformasını təmin edib və təmin etməkdədir. Azərbaycan ərazisində ikitərəfli və çoxtərəfli səviyyədə danışıqlar tez-tez Azərbaycanın iştirakı ilə aparılır.
Rusiya bu prosesləri diqqətlə izləyir. Üstəlik, bir neçə il əvvəl Rusiya və NATO Baş Qərargahlarının rəhbərləri Bakıda bir neçə dəfə görüşdülər. Deməli, Moskva danışıqlar platforması kimi Bakının imkanlarını birinci əldən bilir. Suriya məsələsində bir-biri ilə ziddiyyət təşkil edən İsrail və Türkiyə nümayəndələrinin Bakıda necə görüşdüyünü gördük. Azərbaycan əsas, ən güclü qlobal oyunçulardan biri- Çinlə münasibətlərinin səviyyəsini xeyli yaxşılaşdırıb. Azərbaycan Prezidentinin ÇXR sədrinin dəvəti ilə Pekinə səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi son dərəcə mühüm və əhəmiyyətlidir. Bu, Bakı üçün ciddi diplomatik qələbədir.
Biz görürük ki, İran da Azərbaycanın milli maraqlarını nəzərə alır. Bu gün Azərbaycan təkcə qlobal Cənubun ən fəal ölkələrindən biri deyil, bu istiqamətdə siyasəti böyük ölçüdə diktə edir. İnkişaf etməkdə olan ölkələrə yardım və hüquqlar ideyasını təkcə sözdə deyil, əməldə təbliğ edərək neokolonializmlə mübarizəyə rəhbərlik edir. Qlobal Cənub ölkələri arasında qarşılıqlı əlaqənin yeni formatlarını yaradır və yaradır. Bu yaxınlarda Bakıda Qlobal Cənub QHT-lərinin platforması yaradılıb.
Deməli, Azərbaycan Rusiya üçün Moskvanın bir çox strateji əhəmiyyətli layihələri olduğu mühüm tərəfdaşdır. Aydındır ki, mayın 9-da hadisələrin sıxlığını nəzərə alsaq, Rusiya və Azərbaycan liderləri arasında görüş həddindən artıq uzun olmayacaq, lakin orada münasibətlərin bütün ən aktual məsələləri müzakirə olunacaq. AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatın aktual məsələlərinə və mediaya, Bakıda Rus Evinin fəaliyyəti ilə yanaşı, İranla bağlı iqtisadi, enerji, nəqliyyat, o cümlədən çoxtərəfli məsələlər olacaq. Bu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, eləcə də Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilməsidir.
Bundan əlavə, fikrimcə, Rusiya və Azərbaycan liderləri arasında söhbət Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma mövzusuna, sülh müqaviləsinin imzalanması ilə bağlı vəziyyətə və nizamlanmanın digər aspektlərinə toxunmaya bilməz. İlham Əliyev bu məsələyə öz münasibətini bildirəcək. Təbii ki, Rusiya üçün Cənubi Qafqazda güclü, sabit sülhün tezliklə bərqərar olması və Qərbin Rusiya Federasiyası ilə qonşu olan regionun daxili işlərinə qarışmaması vacibdir.
Gördüyümüz kimi, mayın 9-dan əvvəl Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib, orada prezident və ölkənin birinci xanımı ilə görüşüb. Mehriban Əliyeva layiqincə “Müqəddəs şahzadə Olqa” ordeni ilə təltif edilib. Məlum olduğu kimi, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu pravoslav ziyarətgahlarının bərpasında fəal iştirak edir. Prezident və Azərbaycanın birinci xanımı ilə keçirilən görüşdə patriarxlar Rusiya-Azərbaycan münasibətləri haqqında çox xoş sözlər söylədilər. Beləliklə, Rus Pravoslav Kilsəsi patriarxının Azərbaycana səfərinin adi bir səfər olmadığı göz qabağındadır. Bu, təyyarə qəzası ilə bağlı insidentdən sonra Rusiyanın Azərbaycanla münasibətləri sabitləşdirmək və yaxşılaşdırmaq səylərinin əsas halqalarından biri oldu. Bu, Rusiyanın Azərbaycana daha bir hörmət əlaməti idi. Bu, Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına hörmət jestidir. Səfər hər iki tərəfə münasibətlərdə müsbət cəhətləri göstərmək, düzgün media fürsəti tapmaq, düzgün mənzərəni tapmaq, bəli, düzgün media şəraitinin yaradılması, düzgün mənzərə, həyata keçirilməsi nəzərdə tutulurdu. Bunlar həm Azərbaycan xalqı, həm də Rusiya xalqı üçün ölkələrimizin münasibətlərin çətin mərhələsini keçdiyinin nümayişidir və bütün dünya üçün bizim müxtəlif səviyyələrdə müsbət, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı davam etdirdiyimizin nümayişidir.
Siyasi münasibətlər də ikitərəfli yoldur. Və ya onun olmaması. İlham Əliyevin Rusiya ilə münasibətlərdəki son böhran fonunda Moskvada keçirilən siyasi, simvolik əhəmiyyətli Qələbə Paradında iştirak etmək qərarına gəlməsi, çox çətin geosiyasi vəziyyət fonunda belə bir qərar verməsi ciddi faktdır. Bu, Bakının Rusiya ilə müttəfiqlik münasibətlərini daha da inkişaf etdirməyə hazır olmasından danışır. Bu, çox yüksək qiymətləndirilməli bir səfərdir. Bu o deməkdir ki, Bakının Rusiya Federasiyası ilə münasibətləri də böyük əhəmiyyət kəsb edir. İlham Əliyev riskləri əvvəlcədən hesablayan liderdir. Və nə etdiyini bilir.
Dünyada vəziyyət son dərəcə ağırdır. Həm Qərbi Asiyada, həm də İran ətrafında. Türkiyədə də işlər asan deyil. Bu, şübhəsiz ki, həm Rusiyanı, həm də Azərbaycanı narahat edir.
Üstəlik, çox güman ki, Rusiya və Azərbaycan yaranmış fürsətdən istifadə edəcək və iki ölkənin nümayəndələri müxtəlif aktual məsələlər üzrə ayrı-ayrılıqda danışıqlar aparacaqlar.
- İlham Əliyev Moskvada daha kimlərlə danışıqlar apara bilər? Və ümumiyyətlə, ortaya çıxan mənzərəyə baxsaq, mayın 9-da Moskvada keçirilən yüksək səviyyəli tədbirlər dost ölkələrin görüşü üçün platforma kimi təqdim olunur...
- Ümumiyyətlə, bəli. Məsələ ondadır ki, ümumi cəhətləri çox olan ölkələrin liderləri görüşür. Bunlar Qlobal Cənubdakı bir ölkənin liderləridir. Bir-biri ilə danışmağa hazır və istəkli olanlar, nəinki bir-birinin ardınca oturub nədənsə narazılıq bildirənlər və ya həmkarının mövqeyini tam başa düşmədiklərini nümayiş etdirənlər toplaşır. Moskva cari gündəmdə ortaq fikirlərə malik olan və gələcəyə ümumi baxışı olan dövlət liderlərini bir araya gətirəcək.
Ümumiyyətlə, Moskvaya dost olan liderlər, bir-birinə müsbət şəxsi münasibəti olan liderlər gələcək, bu son dərəcə vacibdir. Bu, müəyyən mənada müttəfiqlərin görüşüdür. İlham Əliyevin isə Moskvaya gələcək bir çox dövlətlərin rəhbərləri ilə çox müsbət münasibətləri var. Biz bilirik ki, Azərbaycan Prezidenti hər zaman fəaldır, ona Avropa platformalarında həmişə hörmətlə yanaşılır, insanları özünə cəlb etməyi və hörmət etməyi bacarır. Amma belə olan halda, təbii ki, İlham Əliyev digər dost ölkələr arasında dost ölkənin lideri kimi, Qlobal Cənubun ən ciddi liderlərindən biri kimi, onun inkişaf tendensiyalarını müəyyənləşdirən, suda olan balıq kimi olacaq.
Əliyevin bu yaxınlarda Çində strateji tərəfdaşlıq haqqında Bəyanat imzaladığı, əməkdaşlıq sahələrinə dair çoxlu sayda məqamları özündə əks etdirən Si Cinpinlə görüşü mümkündür. Əminəm ki, MDB və Qlobal Cənub ölkələrinin liderləri ilə başqa görüşlər də olacaq. Və qeyd olunduğu kimi, bir sıra Avropa ölkələrinin rəhbərləri gəlsə- Vuçiç, Fitso, əlbəttə ki, onların və İlham Əliyevin danışacaqları bir şey olacaq. Serbiyada Azərbaycanı yüksək qiymətləndirirlər, hörmət edirlər, hətta nümunə göstərirlər.
- Ötən gün Ermənistan parlamentinin sədri Rusiyanı guya respublikaya qarşı hibrid müharibə aparmaqda ittiham etdi. Və “Paşinyanın Moskvadakı parada səfəri təsdiqlənibmi, yoxsa getməyə bilərmi” sualına cavab verdi ki, hər şey ola bilər və səfərdən əvvəl nümayəndə heyəti qəfildən COVID-ə yoluxa bilər... Ermənistanın baş naziri doğrudan da parada getməkdən imtina edə bilər, yoxsa bu, onun üçün faydalı deyil?
- Hər zaman bir şeyin səhv getmə şansı var. Müxtəlif vəziyyətlər var. Paşinyanın ötən il MDB-nin Sankt-Peterburq sammitinə Covid-i əsas gətirərək necə gəlmədiyini, Lukaşenkonun onunla necə mübahisə etdiyini artıq xatırlayırıq. Braziliya prezidenti Lula da Silvanın başını vurduğuna görə BRICS sammitinə qatılmadığını xatırlayırıq. Bununla bağlı heç bir xəstəliyin olmadığı, bunun diplomatik bir addım olduğu haqda iddia edildi. Sonra məlum oldu ki, hər şey doğrudur və o, hətta əməliyyat olunub. İndi belə görünür ki, Slovakiyanın baş naziri və Serbiya prezidenti Moskva səfərindən əvvəl xəstələniblər. Yenə bəzi insanlar bunun diplomatik xəstəlik, Moskvadakı parada gəlməmək üçün bəhanə olmasından danışmağa başladılar. Amma deyəsən hələ də gəlməyi planlaşdırırlar. Buna görə də, Aİ kuratorları qəti şəkildə israr edərsə, Paşinyan səfəri ləğv edə bilər.
- Bəs Paşinyan gəlsə, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında ayrıca görüş mümkündürmü?
- Güman edirəm. Amma daha çox ayaqüstü. Əgər əsaslı ikitərəfli görüş gözlənilsəydi, çox güman ki, indiyə qədər informasiya sızması olardı. Hələlik sülh müqaviləsi ilə bağlı vəziyyəti Ermənistan Konstitusiyasını dəyişdirənə qədər daha çox dondurucu mərhələ kimi şərh etmək olar.
Tərcümə - Elçin Bayramlı