PDF Oxu

MİA

  • 12 892

Sergey Voronin: Lavrovun Bakı səfəri çərçivəsində sıçrayışlı qərarlar qəbul edilə bilər - MÜSAHİBƏ

image

“Biz özümüz üçün daha ciddi şəkildə müəyyən etməliyik ki, əslində, kim bizim dostumuz, kim düşmənimizdir”

Tanınmış rusiyalı politoloq Sergey Voronin “Moskva-Baku” portalına müsahibəsində Ermənistan-Azərbaycan nizamlanma prosesi ətrafında baş verən son hadisələri şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan dəfələrlə rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağda qalmasından narahatlığını bildirib. Azərbaycanın xarici işlər naziri dekabrın sonunda Moskvaya səfəri zamanı bəyan edib ki, Vardanyanın Qarabağda qalması sülh prosesinə töhfə vermir, əksinə, ona zərər verir. Bu yaxınlarda Münxendə Azərbaycan və Ermənistan liderləri arasında ABŞ dövlət katibi İlham Əliyevin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra o, rəsmi Bakının Qarabağın erməni əhalisinin hüquqları ilə bağlı yalnız orada anadan olmuş və orada yaşayan ermənilərlə danışıqlar aparacağını bəyan etmişdi, göndərilmiş missionerlərlə yox. Bu günlərdə Vardanyanın “dövlət naziri postundan” istefası açıqlandı...

- Ondan başlayım ki, Vardanyanın Qarabağda görünməsi məsələsinə həddindən artıq diqqət yetirildiyini deyənlər ilk baxışdan haqlıdırlar. Ancaq bu, yalnız ilk baxışdan belədir. Belə görünür ki, bu, öz maliyyə sərvətini siyasi kapitala çevirməyə çalışan bir oliqarxın növbəti uğursuzluğudur. Bu cür misalları çox bilirik. Bəli, Ruben Vardanyan da “dövlət naziri” postunda uzun sürmədi. Lakin mən bu mövqe ilə razı deyiləm. Onun Qarabağdan çıxması Qarabağ məsələsi ətrafında vəziyyətin gələcək vektorunu müəyyən edə bilər.

Bildiyiniz kimi, onun “istefa”sının səbəbləri tənlikdən kənarda qaldı. Siyasətdə təsadüf yoxdur.

İrəvan üçün Vardanyan sövdələşmə predmeti idi. Bakı üçün isə onun “istefası” müəyyən siyasi qələbə idi, çünki Azərbaycan öz məqsədinə çatdı. Məsələ burasındadır ki, son altı ayda Ermənistan-Azərbaycan nizamlanmasını və Qarabağ ətrafında vəziyyəti rahatlıqla dondurulmuş adlandırmaq olar. Bu müddət ərzində biz real məhsuldar dinc irəliləyiş görmədik, durğunluq var idi, hətta Vardanyanın gəlişi ilə daha da gücləndi, o, Bakı üçün qıcıqlandırıcı amilə çevrildi. Bundan başqa, dekabrın əvvəlindən Rusiyanın o vaxtdan bəri həll etməyə çalışdığı Laçın dəhlizi ətrafında çətin vəziyyət yaranıb. Və inanıram ki, Vardanyanın gedişindən sonra vəziyyət tezliklə öz həllini tapacaq.

- Ermənistanın Qarabağın qondarma statusu məsələsini sülh müqaviləsinin bəndinə daxil etmək istədiyi tezisin perspektivləri necədir?

- Qarabağın statusu ilə bağlı perspektivlər Azərbaycan prezidenti tərəfindən mütəmadi olaraq səsləndirilir. Qarabağ Azərbaycandır. Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycan olması faktını Rusiya prezidenti də deyib. Məhz bu geosiyasi reallıq vasitəsilə Qarabağ münaqişəsi, nəhayət, həll olunmalıdır. Başqa cür ola bilməz.

- Fevralın ortalarında ABŞ dövlət katibinin vasitəçiliyi ilə Münxendə Əliyevlə Paşinyan arasında danışıqlar aparıldı. İndi Dövlət Departamenti bəyan edib ki, Avropa Şurasının rəhbəri Azərbaycan və Ermənistan liderlərinə Brüsseldə yeni görüşlə bağlı təklif verib. Düzdür, Rusiya da Azərbaycan və Ermənistan tərəfləri ilə nizamlanma ilə bağlı intensiv danışıqlar aparır... Bu yaxınlarda Putinlə Əliyev, Putinlə Paşinyan arasında telefon danışıqları oldu. İndi Rusiya xarici işlər naziri Azərbaycana rəsmi səfərə gedib...

- Aydındır ki, bu və ya digər şəkildə Rusiyanın Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesindən sıxışdırılmasına çalışılır və bu vəziyyəti Moskva üçün qəbuledilən adlandırmaq olmaz. Erməni tərəfi bir ildən artıqdır ki, Qərbə doğru sürüklənir və son vaxtlar bu hərəkat daha da güclənib. İrəvanın qərbyönlü vektoru göz qabağındadır. Ermənistan tərəfi həmişə Qərbi nizamlanmaya cəlb etməyə çalışıb. Üstəlik, bunun üçün müəyyən resurs var idi və var: Fransada və ABŞ-da nəhəng erməni diasporu fəaliyyət göstərir. Xatırlayırıq ki, Fransa prezidenti Emmanuel Makron məhz ermənipərəst mövqedən çıxış edərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqlar aparmağa çalışıb.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu yaxınlarda Moskvada Azərbaycan Milli Məclisinin sədri ilə görüşdə Ermənistanın vektoru ilə bağlı çox düzgün dedi ki, bu yolla Ermənistan dövlətçiliyini itirə bilər. Əvvəllər, yaxşı, biz münasibətlərdə birtəhər aydın vurğular yerləşdirə bilmirdik, ehtiyatlı idik, baxmayaraq ki, Ermənistanın Rusiyadan uzaqlaşdığını çoxdan görmüşük. Və bu gün Moskvanın bu mövqeyinin daha yüksək səslənməyə başlaması böyük əhəmiyyət kəsb edir.

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Əliyevlə Paşinyan arasında Münxendə keçirilən görüşdə Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünün Brüsseldə keçirilməsi təklifi irəli sürülüb. Bütün bunlar Rusiya üçün narahatedici məqamlardır.

Qərb “tərəfdaşlarının” şübhəsiz ki, Cənubi Qafqazda, hətta daha çox desək, Qarabağ zonasında heç bir əlaqəsi yoxdur. Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinə region ölkələri - Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran daxil olmalıdır. Əsasən, başqa heç kimə dəxli yoxdur.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı belə görüşlər təşkil edən Qərb tərəfdaşları təsadüfən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsas moderatoru kimi Rusiyanın mövqeyinin zəiflədilməsi mövzusunu gündəmə gətirirlər ki, guya Rusiya sülhməramlı kontingenti heç bir rol oynaya bilməz. Rusiyada belə qüvvə yoxdur deyirlər. Əgər belədirsə, onda gəlin Cənubi Qafqazda Qərb təsirimizi gücləndirək. Bu, Aİ-nin genişləndirilmiş iki illik hərbi-mülki missiyasının Ermənistana göndərilməsinə səbəb oldu. Rusiya üçün belə bir fon, əlbəttə ki, yaxşı adlandırıla bilməz.

Aydındır ki, danışıqlar prosesindəki durğunluqdan Azərbaycanın da narazılıq etmək hüququ var. İlham Əliyev Rusiya lideri Vladimir Putinlə əla şəxsi münasibəti olan, Rusiyanın Azərbaycan üçün nə olduğunu başa düşən prezidentdir. Azərbaycan lideri danışıqlar prosesində Rusiyanın mövqelərindən əl çəkməyəcək. Hər halda, Putin və Əliyev, əminəm ki, bu istiqamətdə öz addımlarını əlaqələndirirlər.

Həm Rusiya, həm də Azərbaycan regionda sabitliyin olmasında tamamilə maraqlıdır. Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsində Türkiyə də iştirak edir. Bakı ilə Ankara arasında mövcud olan əlaqələri nəzərə alsaq, bu, başadüşüləndir. Ona görə də ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Bakı-İrəvan-Moskva-Ankara dördbucağında həll edilməlidir.

Əminəm ki, qapalı kanallar vasitəsilə Moskva və Bakı Qarabağ probleminin həlli üzərində işləyir. Rusiya XİN rəhbərinin Bakıya səfəri çərçivəsində isə sıçrayışlı qərarlar qəbul edilə bilər. O cümlədən, Laçın yolu ətrafında yaranmış vəziyyəti həll etmək üçün razılaşmalar ola bilər.

- Ötən gün Azərbaycan xarici işlər naziri dedi ki, Ermənistan normal danışıqlardan imtina edir, sülh müqaviləsi üzrə təkliflərin mübadiləsi üçün hər şey “onlayn formata” keçib. Məlum olduğu kimi, Ermənistan Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifindən imtina edib.

- Ermənistan-Azərbaycan probleminin bu gün həll olunmaması birbaşa Nikol Paşinyanın arxasında dayanan “kollektiv Qərb”ə lazımdır. Hamısının səbəbi budur. Və Azərbaycanla Ermənistan arasında yeni sabitliyin pozulması yolu ilə “kollektiv Qərb” MDB məkanının dağılmasını təşkil etməyə çalışır. Cənab kuklaçıların həmişə qarşısına qoyduğu məqsədlər bunlardır. Ermənistanın bugünkü hərəkətləri respublikanın baş nazirinin tamamilə qərb təsir zonasına daxil olmasının nəticəsidir. Əgər son vaxtlar baş verən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların icrası davamlı olaraq pozulursa, o zaman nizamlanmaya doğru hər hansı hərəkətdən danışmağa ehtiyac qalmayacaq. Nə Qərbə, nə də Paşinyana nizamlanma lazım deyil. Onların başqa vəzifələri var.

- Sergey Lavrovun Bakıya rəsmi səfəri Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ildönümünə təsadüf edir. Sizcə, bir ildən sonra vəziyyəti dəyərləndirərkən, belə bir bəyannamənin imzalanması onun zəruriliyini təsdiq edirmi?

- Sergey Lavrovun səfəri yalnız Azərbaycanla müttəfiqliyi gücləndirmək məqsədi daşıyır. Rusiya Azərbaycanla münasibətlərini daha da gücləndirməlidir. Xüsusilə, son zamanlar İrəvanın mövqeyini nəzərə alsaq, bunun üçün heç bir maneə görmürəm.

Elə bu günlərdə İrəvanda Rusiyaya qarşı növbəti mitinq keçirilib, şüarlar səsləndirilib ki, Rusiyanı Moskvaya oturtmaq lazımdır. Bunu necə başa düşmək olar, bu bizim müttəfiqimizdir?! Biz Bakıda belə anti-Rusiya mitinqləri müşahidə etmirik. Bu da çox şeydən xəbər verir. Əgər Ermənistan belə bir seçim edərsə, o zaman biz özümüz üçün daha ciddi şəkildə müəyyən etməliyik ki, əslində, kim bizim dostumuz, kim düşmənimizdir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər