Məlumat çirkliliyi çaşdırıcı, natamam və ya manipulyasiya xarakterli məlumatların geniş yayılması deməkdir. Sosial şəbəkələrdə, xəbər saytlarında və digər platformalarda əsli olmayan məlumatların sürətlə yayılması insanları məlumat çirkliliyinə məruz qoyur.
Məlumat çirkliliyini yaradan əsas səbəblərdən biri həddindən artıq informasiyanın olmasıdır. Sosial şəbəkələr, xəbər saytları, bloqlar və digər platformalarda eyni anda çoxlu məlumat axınının olması bu çirkliliyə yol açan əsas amildir. Dezinformasiya, qəsdən və ya bilmədən yayılan yalan və ya səhv məlumatlar məlumat çirkliliyinə yol açır. Həmçinin, lazımsız, təkrarlanan, faydalı olmayan, məqsədsiz məlumatlar da xəbər bazarında bolluq yaradır və məlumat çirkliliyinə səbəb olur. Son illər informasiya çirkliliyini yaradan ən başlıca səbəblərdən biri də sosial şəbəkələrin alqoritmləridir, belə ki platformaların diqqət çəkməyə çalışan başlıqlar və sensasiyalara üstünlük verməsi məlumat çirkliliyi yarada bilir. O cümlədən, feyk xəbərlər və manipulyasiya da ictimai rəyə təsir etmək məqsədilə hazırlanmış saxta məlumatlardır ki, informasiya çirkliliyi üçün münbit bazardır.
İnformasiya çirkliliyi yaranan cəmiyyətdə doğru məlumatla yalanı ayırd etmək zamanla çətinləşir. O qədər dezinformasiya yayılır ki, inanmaq, qərar vermək kimi proseslər zəifləyir. Xüsusilə səhiyyə, siyasət və iqtisadi sahələrdə olan məlumat çirkliliyi insanlarda çaşqınlıq yaradır. Bu da öz növbəsində etibarsızlıq və informasiya yorğunluğu yaradır, nəticədə panika meydana çıxır. Xatırlayın, pandemiya dövründə çörək və unla bağlı yayılan dezinformasiyalar mağazalarda hansı bashabaslara, qarışıqlıqlara səbəb olurdu. Eləcə də 44 günlük müharibə zamanı bəzi sosial şəbəkə istifadəçiləri yayılması yasaqlı hərbi məlumatları, yaxud da yalan informasiyaları paylaşaraq ictimaiyyətdə iğtişaşlara və narahatlığa yol açırdılar. İnformasiya çirkliliyi belə-belə yaranır.
Hazırda dünyada informasiya çirkliliyi ciddi problem kimi qəbul edilir, xüsusilə rəqəmsal texnologiyaların, sosial medianın, son olaraq süni intellektin sürətli inkişafı ilə doğru informasiya məsələsi qlobal səviyyədə ciddi problemə çevrilib. Sosial şəbəkələrdəki paylaşım azadlığı, istifadəçilərin öz səhifələrində sərbəst məlumat yayması, mənbə təsdiq edilmədən paylaşmaları cəmiyyətdə xaotik vəziyyətə səbəb olur. Sosial şəbəkə platformalarının alqoritm tətbiqi isə ayrı bir problemdir. Çünki istifadəçinin bir dəfə maraq göstərdiyi tərkib artıq onun alqoritminə çevrilir, davamlı olaraq həmin tərkibdə kontentlərlə qarşılşır. Bu da öz növbəsində informasiya boşluğu yaradır.
O cümlədən saytların, xəbər portallarının daha çox baxış və gəlir üçün əl atdığı yollardan biri də sensasiyalı, aldadıcı, cəlbedici başlıqlarla yanlış və ya şişirdilmiş məlumatlardır. Başlıqla xəbərin mətni arasında vəhdəd olmayan məlumatlar həm dünya mediasında, həm də yerli mediada ciddi problemlərə səbəb olur. Avtomatik sistemlərlə - botlarla saxta məlumatların yayılması da informasiya çirkliliyinə yol açan əsas problemlərdən biridir.
Əslsiz xəbərlərlə yaradılan informasiya çirkliliyi cəmiyyətin dezinformasiyaya inanmasına səbəb olur, çirkli xəbərlər vasitəsilə ictimai rəyə təsir edilir, fərdi düşüncələrə müdaxilə baş verir, süni formada nifrət və ya dəstək ritorikası yaradılır. Bir kontent bir anda ya linç edilə bilir, ya da dəstək yağışına tutulur. İnsanlar çirkli informasiyanın küyünə gedir, desək, doğru ifadə etmiş olarıq.
İnformasiya çirkliliyində cəmiyyətə son zərbəni də süni intellekt (Sİ) vurdu. Onun yaradılması və inkişafı informasiya texnologiyalarında inqilabi dəyişikliklər etsə də, daha çox informasiya çirkliliyinin artmasında rol oynadı. Peşəkarların işinə yaramasından çox oyunbazların oyuncağına çevrilən Sİ ciddi çaşqınlıqlar yaratdı. ChatGPT, Claude, Bard və s. platformalar vasitəsi ilə istənilən insan əsli olmayan xəbər, sosial media postu və ya bloq yazısı yaradaraq paylaşır, insanları olmayan məlumatlara inandırır, informasiya çirkliliyi yaradır. İstifadəçilər bu texnologiyanı inkişaf və faydalı işlər üçün yox, saxta, əsilsiz, bəzən də təhlükəli xəbərlər və manipulyativ məzmunlar yaratmaq və yaymaq üçün istifadə etdilər.
Deepfake (saxta məlumatlar) texnologiyası Sİ-ə imkan verdi ki, real görünən, amma əsli olmayan saxta video və səs yazıları yaratsın və paylaşmağa imkan versin. Bu texnologiya süni intellekt vasitəsilə foto, video və səsi istədiyin kimi idarə etməyə imkan verir. Məsələn, bir şəxsin üz ifadələri və mimikasını başqa bir videodakı adama yerləşdirirlər, səsini saxtalaşdıraraq demədiyi sözləri o deyirmiş kimi göstərirlər. Nəticə etibarı ilə real görünən, amma saxta materiallar yaranır, bir-biri ilə əlbəyaxa dalaşan prezidentlər, bir ölkənin digərinə ultimatumu, məhşur adamların müraciəti kimi görüntülər informasiya bazarında məlumat çirkliliyinə səbəb olur.
Sİ vasitəsi ilə bu gün ortaya çıxan ən böyük problemlərdən biri də şantajdır. Belə ki, xüsusilə qadınların görüntüsünü pornoqrafiq formada montaj edərək qarşı tərəfi şantaj edənlər olur. Bu texnologiya vasitəsi ilə bank kartlarından pul oğurlamaq məsələsi də geniş yayılmış fırıldaqçılıq növüdür. Sizə ailə üzvünüzün nömrəsi ilə zəng edərək onun səsi ilə danışırlar və siz bunun fərqində olmursunuz. Nəticədə özünüz könüllü hesabınızdan pul göndərirsiniz.
İnformasiya çirkliliyindən qorunmaq, səhih məlumata çıxış əldə etmək üçün oxucunun media savadlılığı olmalıdır. Media savadlılığı olan oxucu rəsmi, etibarlı və peşəkar mənbələrə üstünlük verir, məlumatın doğruluğuna şübhə edilməyən mənbələrə baş çəkir. İnformasiyanın doğruluğunu başlıq təyin etmir, ona görə də oxucu yalnız xəbərin başlığına əsaslanmamalıdır, məzmunu dəqiqliklə oxumalıdır. Qarşısına çıxan informasiyaların tarixinə diqqət etməyənlər daha çox məlumat çirkliliyinə məruz qalır. Çünki bir çox hallarda baxış sayı qazana bilmək üçün saytlar və sosial şəbəkə səhifələri köhnə xəbərləri yeni kimi təqdim edir. Oxucu oxuduğu informasiyaya hər hansı emosional reaksiya göstərməzdən əvvəl o məlumatın doğruluğuna əmin olmalıdır: onu qorxudan, təəccübləndirən, sevindirən, narahat edən informasiya nə qədər doğrudur?
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb