Rusiyalı ekspert: Rusiya üçün çətin vaxtlarda Azərbaycanla münasibətlər sınaqdan çıxdı, Ermənistanla münasibətlər isə yox
Fevralın 22-də Rusiya və Azərbaycan liderləri tərəfindən Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin imzalanmasının ildönümü idi. Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına verdiyi müsahibədə Moskvanın Bakı ilə müttəfiqlik münasibətlərini sabitləşdirici amil kimi görməsinin səbəbini şərh edib. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.
-Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması tarixi hadisədir. Və mən Rusiya Xarici İşlər Nazirliyinin tezisi ilə razıyam ki, bu gün (və mən deyərdim ki, xüsusən indiki beynəlxalq şəraitdə) Bakı ilə Moskva arasında müttəfiqlik münasibətləri həm regional, həm də beynəlxalq müstəvidə sabitləşdirici amildir. Niyə? Bu tezis həm də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin Rusiya üçün vacib olduğuna işarə edir. Və bu gün Ermənistan tərəfinin getdikcə daha çox Rusiya əleyhinə bəyanatlar səsləndirdiyi bir vaxtda: həm Rusiya sülhməramlılarını tənqid etməklə, həm KTMT-ni tənqid etməklə, həm də Rusiya və Azərbaycanın Ermənistandan fərqli olaraq Ermənistan-Azərbaycan münasibətlərinin tezliklə normallaşmasının tərəfdarı olduğu bir vaxtda, Moskva və Bakının müttəfiqliyi, sadəcə olaraq, regionda vəziyyəti sabitləşdirən amil kimi çıxış edir. Axı bu gün Rusiya və Gürcüstan daha çox münasibətləri normallaşdırmağa çalışır. Mən də bir sıra digər ekspertlər kimi çoxdan qeyd etmişəm ki, Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi məhz Azərbaycandır.
Məlum olduğu kimi, Vladimir Putinlə İlham Əliyev arasında Bəyannamənin imzalanması Ukrayna ətrafında baş verən hadisələrin başladığı dövrə təsadüf edib. Amma buna baxmayaraq, Azərbaycan Prezidenti jurnalistlərin Ukrayna ətrafında baş verənlərin qərara təsir edə biləcəyi ilə bağlı sualına cavab verdi ki, heç bir mənfi təsir ola bilməz, çünki Bəyannamənin imzalanması çoxdan planlaşdırılıb və bu, irəliyə doğru atılmış addımdır. Rusiyada bu yanaşma təbii ki, yüksək qiymətləndirilib. İlham Əliyev bununla da siyasi iradə və gələcəyə baxış nümayiş etdirdi. Son bir ildə Bəyannamənin imzalanmasından sonra Azərbaycan anti-Rusiya qüvvələri tərəfindən güclü təzyiqlərlə üzləşib. Amma təslim olmadı, yayınmadı, qaçmadı. Bununla da Azərbaycan həqiqətən də suveren dövlət olduğunu və siyasətini öz milli maraqlarına əsaslanaraq həyata keçirdiyini, heç kimə əyilmədiyini göstərdi. Rusiyada Azərbaycanın bu mövqeyini çox yüksək qiymətləndirir, İlham Əliyevi də hörmətəlayiq lider və dost kimi qiymətləndirirlər.

Bu il ərzində Rusiya ilə Azərbaycan arasında çoxlu sayda yüksək səviyyəli təmaslar olub, həm də onlar çox sıx olub. Rusiyanın baş nazirinin və Dövlət Dumasının sədrinin Bakıya, Azərbaycan baş nazirinin, eləcə də Azərbaycan parlamentinin sədrinin Rusiyaya səfərləri olub. Birgə yüksək səviyyəli forumlar keçirilib. Rusiyada yüksək səviyyədə Azərbaycanı qardaş ölkə adlandırmağa başladılar ki, indiyə qədər belə bir hal olmamışdı. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədrini qəbul edərkən vurğulayıb ki, iki prezident arasında münasibətlər yüksək etimad səviyyəsi ilə seçilir və çətin geosiyasi dövrümüzdə qarşılıqlı etimad çox dəyərlidir. Vladimir Putinlə İlham Əliyev arasında xüsusi etimad münasibətləri həmişə sabit olub və ikitərəfli münasibətlərin vektorunu müəyyən edib və müəyyənləşdirməkdə davam edir.
Bu gün Rusiya ilə Qərb arasında münaqişə fonunda bu, son dərəcə vacibdir. İndi- Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Bəyannamənin imzalanmasının ildönümünə təsadüf edən bir vaxtda Azərbaycana rəsmi səfər edəcək. Bu da vacibdir. Bu günlərdə biz rusiyalı nazirin Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini birbaşa necə bəyan etdiyinin şahidi olduq. Bu, Rusiyanın Azərbaycana Ermənistandan daha konstruktiv tərəfdaş kimi baxmasından xəbər verir.
Azərbaycan beynəlxalq platformalarda Rusiyaya dəstəyini davam etdirir, yaxud həssas məsələlərdə neytral qalır. Rusiya Federasiyası və Azərbaycan yaranan iqtisadi və təhlükəsizlik çağırışlarına cavab olaraq ümumi yanaşmalar tapırlar. Azərbaycan eyni zamanda son illərdə inkişaf etdirilən və Qərbə bağlı olan nəqliyyat-logistika zəncirlərinin sıradan çıxdığı bir vaxtda Moskva üçün strateji əhəmiyyət kəsb edən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində fəal iştirak edir.
Azərbaycan bir növ qütbün bir hissəsi deyil, daha çox qəti surətdə suveren dövlətdir. Və bu, Rusiyanın gələcəyi və bu gün qurulan dünya nizamını dərk etmə vektoruna uyğundur.

Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında çox intensiv təmaslara baxmayaraq, son bir ildə Bəyannamənin konkret layihələrlə “doldurulduğunu” söyləmək olmaz. Göründüyü kimi, kənar oyunçuların Azərbaycana həddən artıq təzyiq göstərməməsi üçün tərəflər hələ də bu məsələyə diqqətlə yanaşırlar. Təbii ki, hazırda Rusiya üçün prioritet vəzifə xüsusi hərbi əməliyyatdır. Lakin Bəyannamənin “natamamlığına” baxmayaraq, onlar bizim münasibətlərimizin güclü təzyiqlərə tab gətirməsini ən vacib məsələ hesab edirlər.
Bunun fonunda Rusiya və Azərbaycan münasibətləri ilə Rusiya və Ermənistan münasibətləri arasındakı ziddiyyət nə qədər irəli getsə, bir o qədər də görünür. Azərbaycanla münasibətlərin yaxşılaşdırılması tendensiyası və Ermənistanla münasibətlərin pisləşməsinə eyni dərəcədə davamlı tendensiya var.
Dediyim kimi, Rusiya üçün Zaqafqaziyanın bütün dövlətləri ilə müsbət münasibətlər vacibdir. Amma Qərb Ermənistandan alət kimi istifadə edir, onu Rusiyadan qoparmağa, Cənubi Qafqazda yeni qeyri-sabitlik ocağı, anti-Rusiya platforması yaratmağa çalışır.
Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Paşinyanın təmsil olunduğu Ermənistan rəhbərliyi getdikcə daha çox ölkəsinin Rusiyadan tamamilə şüurlu şəkildə uzaqlaşdırılmasını təmin etməyə çalışır, nəinki İrəvanın nəyisə bəyənməməsinə görə yox. Moskvadan “incidi” və buna səbəb tapdı. Bu, İrəvanın şüurlu siyasətidir. Ermənistanın baş naziri Münxen konfransının ümumi düşmən platformasında birbaşa deyəndə ki, bizim KTMT ilə, o cümlədən Rusiya ilə münasibətlərdə problemlər var, bu, müttəfiqin yanaşması deyil. Rusiya hakimiyyəti bütün bu addımları, Ermənistan hakimiyyətinin siyasi bəyanatlarını həddindən artıq tənqid edir. Ona görə də Rusiya ilə Azərbaycan arasında bugünkü münasibətlərin təzadları adi gözlə görünür. Azərbaycanla münasibətlər sınaqdan çıxıb, Ermənistanla münasibətlər isə yox.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb