MİA

  • 11 021

Rusiyalı ekspert: Qarabağda yalnız Azərbaycan vətəndaşı olan ermənilər qalacaq - MÜSAHİBƏ

image

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Sergey Lavrovun Azərbaycana səfəri, Qərbin Cənubi Qafqaza münasibətini Moskvanın səciyyələndirməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ətrafında baş verən son hadisələr barədə “Moskva-Baku” potalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə cəhdlərini “kobudluq” adlandırıb.

- Ermənistanın Aİ-nin qondarma monitorinq missiyasını öz ərazisində yerləşməyə dəvət etməsinə Rusiya elitasının reaksiyası kəskin mənfidir. Bu, təkcə XİN-ə deyil, xarici siyasət qərarlarının hazırlanması və qəbulu ilə məşğul olan digər strukturlara da aiddir. Təbii ki, Kremlin özünün son dərəcə mənfi münasibəti. Rusiya XİN rəsmi nümayəndəsinin şərhləri yalnız bu faktı təsdiqləyir.

Nəyə görə kəskin neqativ münasibət - çünki Avropa İttifaqı ilə Rusiya arasında geosiyasi münaqişənin kəskin mərhələsinin olduğu bir şəraitdə Ermənistan faktiki olaraq Aİ-nin monitorinq missiyasını özünə dəvət edərək, “kollektiv Qərb” mövqeyi ilə həmrəydir.

Aİ-nin qondarma “mülki” monitorinq missiyası Cənubi Qafqazda Aİ-yə üzv dövlətlərin xarici kəşfiyyat orqanlarının təxribat fəaliyyətinin pərdəsidir. “Müşahidəçilər”, əsasən, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqla, İrəvanla Moskva arasında müttəfiqlik münasibətlərini pozmaqla məşğul olacaq xüsusi xidmət orqanlarının işçiləridir. Ermənistan faktiki olaraq Rusiyaya qarşı təxribatçı fəaliyyətlə məşğuldur.

- Bakıda mətbuat konfransında Sergey Lavrov bildirib ki, Ermənistanın baş nazirinin Rusiyanın respublikada hərbi mövcudluğunun təhlükəsizliyə zəmanət vermədiyi, əksinə, təhlükəsizliyə təhdid olması barədə əvvəllər dediyi sözləri Paşinyanın vicdanına buraxıram...

- Bu, nazirin belə sadələşdirilmiş diplomatik ifadəsidir. Diplomatik dildən siyasi mesaja çevrilən bu, Ermənistan rəhbərliyinin fəaliyyətinə daha bir kəskin mənfi cavabdır.

- Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etdi ki, Qarabağ məsələsi heç bir şəkildə Ermənistanla Azərbaycan arasında sazişdə əksini tapmamalıdır. Bu bəndi sülh müqaviləsinə daxil etməyə bu qədər fəal cəhd edən İrəvanın mövqeyi necə oldu? Yoxsa bütün bunlar, sadəcə, reklamdır?

- Nikol Paşinyanın ətrafının atmacalarını şərh etmək mənasızdır. Qarabağ Azərbaycandır. Alen Simonyanın bəyanatının heç bir mənası yoxdur, siyasi baxımdan əhəmiyyətsizdir. Hər şeyi deyə bilər. Qarabağ Azərbaycandır.

Azərbaycan Qarabağın erməni icması ilə təmaslar üzrə nümayəndə təyin edib. Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan nümayəndəsi ilə erməni ictimaiyyət nümayəndələri arasında birbaşa təmaslar aparılıb.

Qarabağ bölgəsində Ermənistan tərəfinin qanunsuz hasilat həyata keçirdiyi yataqların ekoloji monitorinqi prosesi praktiki icra mərhələsinə yaxınlaşır. Və yaxın gələcəkdə Azərbaycan dövlətinin müvafiq nəzarət orqanları lazımi tədbirləri görə biləcəklər.

Görüşdə Qarabağda yaşayan erməni icması nümayəndələrinin necə inteqrasiya olacağı ilə bağlı müzakirələrə başlanılıb. Yəni, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə inteqrasiyası üçün konkret əməli işlərə başlanılır. Bunu istəməyənlər köçməli olacaqlar. Ya Ermənistana, ya ABŞ-a, ya Fransaya, ya da başqa yerə. Qarabağ ərazisində yalnız Azərbaycan vətəndaşlığını qəbul etməyə razı olan və Azərbaycan qanunları ilə yaşayan ermənilər qalacaq.

- Həmin Simonyan İrəvanın Ermənistan-Azərbaycan sərhədi ətrafındakı vəziyyətlə bağlı Rusiyanın mövqeyini tənqid etməsinə Moskvanın reaksiyasını “şişirdilmiş əsəbilik” adlandırıb və əlavə edib ki, “Rusiya bu problemi həll etməli idi”, çünki Ermənistanın təhlükəsizliyinin, ərazi bütövlüyünün təminatçısıdır və əgər bunu edə bilmirsə, o zaman ictimaiyyətə bəyan edilməlidir.

- Mən artıq öz mövqeyimi açıqlamışam: əgər bəzi siyasi xadimlər özlərini dünya sivilizasiyasının taleyinin hakimi kimi təsəvvür edirlərsə, bu, çox gülünc və axmaqlıqdır. Rusiyada bütün xarici siyasət qərarlarını prezident Vladimir Putin verir. Buna görə də, heç kim "əsəb" reaksiyası ilə bağlı hər hansı bəyanatı ciddi qəbul etməyəcək.

- Sergey Lavrovun Bakıya səfərinin əhəmiyyəti nədir?

- Bir il əvvəl Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə əlamətdar sənəddir. Rusiyanın siyasi təbəqəsi, Kreml, təbii ki, Azərbaycanı hətta postsovet məkanında da deyil, dünya geosiyasətinin qlobal sahəsində əsas tərəfdaşlarımızdan, müttəfiqlərimizdən biri hesab edir. Sergey Lavrovun çıxışında qeyd etdiyi kimi, Rusiya prezidenti şəxsən Azərbaycanla müttəfiqlik əməkdaşlığının inkişafına ciddi diqqət yetirir. Bakı ilə Moskva arasında müttəfiqlik əlaqələri həm regional, həm də beynəlxalq müstəvidə sabitləşdirici amildir

İndi isə Sergey Lavrovun Bakıya səfəri zamanı tərəflər Bəyannamədə müəyyən edilmiş qarşılıqlı öhdəlikləri bir daha təsdiqləyiblər. Rusiya diplomatiyasının rəhbərinin səfəri qlobal geosiyasi təlatümlərin belə çətin dövründə Moskva ilə müttəfiqlik münasibətlərini inkişaf etdirməyə yönəlmiş mövqeyinə sadiq qaldığına görə rəsmi Bakıya hörmət və təşəkkür etmək məqsədi daşıyırdı.

Azərbaycan Prezidenti Rusiya xarici işlər naziri ilə görüşdə Rusiyanın respublika üçün qardaş, müttəfiq və qonşu olduğunu vurğulayıb.

Tərəflər həmçinin diqqəti təkcə ikitərəfli deyil, həm də regional və hətta haradasa qlobal xarakter daşıyacaq meqalayihələrin həyata keçirilməsinə yönəltdiklərini diqqətə çatdırıblar. Lavrov qeyd edib ki, bu, Rusiya və Azərbaycanın aparıcı iştirakı ilə bu regionda əməkdaşlığın nə qədər perspektivli olduğuna sübutdur. Bura Şimal-Cənub nəqliyyat dəhlizi, Transxəzər marşrutları, Xəzər ehtiyatlarının birgə işlənməsi daxildir. Bu, yanacaq-energetika kompleksində əməkdaşlıq, sənaye istehsalı sahəsində əməkdaşlıqdır.

Mən iqtisadi bazanın inkişaf etdirilməsini çox vacib hesab edirəm. İqtisadiyyatın birinci yerdə olmasının qəti tərəfdarıyam. Regional iqtisadiyyatların inteqrasiyası vacibdir, çünki bu gün qloballaşma özünün zəifliyini və çox vaxt lazımsız olduğunu göstərmişdir. Amma regional ittifaqların- iqtisadi, siyasi birliklərin qurulması irəliləyiş üçün perspektivli və səmərəli yoldur. Ona görə də tərəflər Azərbaycanın Aİİ ilə əməkdaşlıq üçün hansı imkanları tapa biləcəyini də müzakirə ediblər, qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı yenidən strukturun sammitinə dəvət olunub. Rusiya və Azərbaycan beynəlxalq strukturlarda- xüsusən də təşkilat statusuna yüksəldilməsi planlaşdırılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Təbii ki, əsas, mərkəzi, ən vacib mövzulardan biri regional təhlükəsizlikdir, yəni Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasıdır. Biz burada ümumi mövqedən danışdıq- biz Ermənistanın qeyri-konstruktiv mövqeyini, onun üçtərəfli öhdəlikləri yerinə yetirmək istəmədiyini bildirdik. Rusiya 2023-cü ilin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında sıçrayış ili olacağına və Prezident İlham Əliyevin formalaşdırdığı 5 əsas prinsipə əsaslanan sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirən Prezident Əliyevin fikrini dəstəkləyib.

Həmçinin regionda tamamilə yeni iqtisadi vəziyyətin lokomotivi olacaq Zəngəzur dəhlizinin açılmasına nail olmaq lazımdır. Rusiya və Azərbaycan tərəflərinin Bakıda qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması “Şimal-Cənub”un Türkiyəyə çıxışını təmin edəcək.

Moskvanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin açarının üçtərəfli bəyanatların həyata keçirilməsi olduğunu vurğulaması vacibdir.

Ermənistan bütün normallaşma proseslərini əngəlləməklə, sadəcə olaraq, öz ayağına güllə atır və bununla da sosial-iqtisadi tərəqqini ləngidir. Zəngəzur dəhlizinin açılması məsələsinin çox siyasiləşdiyini görürük. Rusiyadakı səs-küylü erməni lobbisi bu dəhlizə gələndə sadəcə tüpürcəklə boğulur, Türkiyəni şeytanlaşdırır. Bütün bunlar milli eqoizmin rənglərinə boyanmışdır.

- Lavrovun səfəri Ermənistan üçün nəyi göstərdi?

- Əslində, biz orada Ermənistana heç nə göstərmək istəmirdik. Sadəcə olaraq, səfərdə bu gün Rusiyanın Azərbaycanla, Ermənistanın isə, belə deyək, Rusiya ilə hansısa münasibətləri əks olunub. Ermənistan hələ də Rusiyanın müttəfiqi, KTMT-nin üzvü olaraq qalır, lakin onun tərəfdən biz İrəvanda tamamilə acınacaqlı irimiqyaslı rusofobik mitinqlərin şahidi oluruq. Trend aydın şəkildə sabitləşir.

İndi isə Ermənistan bir daha əmin ola bilər ki, o, tarixin kənarında qalıb, perspektivi qeyri-müəyyən və tamamilə tutqun bir dövlətə çevrilib.

İndi Rusiyaya müəyyən təzyiq göstərmək üçün Qərb kartı ilə oynamaq cəhdi tamamilə əbəsdir. Əgər nə ABŞ, nə də “kollektiv Qərb” Rusiyanın qəbul etdiyi müəyyən qərarları dəyişməyə məcbur edə bilmirsə, onda Ermənistan haqqında nə deyə bilərik. O, Kremlə diktə etmək iqtidarında deyil.

Ermənistan bir daha gördü ki, onun qeyri-konstruktiv mövqeyi heç bir halda Rusiyaya təsir göstərə bilməyəcək. Biz Cənubi Qafqaz regionunda iştirak edirik və regionda əsas geosiyasi və hərbi oyunçu olaraq qalacağıq.

Rusiyadakı erməni lobbisi güclü olsa da, son bir ildə öz təsirini itirib. Məsələ burasındadır ki, əgər əvvəllər Cənubi Qafqazdakı vəziyyətlə bağlı müəyyən siyasi qərarların qəbuluna hazırlıq sferasında erməni nöqteyi-nəzəri üstünlük təşkil edirdisə, son vaxtlar dövlət siyasəti Rusiyanın milli maraqlarına əsaslanır. Bu baxımdan, ötən 2022-ci ildə Xəzər Strateji Araşdırmalar İnstitutu fəal işləyib və o, həm də analitiklərini həm memos, həm də analitik hesabatlar şəklində Rusiya Federasiyasının əsas qərar qəbuletmə mərkəzlərinə təqdim edib. Müşahidə etdiyimiz dəyişikliklər regionda həqiqətən də baş verənləri dərk etməyə, müəyyən qurumlarda monopoliya mövqeyinin olmamasına əsaslanır. Ona görə də indi daha doğru qərarlar qəbul edilir. Bu, çox vacib bir vəziyyətdir. Rusiyanın milli maraqlarına daha həssas, praqmatik baxış son nəticədə, hətta ritorika səviyyəsində baş verən dəyişikliklərə gətirib çıxardı.

Tərcümə- Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər