PDF Oxu

MİA

  • 10 710

Gələcək gələcəkmi? - ANALİZ

image

Gənclərin gələcəyi bizim gələcəyimizdən parlaq olacaq

Gənclik insan həyatının xəzinəsidir. Bu xəzinənin qiymətləndirilməsinə görə insan ya böyük sərvət– kamil ömür əldə edir, ya da faciəvi qocalıq yaşayır. Gənclər hər dövrdə və hər coğrafiyada xalqların ən qiymətli sərvəti olub. Gəncliyin dəyəri həm də ona görə böyükdür ki, o, keçmişlə gələcək arasında körpünün yaradılmasına xidmət edir, ənənələr ilə yeniliklər arasındakı körpüdür, öz keçmişini gələcəyə daşıya biləcək ən mühüm vasitədir. Yenilikçi, ixtiraçı gənclik milli və mənəvi dəyərlərə görə tərbiyə aldıqdan sonra o gələcək möhkəm olmağa məhkum olacaq.

Ümid sizədir ancaq...

Əslində, kəşf olunmağı gözləyən ən böyük dəyərlərimizdən biri də gənclərdir. Gənclik öz yolunu və həyat tərzini təyin etməyin başlanğıc dövrüdür. Bəşəriyyət cəmiyyət kimi formalaşmağa başladığı vaxtdan gəncliyə xüsusi önəm verib. Bütün dinlərdə gənclərlə bağlı hikmətli sözlər deyilir, bütün müdriklər gənclərin gələcəyə körpü olması barədə danışıb, mənəvi dəyərlərə önəm verilərək tərbiyə olunmalarını əsas tutub, bütün xalqlar vətənpərvərliyi onların timsalında təbliğ ediblər.

Milllətçilik ideallarında millətin gələcəyi onlara tapşırılır, sosializm öz gələcəyini bu ideyalara sadiq gənclərdə görür, dövlət öz siyasi kursunun təbliğini potensial vəd edən gənclərə həvalə edir, milli-mənəvi ənənələrin təbliği onlar vasitəsi ilə həyata keçirilir. Çünki gənclər cəlddir, temperamentlidir, parlaq gələcək vəd edirlər. Asanlıqla öyrənirlər, öyrəndiklərini asan tətbiq edirlər. Gənclər həmişə yenilikçidirlər, lakin bunun fonunda əgər milli adət və ənənəyə, vətənpərvərlik ideyalarına sadiq qalınaraq tərbiyə olunublarsa həm millətçiliyə, həm dövlətçiliyə, həm mənəviyyata, həm də vətənpərvərlik ideyalarına sadiqdirlər.

Bu gün hər kəsin qəbul etdiyi qaçılmaz bir həqiqət var ki, o da uşaqlarımızın yaşayacağı zaman bizim yaşadığımız zamandan çox fərqli olacaq. Bu baxımdan övladlarımızın malik olacaqları bilik, bacarıq və davranışlar əlbəttə ki, valideynlərinkindən fərqli olacaq. Onlar yaradıcı, yenilikçi, ixtiraçı bir dövrdə yaşayacaqlar, innovasiyanın bütün mərhələlərini keçəcəklər. Valideyn olaraq bizim borcumuzdur ki, innovativ gələcəyə övladımız öz mədəniyyətinə, adətinə vətəninə bağlı fərd kimi getsin.

Kəkili yandan qoyan dəllək – təhsil

Bugünkü təhsil sistemi onlara innovativ bir gələcək vəd edirmi? Birmənalı olaraq yox. Onların potensialını üzə çıxaracaq təhsil sistemi yaradılmalı və tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrdə qəbul edilməyən təhsil proqramları ilə şagirdlər üzərində dəlləklik edən təhsil sistemimiz bunu onlara borcludur. Effektiv öyrənmə və imkanları özündə ehtiva edən dinamik özül yaradılmalıdır. Fərqlilik yaratmaq adı ilə naməlum təhsil proqramlarını tətbiq edib uşaqların beynini qarışdırmaq yerinə effektiv üsullar tapılmalıdır.

Gənclərin analitik və düşünmə qabiliyyətini inkişaf etdirməsi və uğur qazanması üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Ölkəmizdə nə qədər gənc dərsdən əlavə hər hansı beyin inkişafı vəd edən layihələrə, təlimlərə qoşula bilir? Bunun üçün maddi və mənəvi imkanı, şəraiti olurmu? Gələcək həyatına hazırlıq mərhələsində olan gənclər ahıl və qocalıq çağlarına hansı yatırımı edə bilirlər?

Həm yenilikçi, həm vətənpərvər

Gənclərin əksəriyyəti elmi, texnoloji inkişafları yaxından izləmək və bunu sosial və iqtisadi faydaya çevirmək qabiliyyətinə malik olur. Bu bacarıqlarını cəmiyyətimiz üçün faydaya çevirəcək qazanc əldə etmək üçün dövlət onlara maksimum imkan yaratmalıdır. Rifah səviyyəsini yüksəltmək, gələcək nəsillərə daha parlaq bir ölkə miras qoymaq istəyən dövlət əlini daşın altına qoymalıdır.

Gənclər, adətən, problemlərdən xəbərdar olur, maraqlanır və araşdırma aparır, yaradıcı olur və təxəyyülünü inkişaf etdirir, həll yolları fikirləşir. Daha kreativdirlər, daha dinamikdirlər. Dayanmırlar, yorulmurlar, daim axtarışdadırlar. Təşəbbüskar, dəyişikliklərə və inkişafa açıq olan, eyni zamanda dəyərlərinə, milli kimliyinə sadiq olan gənclik yetişdirmək bizim dövlətə və cəmiyyətə ən böyük xidmətimiz olar.

Bu gün çox təəssüflər olsun ki, biz uşaqlarımızı milli düşüncə sahəsində yetişdirə bilmirik. Onların milli kimliyini, vətənpərvərlik ideallarını düşünməyə vaxtı olmur. Fasiləsiz olaraq imtahana hazırlaşan, durmadan oxuyan, kurikulum girdabında boğulan gənclik milli-mənəvi məsələlərə vaxt ayıra bilmir. Biz hər baxımdan savadlı, yenilikçi, ixtiraçı gənclik yetişdirəcəyik, amma bunun əvəzinə mənəvi və milli dəyərlərə malik nəsil yetişdirə bilməyimiz sual altındadır. “İkisi bir arada olmazmı?” deyə soruşa bilərsiniz. Əlbəttə mümkündür. Lakin bunun üçün gənclərə nəfəs almaq üçün şərait yaratmalı, yüklərini azaltmalıyıq.

Problemi olan gənc vətənpərvər ola bilmir

Dövrün gənci təhsil və iş arasında qalıb əzilir. Maddi problemləri başından aşıb-daşan biri üçün vətənpərvərlik ideyaları, milli kimlik məsələləri nə qədər real görünür? Gənclərin oxumaq həvəsi var, lakin bu yolda yalnız olurlar. Həyat günü-gündən çətinləşir, indi yaşamaq bahalıdır. İş və təhsil arasındakı məngənədə sıxışıb qalan gəncin elmə, təhsilə olan təşnəsi elə bu məngənənin dişləri arasında məhv olub gedir. Bu problemlərin fonunda sizcə onlar milli “mən”ini nə qədər düşünə bilər?

Ölkəmizin istədiyimiz səviyyəyə çatması üçün ən vacib məsələlərdən biri gələcəyimiz olan gənclərin hərtərəfli yetişməsi olacaq. Ən son innovasiyaların tətbiq olunduğu bir gələcək düşünün və bu gələcəkdə milli “mən”ini tanıyan, vətəninə xidmət edən gənclərin var olduğunu xəyal edin. Onlar özləri ilə birlikdə cəmiyyəti də yeniləyəcək. Elm və texnologiya üzərində hökmranlıq etməyi, yeniliklərdən şüurlu şəkildə istifadə etməyi bacaran, yeni kəşflər edən və eyni zamanda milli kimliyini unutmayan, bütün ixtiraları ilə vətəninə, xalqına xidmət etmək istəyən gənclik yetişdirmək bir ölkənin, bir dövlətin gələcəyə ən böyük yatırımıdır. Amma ölkəmizdəki təhsil sistemində olan çatışmazlıqlar həll edilmədikcə, xaricə beyin axını davam etdikcə bizim ölkəmiz üçün o gələcək gəlməyəcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər