PDF Oxu

MİA

  • 9 504

Münxen sui-qəsdi: Qərbin tələbləri Azərbaycanın zərərinədir, amma İlham Əliyev öz sözünü dedi – MÜSAHİBƏ

image

Dmitri Solonnikov: Ermənistanı Qərbdə inandırırlar ki, siz Qarabağ ermənilərinə əlavə üstünlüklər tələb edə bilərsiniz, biz bu işdə sizi dəstəkləyəcəyik

Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevlə Nikol Paşinyan arasında müzakirənin nəticələrini Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, tanınmış politoloq Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində şərh edib. Müsahibəni təqdim edirik.

- Dmitri Vladimiroviç, Əliyevlə Paşinyanın panel müzakirəsindəki çıxışlarını müqayisə etsəniz, onlarda hansı fərq gördünüz?

- İlham Əliyevin 2-ci Qarabağ müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanatın imzalanmasından sonrakı bütün dövr ərzində nümayiş etdirdiyi kifayət qədər balanslı, konstruktiv, sabit və ədalətli mövqeyini. Əliyevin yanaşması iki aşkar məqamla seçilir: birincisi, dərin təmkin və emosiyalara boyun əyməmək, çətin şəraitdə konstruktiv dialoq aparmaq bacarığıdır. Gözləmək və ağlabatan həllər təklif etməyə davam etmək. İkincisi, güclü mövqedən davranış, 44 günlük müharibədə qalib gələn ölkə liderinin, güclü mövqedən şərtlər diktə etmək hüququna malik olan liderin davranışı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda hər şey Ermənistan üçün daha acınacaqlı bitəcəkdi. Qarabağın vəziyyəti ilə bağlı isə ümumiyyətlə, müzakirə oluna bilməzdi, orada vətəndaşlıq almaq istəyənlərdən başqa heç bir erməni qalmazdı. Və yalnız Azərbaycanın xoş niyyəti ona gətirib çıxarıb ki, indi nəsə müzakirə olunur.

Paşinyanın çıxışı onun İkinci Qarabağ müharibəsindən sonra, necə deyərlər, iki mövqe arasındakı ənənəvi oyununun əksidir. Bir tərəfdən hansısa gələcəyə çıxmalı, hansısa müqavilələr bağlamalıdır, proses indiki vəziyyətində çox qala bilməz. Digər tərəfdən, bu, Ermənistanın özündə revanşist əhval-ruhiyyələrə arxalanmaq, onlarla oynamaq cəhdidir. Bu o qədər də konstruktiv deyil və Ermənistan üçün vəziyyət getdikcə daha da pisləşir.

- İlham Əliyevin Münxendəki çıxışında Bakının Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına ümidi ilə bağlı tezis yenidən diqqəti cəlb etdi. Bunu necə qiymətləndirmək olar, yəni Azərbaycan hələ də Ermənistana sülh əlini uzadır, yəni Azərbaycan Prezidenti İrəvanın Bakının qeyd-şərtsiz şərtləri ilə razılaşacağına inanır?

- Ermənistan çoxdandır ki, sülh müqaviləsi imzalamağa hazır olduğundan danışır. İrəvan öz təkliflərini Bakıya təqdim edib. Sadəcə olaraq, müqavilənin imzalanması şərtlərini Bakı və İrəvan müxtəlif cür görür. Rəsmi Bakı Azərbaycanın bütün ərazisində suverenliyinin eyni olduğunu, ayrılmaz olduğunu, bütün Qarabağın tamamilə Azərbaycan ərazisi olduğunu birmənalı qəbul etməkdə israrlıdır. Və Əliyevin Münxendə bir daha təkrar etdiyi Qarabağın hər hansı statusunun müzakirəsi, Qarabağın qalan hissəsi ilə bağlı bəndin sülh müqaviləsinə salınması mümkün deyil. Əliyev panel müzakirəsində bildirib ki, münasibətlərin normallaşmasının iki vektoru var- bunlar faktiki Ermənistan-Azərbaycan danışıqları və sülh müqaviləsinin imzalanması, habelə rəsmi Bakının yalnız bütün ömrünü bu ərazidə yaşamış Qarabağ erməniləri ilə təmasları. Yəni, ikinci vektor Azərbaycanın özünün daxili işi kimi gedir.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, rəsmi olaraq Azərbaycan pasportu almaq istəyənlər Azərbaycan Respublikası vətəndaşlarının bütün hüquqları ilə təmin olunacaqlar. Azərbaycan çoxmillətli dövlətdir ki, burada müxtəlif millətlərin nümayəndələri özlərini rahat hiss edirlər. Bir sıra postsovet ölkələrindən daha rahatdır. Ermənistan təkliflərlə çıxış edir, deyirlər, gəlin Qarabağın qalan hissəsinin məsələsini müzakirəyə buraxaq, bunun üçün bəzi əlavə şərtlər irəli sürməyə çalışacağıq. Fərqlərin olduğu yer budur.

Bunun daha bir sübutu budur ki, Nikol Paşinyan Qarabağ hərəkatının 35 illiyi ilə bağlı bəyanat verib. Və yenə də hərəkat haqqında “milli oyanış, birlik və azadlıq mübarizəsi”, “Arsax “xalqının” haqqı və iradəsi”, Azərbaycanın “Qarabağ “xalqının” iradəsini qırmaq məqsədi daşıdığı” tezisləri səsləndi. Bunların hamısı, ilk növbədə, revanşistlərə qarşı manipulyasiyalardır ki, Paşinyanı devirməsinlər.

Ermənistanın baş naziri diasporun, Fransanın, bütövlükdə NATO dövlətlərinin dəstəyini hiss edir, ona öz mövqelərini gücləndirəcəyini vəd edərək və Ermənistanı Avropayönümlü kursa sövq etməyə çalışırlar. Nəticə etibarı ilə bu ölkələr, təbii ki, hansısa qarşıdurma baş versə, reallıqda kömək etməyəcəklər, Cənubi Qafqazda, əslində, heç nəyi dəyişməyəcəklər, amma indi onların regiona daxil olmaq imkanı var. Onları Qərbdə vəd etdiklərinə şirnikləndirilən Ermənistan fəal şəkildə içəri buraxır.

Ermənistanı Qərbdə inandırırlar ki, bəli, düz deyirsiniz, siz Qarabağ ermənilərinə əlavə üstünlüklər tələb edə bilərsiniz, biz bu işdə sizi dəstəkləyəcəyik, ancaq siz öz oyunumuzu oynamalı və Rusiyadan uzaqlaşaraq Qərbi Avropanı Cənubi Qafqaza buraxmalısınız. İndi bütün bunları edəcəksən, sonra səninlə hər şey yaxşı olacaq. Bu oyunu oynamaq və dəstəkləmək üçün Ermənistan və onun Qərb tərəfdaşları istənilən platformadan istifadə edərək, lazımi informasiya gündəmini fırladırlar.

- Nə üçün Paşinyan əvvəlcə Əliyevlə eyni paneldə çıxış etməyi planlaşdırmadı, sonra isə, deyəsən, fikrini dəyişdi.

- Görünür, onun imicinə daha yaxşı olacağını məsləhət görüblər. Paşinyan Ermənistanın Aİ ilə getdikcə daha çox təmasda olan Avropa dövləti kimi imicini fəal şəkildə təbliğ edir. Ona görə də onun Münxen Təhlükəsizlik Konfransında müzakirədə iştirakı kifayət qədər məntiqlidir. Qərbin strukturları ilə yaxınlaşma yolu ilə fəal şəkildə irəliləyir. O, Qərb oyunçuları tərəfindən ona verilən təkliflərə aktiv şəkildə cavab vermək istəyir.

- Ermənistanın baş naziri sessiyadan Azərbaycana növbəti hücum üçün istifadə etdi. Dedi ki, Azərbaycan guya Laçın dəhlizinə mane olur, üçtərəfli bəyanatı puç edir və ümumilikdə Qarabağ erməniləri üçün humanitar fəlakətə səbəb olur. Əliyev isə öz növbəsində qeyd etdi ki, bu cür bəyanatlar 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan tərəfindən verilir...

- Ermənistanın bu yanaşması Qərb üçün çox faydalıdır- moderatorlu "humanitar fəlakət" mövzusu yaxşı təbliğ olunur. Qərb ümumiyyətlə, əslində, mövcud olmayan bəzi təlqinlər haqqında “timsah göz yaşları” tökməyi xoşlayır. Dünyanın müxtəlif yerlərində dinc sakinlərin bombalanması heç bir şey deyil, normaldır, bunu unuda bilərsiniz. Və əgər hansısa ölkə öz təhlükəsizliyini, hüquqlarını və qanuni maraqlarını axtarırsa, o zaman Qərbin sualları olacaq- “burada humanitar fəlakət varmı”. Eyni zamanda başa düşürük ki, əslində, heç bir humanitar fəlakət yoxdur. Laçın yolu ilə hərəkət var. Və Qarabağda yaşayan mifik “yüz minlərlə erməni” haqqında bütün bu söhbətlər gülüncdür. Ermənistan və onun Qərb tərəfdaşları mövzunu təbliğ etməyə, ondan uğurlu media hay-küy salmağa davam edəcəklər. Qərb üçün onun müttəfiqi pis ola bilməz.

- Maraqlıdır, amma həqiqətən də, panel sessiyasının moderatoru, Konfransın sədri Azərbaycana təzyiq göstərməyə çalışırdı. Əliyevə sual verdi ki, siz dinc gündəmi təbliğ edirsinizsə, humanitar jest kimi Laçın yolunu açmaq istəyirsiniz?

- Niyə, moderator Paşinyana sual vermir ki, məsələn, Ermənistan üçtərəfli bəyanatları niyə yerinə yetirmir. Bu, həm də avropalıların öz danışıqlarında istifadə etdiyi ənənəvi addımdır, deyirlər, biz sizə lazım olan məsələləri müzakirə etməyə hazırıq, amma bundan əvvəl müəyyən güzəştlərə getməli, xoşməramlı jest nümayiş etdirməlisiniz. Bir torpaq parçasından imtina edin, sülh müqaviləsinin bəzi şərtlərindən imtina edin. O zaman demək olar ki, dərhal razılaşacağıq. Bu, bir hiylədir. Çünki bir mövqendən keçsən, ikinci, üçüncü və s. tələblər gələcək. Qərbin vəzifəsi var ki, qarşı tərəfi bir yerdə əysin, əyilərsə, növbəti güzəşti tələb etsin. Bu, tez-tez istifadə olunan və buna görə də məşhur olan çətin bir mövqedir.

Əliyev cavab olaraq, əslində, Azərbaycanın daxili işlərinə qarışmamağı, beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət etməyi tövsiyə etdi və Münxen konfransının sədrinə xatırlatdı ki, beynəlxalq strukturlar, o cümlədən Avropa strukturları, İllərdir Ermənistan-Azərbaycan münaqişəsini həll etmək istəmədilər, baxmayaraq ki, bunun üçün bütün sənədlər var idi.

- Moderator Nikol Paşinyana Ermənistanın KTMT-dən çıxmağı planlaşdırdığını soruşduqda, Ermənistanın baş naziri deyib ki, İrəvanın hələ də bu strukturun “siyasəti” ilə bağlı “narahatlığı” var.

- Ermənistan Paşinyanın rəhbərliyi altında “Overton pəncərəsi”ndən istifadə edərək Avropa və ABŞ ilə yaxınlaşmağa doğru gedir. Paşinyan Ermənistanda hakimiyyətə Amerikanın himayədarlıq etdiyi fiqur kimi kimi gəlib. Onun erməni cəmiyyətini dərhal anti-Rusiya istiqamətinə çevirməsi mümkün deyildi. Əvvəlcə, mediada geniş, ciddi anti-Rusiya kampaniyası aparmaq, bununla da əhalinin şüurunu tədricən yenidən formatlaşdırmaq lazım idi. Son illərdə bu, İrəvanda həyata keçirilir. Bu gün beynəlxalq proseslərdə belə tam yenidən formatlaşdırmanın nümunələrini görürük. İndi İrəvan Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi üçün şəraiti hazırladığına görə belə siyasət öz bəhrəsini verəcək. Paşinyan Rusiya ilə ortaq layihələrdən geri çəkilmək barədə daha da açıq danışacaq. Bu, Rusiyanın Ermənistan üçün əsas strateji müttəfiqdən düşmənə doğru formatlaşdırılmasına işarədir. Təbliğ etməlisən ki, Rusiya həmişə “işğalçı və satqın” olub, bizim müttəfiqlərimiz isə Parisdə, Londonda və Vaşinqtondadır.

- Əliyevlə Paşinyanın görüşünün ABŞ-ın vasitəçiliyi ilə keçirilməsini necə şərh edərdiniz?

- Əgər ABŞ-ın ən böyük səfirliyi İrəvandadırsa, bu, onların xarici siyasətinin strateji istiqamətlərindən biridir. Və məncə, Blinken, Əliyev və Paşinyan arasında danışıqların aparılması Azərbaycanın xeyrinə deyil, nizamlanmaya təsir etmək cəhdi kimi qəbul edilə bilər.

Bəli, təbii ki, Azərbaycan müxtəlif beynəlxalq formatlarda Ermənistanla münasibətlərinin normallaşması prosesində iştirak etməlidir. Dövlət Departamentinin rəhbəri ilə görüş isə Bakı üçün vacibdir, amma burada düşmənə zərbə vurmaq da vacibdir. Hansı ki, Əliyev tərəfindən ənənəvi şəkildə edildi.

Azərbaycanın təşviq etdiyi və beynəlxalq hüquqa əsaslanan şərtlərlə sülh müqaviləsi imzalaması vacibdir. Bəli, bu yaxınlarda Ermənistana göndərilən missiya ilə bağlı rəsmi Bakıdan Aİ-nin ünvanına tənqidlər eşitdik. Bu, siyasətdir. Burada Azərbaycan manevr etməlidir. O, Qərb dövlətləri ilə ortaqlığı götürə və tərk edə bilməz. Bu, qeyri-realdır. Əsas odur ki, Azərbaycanın siyasi maraqları nəzərə alınır. Amma Bakı heç bir kəskin addım atmayacaq.

Rusiya da, gördüyümüz kimi, eyni zamanda tərəflərlə sülh sazişi üzərində işləyir. Bir neçə gün əvvəl Putinlə Əliyev arasında telefon danışıqları olub. Cənubi Qafqaz Rusiya üçün mühüm istiqamətdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər