PDF Oxu

MİA

  • 10 903

Azərbaycançılıq ideologiyasının bazası: Milli mədəniyyət və mənəvi dəyərlər üzərində inkişaf strategiyası - ANALİZ

image

“Mədəniyyətimiz, mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributudur” - Heydər Əliyev

Tarixdən məlum olduğu kimi, ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini kofessiyaların nümayəndələri mehriban qonşuluq şəraitində, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşayıblar. Müasir inkişafımız da məhz bu dəyərlər üzərində davam etdirilir. Azərbaycançılıq ideologiyasının əsas bazası da bunun üzərində bərqərardır.

Mənəvi dəyərlərin yaşadılmasında Azərbaycan nümunəsi

Mənəvi dəyərlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində formalaşıb. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib.

Sonra fərqli mədəniyyətlər formalaşıb və dünya bu sahədə də zənginliklər qazanıb. Bəzən hökmdarlar və dini rəhbərlər mənəvi dəyərlərin önünə keçərək insanlarda xof, cəhalət yaratmaq iddiasında olsa da, bir çox şərq ölkəsində mənəvi dəyərlərin möhkəmliyi, milli dayanıqlılıq buna imkan verməyib.

Azərbaycanda da tarixən belə olub. Xalqımız həmişə sülhsevər, mədəniyyət aşiqi və dostpərvər olub. Məhz bu müsbət xüsusiyyətlər müxtəlif etnik, dini qrupların bir ölkədə mehriban yaşamasını təmin edib. Ölkənin mənafeyi, xalqın ümumi maraqları etnik və dini mənsubiyyətindən asılı olmayaraq hamı üçün müqəddəs olub. Heç bir zəmində ayri-sekçilik halı olmayıb. Bu baza üzərində inkişaf edən Azərbaycan Ermənistan kimi monoetnik dövlətdən fərqli olaraq vətəndaş dövləti kimi formalaşıb . Əgər dünyaya baxsaq, bütün güclü və inkişaf etmiş dövlətlər məhz bu prinsip üzərində- vətəndaş cəmiyyəti, vətəndaş dövləti bazasında qurulub. Azərnaycançılıq ideologiyası Azərbaycanda, hətta ondan kənarda yaşayan azərbaycanlıları birləşdirən əsas dəyərdir.

Əlbəttə, bəzi xarici mərkəzlər tərəfindən ölkəmizdə də etnik və dini zəmində qarşıdurmalar yaratmağa cəhdlər olub. Bu cəhdlər heç bir nəticə verməyib. Lakin bu baza o qədər güclü olub ki, həmin planlar baş tutmayıb.

Hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümummilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub.

Azərbaycanda indi bu sahədə vəziyyət sabitdir, ölkə rəhbəri İlham Əliyevin siyasi, mənəvi, milli, dini və mədəni istiqamətlərdə yürütdüyü çoxşaxəli uğurlu strategiya və təcrübə dini və ya etnik qarşıdurma üçün indiyədək heç bir əsas yaratmayıb. Əksinə, xalqımız qədimdən gələn ənənələrini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.

Cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərin rolu

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.

Ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas rol oynayıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda, dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük əhəmiyyət verəcəyini bildirirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya yenidən qurulub.

Hazırda respublikamızda 2000-dən çox məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur.

Dövlət dini icmalara öz qayğısını əsirgəmir. Azərbaycanda fəaliyyət göstərən dini icmalara avtomobil hədiyyə olunması, maliyyə dəstəyi göstərilməsi ölkəmizdəki mənəvi azadlığın, dini siyasətin nə qədər nümunəvi olduğunun ən yaxşı nümunəsidir.

Milli-mənəvi dəyərlərə bağlılıq inkişafa mane olurmu?

Bu gün Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var.

Əsil inkişaf milli-mənəvi dəyərləri, qədim mədəniyyəti qorumaqla mümkündür, bunun dünyada xeyli nümunələri var. Təkcə mühafizəkar Yaponiyanı göstərmək kifayətdir. Yəni, mənəvi dəyərlər, milli mədəniyyət elmi-texniki inkişafa heç cür mane olmur, əksinə, ona təkan verir.

Dövlətimiz də xalqımızın möhtəşəm və qədim mədəniyyəti, mənəvi və milli dəyərləri üzərindən inkişaf siyasəti yürüdür. Ümumilli lider Heydər Əliyevin formalaşdırdığı strateji inkişaf konsepsiyası konket olaraq milli-mənəvi dəyərləri qoruyaraq dünyaya inteqrasiya etməyi özündə ehtiva edir. Bu gün həmin siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Biz bunun nəticələrini Azərbaycanın dünyaya multikultiralizm və tolerantlıq nümunəsi kimi göstərilməsindən də görürük.

Milli-mənəvi dəyərlər üzərində inkişaf strategiyası

Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 1-ci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məsələləri aydın şərh etmişdi.

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd.

Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir”.

Azərbaycan dünyaya ən uğurlu inkişaf modeli təqdim edir

Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunması bazası üzərində fonunda inkişaf siyasəti ölkə ictimaiyyətinin rəyi ilə eynidir. Bu torpaqlarda elmə məlum olan 10 min illik qədim mədəniyyət yaradan və onu yaşadan bir xalqın öz mənəvi dəyərləri üzərində formalaşdırdığı dövlətin güclənməsi və ölkəmizin inkişafı tarixdə heç vaxt olmadığı səviyyəyə çatıb.

Bu gün azərbaycançılıq ideologiyası Heydər Əliyevin görmək istədiyi səviyyəyədək güclənib, bütün dünyadakı azərbaycanlıların qəlbində özünə möhkəm yer tutub. “Kim özünü azərbaycanlı hesab edirsə, o azərbaycanlıdır” tezisi sərhəd tanımır, etnik, dini, siyasi, sosial mənsubiyyət tanımır. Azərbaycan dövlət və Azərbaycan xalqı öz yolu ilə gedir və dünyada da öz layiqli yerini tutur.

Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə numunəni göstərə bilən azsaylı ölkələrdən biridir. Dövlətimizin öz xalqının mənəvi dəyərlərini mühafizə edərək inkişafa nail olması yürüdülən siyasətin nə qədər uğurlu və düzgün olmasını təsdiqləyir.

Elçin

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir

Digər xəbərlər