PDF Oxu

MİA

  • 2 877

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir?- ELMİN SONU - (XXXIII YAZI)

image

Elçin Bayramlı

Seriyamızın bundan əvvəlki hissələrində insanın necə yaranması haqda maraqlı faktları təqdim etmişik. Ondan əvvəlki hissələrdə isə, bitkilərin, heyvanların, ümumiyyətlə həyatın necə yarandığı haqda elmi və dini dəlilləri vermişdik. Bu yazıda isə, həyatın mənbəyi haqda cəfəngiyyatın (təkamül nəzəriyyəsi) elm tərəfindən necə təkzib edildiyinə toxunacağıq.

əvvəli burada

https://sesqazeti.az/news/mia/1271898.html

Həyatın mənşəyi haqda elm nə deyir?- MARAQLI FAKTLAR- 2

Darvinistlər bu problemə həll yolu tapmaq üçün 1930-cu illərin sonlarında "Müasir Sintetik Nəzəriyyə"ni və ya daha çox neo-darvinizm kimi tanınan nəzəriyyəni irəli sürdülər. Neo-darvinizm təbii seçimə "faydalı dəyişikliyin səbəbləri" kimi mutasiyaları - orqanizmlərin genlərindəki radiasiya və ya kopyalama xətaları kimi xarici təsirlər nəticəsində yaranan qüsurları əlavə etdi.

Neo-darvinizm bu gün də təkamüldə təsirini saxlayan modeldir. Nəzəriyyə Yer üzündə milyonlarla canlı növünün qulaq, göz, ağciyər və qanad kimi saysız-hesabsız mürəkkəb orqanlarla birlikdə “mutasiyalar” və ya genetik qüsurlara əsaslanan bir proseslə meydana gəldiyini iddia edir. Ancaq nəzəriyyəni alt-üst edən açıq bir elmi həqiqət var: Mutasiyalar canlıları təkmilləşdirmir; əksinə həmişə onlara zərər verirlər.

Bunun səbəbi sadədir: DNT çox mürəkkəb bir quruluşa malikdir. Bu molekula hər hansı təsadüfi təsir yalnız zərər verə bilər. Genetik alim B.G.Ranganatan bunu belə izah edir:

“Mutasiyalar kiçik, təsadüfi və zərərlidir. Onlar çox nadir hallarda baş verir və ən yaxşı halda təsirsizdirlər. Bu 3 xüsusiyyət mutasiyaların təkamül irəliləyişinə səbəb ola bilməyəcəyini göstərir. Artıq yüksək ixtisaslaşmış orqanizmdə təsadüfi dəyişiklik ya təsirsiz, ya da zərərli olacaq. Qol saatında təsadüfi dəyişiklik qol saatını yaxşılaşdırmayacaq. Çox güman ki, ona zərər verəcək və ya ən yaxşı halda təsirsiz olacaq. Zəlzələ şəhəri abadlaşdırmayacaq; onu məhv edəcək”. (B.G.Ranganathan, Origins?, Pensilvaniya: The Banner of Truth Trust, 1988)

Həqiqətən də, heç bir faydalı mutasiya, yəni genetik məlumatı gücləndirən heç bir nümunə müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu sübut edilmişdir. Təkamül nəzəriyyəsinin “təkamül mexanizmləri” kimi göstərdiyi mutasiyaların əslində canlıları məhv edən və şikəst edən genetik hadisələr olduğu aydın oldu. (Mutasiyanın insanlarda ən çox görülən təsiri xərçəngdir.) Təbii ki, dağıdıcı mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya, Darvinin özünün də etiraf etdiyi kimi, “özlüyündə heç nə edə bilməz”. Bu fakt təbiətdə “təkamül mexanizminin” olmadığını bizə göstərir. Təkamül mexanizmi olmadığı üçün təkamül deyilən xəyali proses baş vermiş ola bilməz.

Fosil tapıntıları təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin əsla baş vermədiyinin ən açıq göstəricisidir.

Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İddia olunurdu ki, daha əvvəl mövcud olan bir növ tədricən digərinə çevrilib və bütün növlər bu şəkildə meydana çıxıb. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik uzun bir dövrü əhatə edib və tədricən inkişaf edib.

Bu halda, iddia edilən uzun keçid dövründə saysız-hesabsız "ara növlər" əmələ gəlməli və mövcud olmalı idi. Lakin elmi fakt budur- Təbiətdə ara formaların izi yoxdur!

Məsələn, keçmişdə yarı balıq və yarı sürünən varlıqlar mövcud olmalı idi ki, onlar hələ balıq xüsusiyyətlərinə sahib olmaqla yanaşı, bəzi sürünən xüsusiyyətləri də qazanmışlar. Yaxud sürünənlər və quşlar ortaya çıxmış olmalıdırlar ki, sürünən xüsusiyyətlərə malik olmaqla yanaşı, bəzi quş xüsusiyyətləri də qazanmışlar. Bunlar bir keçid prosesində olduqları üçün deformasiyaya uğramış, natamam və qüsurlu canlılar olmalı idilər. Təkamülçülər keçmişdə var olduqlarına inandıqları bu nəzəri canlıları “ara keçid formaları” adlandırırlar.

Əgər bu cür canlılar həqiqətən keçmişdə olubsa, onların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Və bu dəhşətli canlıların qalıqları mütləq fosil qeydlərində tapılmalıdır. Darvin bunu “Növlərin Mənşəyi” kitabında belə izah etmişdir:

“Nəzəriyyəm doğrudursa, növləri birləşdirən saysız-hesabsız ara-keçid formaları mövcud olmalı idi... Onların varlığına dəlil isə ancaq fosil qalıqları arasında tapıla bilər”. (Charles Darwin, The Origin of Species: A Faxsimile of the First Edition, Harvard University Press, 1964, s. 179)

Ancaq 19-cu əsrin ortalarından etibarən bütün dünyada aparılan qızğın fosillər axtarışlarına baxmayaraq, bu ara keçid formaları tapılmadı. Qazıntılar və araşdırmalarda əldə edilən bütün tapıntılar, təkamülçülərin gözləntilərinin əksinə olaraq, canlıların yer üzündə birdən-birə, tam inkişaf etmiş və qüsursuz şəkildə meydana gəldiyini göstərmişdir.

Məşhur İngilis paleontoloqu (fosil alimi) Derek W. Ager təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

“Problemimiz budur: Fosil qeydlərini istər növ, istərsə də sinif səviyyəsində təfərrüatlı şəkildə araşdırdığımız zaman davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq: Yer üzündə mərhələli təkamül yolu ilə inkişaf edən qrupları deyil, birdən-birə əmələ gələn qrupları görürük”. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, 1976, səh. 133)

Yəni, fosil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid forması olmadan birdən-birə tam formalaşmış şəkildə ortaya çıxır. Bu, Darvinin proqnozlarının tam əksidir. Üstəlik, bu canlı növlərinin yaradıldığına dair çox güclü dəlildir. Çünki təkamül etdiyi heç bir əcdadı olmayan bir canlı növünün birdən-birə və qüsursuz şəkildə ortaya çıxmasının yeganə izahı növün yaradıldığıdır. Bu həqiqəti məşhur təkamülçü bioloq Duqlas Futuyma da qəbul edir:

“Yaradılış və təkamül canlıların mənşəyinin yalnız 2 mümkün izahıdır. Canlılar ya yer üzündə tamamilə mükəmməl və tam bir formada ortaya çıxıblar, ya da belə olmayıb. Əgər belə deyilsə, onlar bir dəyişiklik prosesi ilə əvvəlcədən mövcud olan bəzi növlərdən təkamül yolu ilə inkişaf etməlidirlər. Amma əgər onlar tam və mükəmməl bir formada ortaya çıxıblarsa, o zaman sonsuz güclü bir ağıl tərəfindən yaradılmalıdırlar”. (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, s. 197).

Fosillər isə canlıların yer üzündə tamamilə mükəmməl və qüsursuz bir şəkildə meydana gəldiyini göstərir. Başqa sözlə, “Növlərin mənşəyi” Darvinin inancının əksinə olaraq təkamül deyil, yaradılışdır.

Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəmə gətirdikləri məsələ insanın mənşəyidir. Darvinin bu mövzuda iddiası müasir insanların meymunabənzər canlılardan törədiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı güman edilən bu proses zamanı müasir insanlarla onların əcdadları arasında bəzi "ara formalar"ın mövcud olduğu iddia edilir. Əslində tamamilə xəyali olan bu ssenaridə dörd əsas "kateqoriya" sadalanır:

1- Avstralopitek

2- Homo habilis

3- Homo erectus

4- Homo sapiens

Təkamülçülər insanların ilk meymunabənzər əcdadlarını “cənub meymunu” mənasını verən “Australopithecus” adlandırırlar. Bu canlılar əslində nəsli kəsilmiş meymun növündən başqa bir şey deyil. İngiltərə və ABŞ-dan olan dünya şöhrətli iki anatomist Lord Solly Zuckerman və Prof. Charles Oxnard tərəfindən Australopithecus nümunələri üzərində aparılan geniş araşdırmalar bu canlıların yalnız nəsli kəsilmiş bir meymun növünə aid olduğunu və insanlara heç bir bənzəmədiyini göstərmişdir. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94; Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, cild 258, səh. 389)

Təkamülçülər insan təkamülünün növbəti mərhələsini də insan mənasını verən “homo” adlandırırlar. İddiaya görə, Homo seriyasındakı canlılar avstralopiteklərdən daha inkişaf etmişlər. Təkamülçülər bu müxtəlif canlıların fosillərini bir-birinin ardınca düzərək xəyali bir təkamül sxemi qururlar. Bu sxem xəyalidir, çünki əslində bu müxtəlif siniflər arasında təkamül əlaqəsi heç vaxt sübut olunmamışdır. 20-ci əsrdə təkamül nəzəriyyəsinin ən görkəmli müdafiəçilərindən biri olan Ernst Mayr bunu etiraf edərək, "Homo sapiensə aparan zəncir əslində yoxdur" demişdir. (J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr," Scientific American, dekabr 1992).

Təkamülçülər "Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens" ardıcıllığını yazdıqda, bu növlərin hər birinin bir sonrakı növünün əcdadı olduğu təəssüratı yaradır. Ancaq paleoantropoloqların son tapıntıları Australopithecus, Homo habilis və Homo erectusun dünyanın müxtəlif bölgələrində eyni vaxtda yaşadığını göstərir. (Alan Walker, Science, cild 207, 1980, s. 1103; A. J. Kelso, Physical Anthropology, 1st ed., New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, Cambridge University Press, cild 7, Cambridge University, s. 7, s. 12).

Bundan əlavə, Homo erectus təsnifatına aid olan bəzi insanlar, Homo sapiens neanderthalensis və Homo sapiens sapiens (müasir insanlar) ilə birlikdə mövcud olaraq çox müasir dövrlərə qədər yaşamışlar. (“Time”, noyabr 1996)

Bu, təbii ki, bu təbəqələrin bir-birinin əcdadı olması iddiasının əsassızlığını açıq şəkildə nümayiş etdirir. Harvard Universitetinin paleontoloqu Stephen Jay Gould özü də təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü çıxılmalığı belə izah edir:

“Bir-birinə paralel yaşayan 3 fərqli hominid xətti var idisə, o zaman nəsil ağacımıza nə oldu? Aydındır ki, heç biri digərinin nəslindən ola bilməzdi. Bundan əlavə, bir-birləri ilə müqayisədə təkamül inkişaf tendensiyası göstərmirlər”. (S. J. Gould, Natural History, cild 85, 1976, səh. 30)

Qısacası, mediada və dərsliklərdə görünən xəyali “yarımeymun, yarı insan” canlıların təsvirləri ilə təbliğ edilən insanın təkamül ssenarisi heç bir elmi əsası olmayan bir nağıldır.

İngiltərənin ən tanınmış və nüfuzlu alimlərindən biri olan Lord Solli Zukerman bu mövzunu uzun illər, xüsusən də avstralopitek fosilləri üzərində 15 illik tədqiqatdan sonra araşdırmışdır. O, təkamülçü olmasına baxmayaraq, meymunabənzər canlılardan insanlara qədər uzanan əsl nəsil ağacı olmadığı qənaətinə gəlib.

Zukerman maraqlı “elmi miqyas” da təqdim edib. Elmi hesab etdiyi bilik sahələrindən qeyri-elmi hesab etdiyi sahələrə qədər bir spektr qurmuşdur. Zukermanın çərçivəsinə görə, ən “elmi”- yəni konkret məlumatlara əsaslananlar kimya və fizikadır. Spektrdə sonrakı yerdə biologiya elmləri, ardınca isə sosial elmlər gəlir. Spektrin ən sonunda, Zukermana görə, ən “elmi olmayan”lar, telepatiya və 6-cı hiss kimi “ekstrasensor qavrayış” anlayışları və nəhayət, “insan təkamülü”dür! Zukerman spektrin bu sonunu belə izah edir:

“Obyektiv reallıq səltənətindən çıxıb biologiya elmləri sayılan bu sahələrə, yəni insanın qalıq tarixinin ekstrasensor qavrayışı və şərhinə daxil olanda görürük ki, təkamül nəzəriyyəsinə inanan bir insan üçün hər şey mümkündür. Əslində, hətta nəzəriyyələrinə möhkəm inananların eyni vaxtda bəzi ziddiyyətli nəticələri qəbul etmələri də mümkündür”. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 19)

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər