PDF Oxu

MİA

  • 1 219

Dəniz zarafatı sevmir - TƏHLÜKƏ

image

Hər il dəniz mövsümündə təhlükəsizlik tədbirlərinə əməl etməyən, qadağan olunmuş ərazilərdə və nəzarətsiz çimən insanların ölüm hadisələri ilə rastlaşırıq. Bu il də istisna olmadı, yay mövsümü başlayandan dəniz xeyli can aldı. Tək nənizdə deyil, çaylar və kanallarda da boğulma xəbərləri tez-tez medianın gündəminə düşdü.

Ən sarsıdıcı boğulma xəbəri iyulun 4-də Şəmkir rayonunda baş verdi. Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğlu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə suni göldə can verdilər. 8,6 və 4 yaşlı uşaqlar nəzarətsiz çimdikləri göldən cansız çıxarıldılar. İyulun 16-da Ağdaşda, Yuxarı Şirvan kanalında 17 yaşlı idmançı - 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu boğuldu. İyulun 17-də Qazax rayonunun Kəmərli kəndində ata və övladı kənddə göldə çimən zaman suda batıblar. Ata boğulub, övladı isə xilas olunub.

İyulun 17-də "Zirə" futbol klubunun 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Fərid Şahverdiyev də dənizdə can verdi. Yeniyetmə futbolçu evlərinin yaxınlığındakı Şüvəlan çimərliyinə 2 dostu ilə gedib, hər üçün boğulma təhlükəsi ilə üzləşiblər, dostları xilas edilsə də, Fəridi xilas etmək mümkün olmayıb. 20 iyulda isə Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşib, 2004-cü il təvəllüdlü Məmmədov Heydər Şaiq oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

20 iyulda Abşeron rayonunun Novxanı kəndində iki yeniyetmə dənizdə boğuldu. Gecə saat 04:00 radələrində dənizə girən iki yeniyetmə yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.20 iyulda Sumqayıt şəhərində də faciəvi hadisə baş verdi. Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında yerləşən çimərlikdə 1971-ci il təvəllüdlü, Sumqayıt sakini Muxatov Asif Mülkədar oğlu boğulub.

22 iyulda Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İyulun 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqladığı məlumatda bildirilirdi ki, yalnız 1 həftə ərzində - 14-20 iyul tarixləri aralığında dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib.

FHN bu vəziyyətlə əlaqdar tez-tez əhaliyə müraciət ünvanlanır. Nazirlik qadağan olunmuş ərazilərdə çimməməyi, çimmə zonazının işarələnmiş sərhədlərini keçməməyi, küçəkli havada dənizə girməməməyi, çimərlikdə gecələməməyi, sərxoş halda dənizə girməməməyi, suda kobud zarafatlar etməməyi, çimərlikdə balıq tutmamağı, dənizə xilasedici qayıqların hərəkətinə mane olacaq avadanlıqlarla və qayıqlarla çimərliyə gəlməməyi məsləhət görür.

Çimərlikdə xüsusilə uşaqlar nəzarətsiz qalmamalıdır, xəbərdarlıq nişanlarına və xilasedicilərin tələblərinə əməl edilməlidir. Hava qaraldıqdan sonra suya girmək həyatınız üçün təhlükəlidir. Heç vaxt təkbaşına suya girməyin. Yanınızda kiminsə olması həyat qurtara bilər. Əgər yaxşı üzə bilmirsinizsə sahildən uzaqlaşmayın. Hətta yaxşı üzə bilən insanlar da açıq dənizdə təhlükə altındadır. Əgər dənizdə axın sizi sahildən uzaqlaşdırarsa, axına qarşı üzməyə çalışmayın, bu sizi yora və batıra bilər. Belə vəziyyətdə çalışın axına paralel üzün, sonra sahilə doğru dönün.

Əgər yorğunsunuzsa, yuxulu, xəstə və zəifsinizsə dənizə girməyin. Alkoqol insan beyninin koordinasiyasını pozduğu üçün sərxoş ikən təhlükə anında çevik davranmaq olmur, ona görə dənizə gedərkən spirtli içki içməyin. Uşaqlara və üzə bilməyənlərə təhlükəsizlik jileti və ya halqası istifadə etmək məsləhət görülür. Həddindən artıq tox və hədsiz acsınızsa dəniz təhlükəli ola bilər, çünki bədən risklərə adekvat davrana bilmir.

Boğulma hallarının çoxu 3 dəqiqədən az vaxtda, çox vaxt səssiz baş verir. Siz nə olduğunu anlamadan dənizin dibinə gedə bilərsiniz. Ona görə də əgər peşəkar üzgüçü deyilsinizsə, ayaqlarınızı yerdən üzəcək dərinliyədək getməyə çalışmayın. Unutmayın, dəniz zarafatı sevmir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər