MİA

  • 10 375

Aleksey Naumov: Azərbaycan qlobal siyasətdə çox vacib roy oynayır – MÜSAHİBƏ

image

Xəbər verdiyimiz kimi, Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun pandemiyadan sonrakı dövrün çağırışlarına, beynəlxalq və regional təhlükəsizliyə həsr olunmuş Zirvə toplantısında Azərbaycan Prezidenti Bakının mövcud çağırışlara baxışına və mövcud beynəlxalq vəziyyətə dair bir sıra tənqidi tezislər səsləndirib. Azərbaycan dövlətinin başçısı bəyan edib ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizliyin arxitekturasında hazırda köklü dəyişikliklər baş verir. “Yeni Dünya Nizamı transformasiya prosesindədir. İndi bütün dünya Soyuq Müharibə başa çatdıqdan sonra Şərqlə Qərb arasında ən ciddi qarşıdurmanın şahidi olur və bunun bütün dünya üçün nəticələri var”,- deyə İlham Əliyev bildirib.

Çağırışlar arasında Əliyev suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə qarışma hallarının getdikcə daha çox olduğunu qeyd edib və vurğulayıb ki, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da ikili standartlar tətbiq olunur. Qoşulmama Hərəkatı beynəlxalq aləmdə daha görünən və effektiv rol oynamalı və yeni dünya nizamının transformasiyasında fəal iştirak etməlidir. BMT-də islahatlar aparılmalıdır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Bəzi qərarlar icra olunur, bəziləri yerinə yetirilmir. TŞ-nin tərkibi genişləndirilməlidir ki, onu coğrafi baxımdan daha ədalətli etsin. Bir daimi yer Qoşulmama Hərəkatına, bir yer də Afrika üçün ayrılmalıdır.

Bəs beynəlxalq böhran və geosiyasi tendensiyalar fonunda Azərbaycan özünü effektiv dövlət kimi göstərə bilibmi? Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov “Moskva-Baku” portalına müsahibəsində bu məqamları şərh edib. Müsahibəni oxucularımıza təqim edirik.

- Yəqin ki, bu gün Soyuq Müharibə dövründən Qoşulmama Hərəkatının fəaliyyət məntiqinin maksimum dərəcədə aktuallaşmasından danışmaq olar. Hazırkı geosiyasi vəziyyətdə Hərəkat hansı rol oynaya bilər?

- Təbii ki, bu gün Qoşulmama Hərəkatının rolu artır. Çünki soyuq müharibədən sonra geosiyasi vəziyyət dəyişib. Soyuq Müharibə dövründə bir-birinə zidd olan iki blok var idi- əsasən iqtisadiyyatın, dünya maliyyəsinin və resurslarının əksəriyyəti bu bloklarlarda kilidlənmişdi. Qoşulmama Hərəkatına üçüncü ölkələr daxil idi, ona görə də “üçüncü dünya ölkələri” ifadəsi var idi. İndi çoxqütblülüyün artması, dünyanın bir və ya iki blok üzərində sabitləşməməsi fonunda Qoşulmama Hərəkatı öz mühüm rolunu oynaya bilər. Hərəkat bir növ birləşmə mərkəzinə çevrilir. Bunlar ideoloji düşərgələrə aid olmadıqlarını bəyan edən, lakin öz milli maraqlarını, suverenliyini və bu əsasda qarşılıqlı faydalı əməkdaşlığı müdafiə edən ölkələrdir. Bu gün biz Rusiya ilə NATO ölkələri arasında şiddətlənən münaqişənin şahidi oluruq və başa düşmək lazımdır ki, dünya əhalisinin əksəriyyəti bu əks düşərgələrə qoşulmayan ölkələrdə yaşayır.

Buna görə də, indi Qoşulmama Hərəkatı Soyuq Müharibə dövründə olduğundan daha güclüdür, daha əhəmiyyətlidir. Dünya çoxqütblüləşdikcə Hərəkatın əhəmiyyəti şübhəsiz artacaq.

İlham Əliyevin Bakıda Sergey Lavrovu qəbul edərkən vurğuladığı kimi, Azərbaycan Rusiyanın müttəfiqi, dostu, qonşusu və qardaşıdır. Amma bu o demək deyil ki, Azərbaycan bu qlobal qarşıdurmada iştirak etməlidir. Əslində bunu heç kim tələb etmir. Bu, həm də bugünkü Qoşulmama Hərəkatının gücüdür.

- Hərəkata üzv ölkələrin rəhbərləri artıq deyirlər ki, belə ağır beynəlxalq şəraitdə strukturun statusunu yalnız Azərbaycan bu cür yüksəldə bilərdi. Bunun lehinə hansı arqumentlər var?

- Azərbaycana gəlincə, bu, Qoşulmama Hərəkatına rəhbərlik etmək üçün son dərəcə uğurlu dövlətdir, çünki məlum olduğu kimi, təşkilata sədrlik etdiyi illərdə özünü effektiv lider kimi göstərib. Hətta hərəkata qatılan dövlətlərin tələbi ilə, sədrliyi bir il müddətinə uzadıldı. Azərbaycan təşkilatın effektivliyini artırmaq, qlobal çağırışlara təşkilat daxilində cavab vermək bacarığını nümayiş etdirib. Buna misallar – pandemiya dövründə Azərbaycan pandemiya çağırışları məsələsində çox fəal iştirak edirdi: o, BMT Baş Assambleyasının kovidlə bağlı xüsusi sessiyasının təşəbbüskarı oldu, baxmayaraq ki, o, Təhlükəsizlik Şurasının böyük üzvü olmasa da, digər ölkələrə yardım göndərdi. BMT TŞ-də islahatların aparılmasının zəruriliyi ilə bağlı məsələləri qaldırdılar, yəni əslində burada və indi yaranan çağırışlarla dəqiq işlədilər və Hərəkatın institusionallaşdırılmasını gücləndirdilər- Qoşulmama Təşkilatının parlamentlərarası və gənclər şəbəkəsini yaratdılar. Hərəkat kovid çağırışına cavab vermək üçün işçi qruplarının yaradılmasını müdafiə etdi və bu son iclasda minatəmizləmə problemlərinin həlli üçün bir strukturun yaradılmasını təklif etdi, inkişaf etməkdə olan ölkələrin hüquqlarını müdafiə etdi. Azərbaycan bu gün ədalət və beynəlxalq hüquq uğrunda müstəqil bir dövlətdir və özünü təşkilatın effektiv lideri kimi göstərdi. Bundan əlavə, zaman özü Qoşulmama Hərəkatına yenilənmək imkanı verdi. Azərbaycan zamanın nəbzini çox yaxşı hiss edir və təşkilatın düzgün istiqamətdə hərəkətinə istiqamət verir.

Azərbaycan müstəqil dövlətin gözəl nümunəsidir. Bu, heç bir geosiyasi bloka daxil olmayan, heç kimin arxasınca getməyən, öz maraqlarını güdən, zəif və ya asılı olmayan, müstəqil olmayan ölkədir. Azərbaycan bu gün qüdrətli iqtisadiyyata, güclü orduya və sabit daxili siyasi vəziyyətə malik güclü müstəqil ölkədir. Bu, bloklara qoşulmayan ölkə modelidir, bir çox tendensiyalara vektor verə bilən ölkə nümunəsidir. Asılı ölkə deyil, bu dövlət öz xalqının maraqları naminə Rusiya ilə Qərbin qarşıdurmasında iştirakdan imtina edir.

Müstəqillik illərində Azərbaycan özünü beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı kimi göstərdi. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı vəziyyəti həll etmək üçün nə qədər vaxt beynəlxalq hüquqa, dövlət birliklərinə müraciət etdiyini xatırlayırıq. Özünü qaydalarla oynaya bilən və bu qaydaların təminatçılarından biri ola bilən ölkə kimi göstərdi.

Beynəlxalq hüquq mahiyyətcə Azərbaycana xəyanət edəndə nümayiş etdirdi ki, o, müstəqil şəkildə - hərbi gücün köməyi ilə öz qanuni maraqlarını müdafiə edə bilər. Bu, qaydalarla yaşamaq istəyi, öz maraqlarını müdafiə etmək istəyi və beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı olmaq istəyinin çox uğurlu birləşməsidir. Azərbaycan bu gün həqiqətən müstəqil ölkənin ən uğurlu nümunələrindən biridir və bu, təbii ki, Qoşulmama Hərəkatının maraqlarına tam cavab verir.

- Bildiyiniz kimi, bir müddət əvvəl Rusiya Hərəkatda müşahidəçi statusu alıb. Ümumiyyətlə, iclasda Vladimir Putinin səsləndirdiyi tezislərin çoxu məhz Hərəkat dövlətləri ilə münasibətlərin inkişafına yönəlib - bunlar Asiya, Latın Amerikası, Afrikadır. Deyə bilərikmi ki, Rusiya və Azərbaycan eyni istiqamətdə - suveren dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın formalaşması istiqamətində irəliləyir?

- Bu gün birqütblü dünyaya qarşı çıxan Rusiya özünün hansısa “eqoist” maraqları üçün deyil, daha ədalətli beynəlxalq sistemin maraqları üçün mübarizə apardığını vurğulayır. Bunlar Qoşulmama Hərəkatının müdafiə etdiyi prinsiplərdir. Bu baxımdan Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu, bir-birini hiss edən, bir-birini başa düşən, eyni istiqamətə baxan iki ölkədir. Necə ki, Rusiya bunu mümkün hesab etmir və Azərbaycanın dostluğundan, etimadından sui-istifadə etmək istəmirsə, Azərbaycan da başa düşür ki, Rusiya ilə qarşılıqlı faydalı, qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər birləşdirir. Rusiya və Azərbaycanın çoxqütblü dünyaya ümumi diqqət yetirməsi, heç bir ideoloji bloka yönəlməməsi, şübhəsiz ki, kömək edir. Təbii ki, Azərbaycan Hərəkatın lideri kimi hazırda ən “dəbdəbəli”, ən aktual, ən mühüm beynəlxalq impulsun– çoxqütblüləşməyə və bloklara qoşulmamağa və ayrılmamağa yönəlmiş impulsun önündədir.

- Bu günlərdə Sergey Lavrov Bakıda dedi ki, Rusiya ilə Azərbaycan, deyək ki, daha çox Avrasiya strukturlarında əməkdaşlığın inkişafını müzakirə ediblər. Eyni məntiqin bir hissəsidirmi?

- İndiyə qədər, son onilliklərdə birtəhər qəbul edilirdi ki, Avrasiya qalıq prinsipinə görə belədir və Avropa İttifaqı, ABŞ və bütövlükdə Qərb dünyası hər şeydən üstündür. Təbii ki, Rusiya və Azərbaycan nümunə göstərirlər ki, məhz bu Qərb dünyasına diqqət yetirmədən əlaqələr qurmaq olar. Əslində, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı, Qarabağda atəşi dayandıran və münaqişənin yekun həllinə və ərazi bütövlüyünün bərpasına, Azərbaycanın konstitusiya nəzarəti altına alınmasına yol açan üçtərəfli bəyanat göstərdi ki, yerindəcə danışıqlar aparmaq olar. “Böyük qardaş”ın yanına getməyə ehtiyac yoxdur, hansısa üçüncü tərəfin hakiminə getmək lazım deyil, ancaq hər şeyi təkbaşına həll etmək mümkündür. Bəli, bu, dünyanın belə müstəmləkəsizləşməsidir, bu, onun de-unipolarizasiyasıdır. Eyni məntiqin bir hissəsidir. Burada həm Rusiya, həm də Azərbaycan eyni istiqamətə baxır. Təsadüfi deyil ki, İlham Əliyev neokolonial meyllərdən danışıb və Fransanı üzr istəməyə çağırıb. Köhnə dünya dağılır, yenisi yaranır.

- Cənubi Qafqazdan danışırıqsa, Ermənistan yeni dünyanın bir hissəsidir, yoxsa köhnə dünyanın?

- Təbii ki, bu gün Azərbaycan müstəqillik əldə etdikdən sonra öz qüdrətinin zirvəsindədir. O, ərazi bütövlüyünü demək olar ki, tamamilə bərpa etdi, beynəlxalq münasibətlərin məsuliyyətli və müdrik iştirakçısı kimi özünü göstərdi. Azərbaycana qarşı beynəlxalq təşkilatların alətlərindən istifadə etmək cəhdlərinə, hansısa sanksiyaların tətbiqinə nail olmaq cəhdlərinə baxmayaraq, bu, baş tutmadı. Azərbaycan səriştəli enerji siyasəti aparır. Rusiya ilə Qərbin qarşıdurması fonunda Rusiya ilə əla müttəfiqlik münasibətləri saxlayır və eyni zamanda resursa ehtiyacı olan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşa çevrilir.

Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarda şəhərlərin salındığı, Azərbaycan xalqının yeni taleyinin yazıldığı kiçik qızıl bir dövrdə yaşayır. Azərbaycan qurucu dövlətdir.

Müqayisə üçün qeyd edək ki, Ermənistan ən çətin dövrlərdən birini, tənəzzül dövrünü, hətta müvəqqəti yox olma dövrünü, ciddi sistem böhranını yaşayır, erməni xalqını yenidən düşünmək ideyasının özü sual altındadır. Ümid edirəm ki, yenidən düşünmək Ermənistanın beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısına, əhəmiyyətli regional oyunçuya çevrilməsinə zəmin yaradacaq. Əgər belə olsaydı, sülhə, Cənubi Qafqazın sakitləşməsinə, vəziyyətin yaxşılaşmasına töhfə verərdi. Amma Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməyə gücü çatdığı halda, Ermənistan qumdan qalalar, havadan qalalar tikir, əlçatmaz məqsədlər üçün yeni vasitəçilər axtarır. Və belə bir vəziyyətə düşməkdə günahkar Ermənistanın özüdür. Ümid etmək qalır ki, Ermənistan konstruktiv mövqe tutacaq və bütün dövlətlər dağıdıcılıqla deyil, həqiqətən də quruculuqla məşğul olmağı öz öhdəsinə götürə biləcək, müharibədə yox, harmoniyada, ixtilafda deyil, sülh şəraitində yaşayacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər