MİA

  • 18 338

Dmitri Solonnikov: Azərbaycan ərazisindəki erməni silahlıları çıxarılmalıdır – MÜSAHİBƏ

image

Rusiyalı politoloq: “Bakı “Azərbaycan Qarabağda ermənilərin hamısını qıracaq, ermənilər sürünəcək” tipli anti-azərbaycan təbliğatının tezislərini tamamilə pozdu”

Bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi erməni birləşmələri tərəfindən Laçın yolundan yan keçərək Ermənistandan Qarabağa qanunsuz olaraq hərbi texnika, sursat və canlı qüvvə daşımasının qeydə alınması barədə məlumat yayıb. Bazar günü səhər saatlarında Azərbaycan hərbçiləri şübhəli avtomobili yoxlamağa cəhd ediblər, buna cavab olaraq erməni birləşmələri atəş açıb. Nəticədə iki azərbaycanlı hərbçi həlak olub, Ermənistan tərəfdən də ölənlər və yaralananlar var.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib: Bu cür təxribatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmədiyini nümayiş etdirir. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində vəziyyəti şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, ötən həftə Qarabağ məsələsi ilə bağlı iki hadisə diqqəti öz üzərinə çəkdi. Rəsmi İrəvan sülh müqaviləsində Qarabağla bağlı israr etməyəcəyini, yəni rəsmi Bakının mövqeyi ilə razılaşdığını bəyan edib. Bundan sonra Azərbaycanın Qarabağ erməniləri ilə təmaslar üzrə rəsmi nümayəndəsini təyin etdiyi və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə artıq görüş keçirildiyi məlum olub.

- Həqiqətən, biz mahiyyətcə bir-birinə əks olan iki xətt görürük. Bir tərəfdən Ermənistan rəhbərliyindən bəzi müsbət siqnallar qeydə alınmaqda davam edir, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatlar səslənir. Azərbaycan tərəfinin tələb etdiyi sülh müqaviləsinin mətninə Qarabağla bağlı bəndin daxil edilməməsi ilə İrəvanın razılaşması haqda müsbət rəy var. Rəsmi səviyyədə Bakı təmsilçisi ilə Qarabağın erməni icması arasında təmaslar başlayıb, erməni icmasının Azərbaycanın hüquqi strukturuna inteqrasiyası prosesi ilə bağlı müzakirələr başlayıb. Bu çox vacib iki məqamdır.

Sergey Lavrov Azərbaycana səfər edib, bundan əvvəl Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla telefon danışığı aparıb. Moskvanın məkik diplomatiyası konkret müsbət nəticələrə gətirib çıxarmalı idi. Amma birdən-birə sülh prosesinin müsbət tendensiyalarını pozmağa yönəlmiş tamamilə aşkar təxribat baş verdi. Heç kim revanşistlərin, separatçıların mövcudluğunu inkar etməyib və gördüyümüz kimi, onlar sülh prosesini pozmağa çalışırlar. Təbii ki, Ermənistan tərəfi bütün bunları antiazərbaycan təbliğatı kontekstində təqdim edir, günahın Azərbaycanda olduğunu bildirir. Amma biz nə görürük? Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Ermənistanın Laçın yolu ilə qanuni yük daşımaq imkanı var. Erməni tərəfi nə edir? O, Laçın dəhlizində yoxlamaların olmamasından istifadə edərək, silah, mina daşımaq üçün istifadə etməyə başlayır. Dekabr ayından azərbaycanlı fəallar erməni tərəfini belə bir fürsətdən məhrum edəndən sonra Ermənistan tərəfi Laçın dəhlizi ətrafından hərbi yüklərin gizli şəkildə keçirilməsinə qərar verib. Və bu o deməkdir ki, onlar müharibə və qisas istəyirlər. Onlar öz millətçi və separatçı ideyalarına sona qədər sadiq qalacaqlar. Ermənistan tərəfi indi guya Azərbaycanı günahkar kimi göstərir. Bəs yaxşı mənada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq, ümumiyyətlə Qarabağda olmamalı olan silahlı erməni dəstələri niyə Azərbaycan hərbçilərini də atəşə tuturlar və Azərbaycanın qanuni ərazisində yerləşirlər? Bu, quldurların davranışıdır. Bunlar artıq qanuni terrorçu birləşmələrdir. Rəsmi fəaliyyət göstərən yolun dolama yoluna çıxdılar və Azərbaycan qüvvələri ilə rastlaşdılar. Bu da Laçın yolundan Ermənistan tərəfinin silah daşınması üçün istifadə etdiyini və erməni tərəfinin bunu davam etdirmək istədiyini sübut edir. Laçın yolu ilə bağlı erməni tərəfinin, o cümlədən beynəlxalq aləmdə qaldırdığı isterika məhz onunla bağlıdır ki, indi bu yoldan qanunsuz təchizat üçün istifadə edə bilmir.

- Yəni sizcə, bunu rəsmi İrəvan yox, paralel olaraq separatçılar təşkil edib?

- Düşünmürəm ki, İrəvanda yuxarıda razılaşdırılıb, mənə elə gəlir ki, bunlar iki fərqli yönümlü vektordur. Rəsmi İrəvan üçün isə bu hiylə tamamilə yersizdir və mövqelərinin, son günlərin səylərinin üstündən xətt çəkir. Ermənistan hakimiyyəti indi bu vəziyyəti birtəhər düzəltməyə məcbur olacaq.

- Nikol Paşinyan ötən həftə Almaniyada kansler Şolzla görüşdə Azərbaycanın guya Qarabağ ermənilərinin “soyqırımını” təşkil etməyə çalışdığını bir daha təkrar etdi və Qarabağa, Laçın yoluna “fakt toplamaq” üçün beynəlxalq missiya göndərməyə çağırdı. Hamısı bir yerə necə uyğun gəlir?

- Bu, rəsmi İrəvanın Azərbaycan prinsiplərinə əsaslanan sülh müqaviləsinə razılığını ört-basdır etdiyi informasiya dizaynıdır. Paşinyan radikal revanşist qrupların qarşısında bir növ sipər çəkməlidir ki, onlar özlərinin unudulmadıqlarını hiss etsinlər, əks halda revanşistlərin daha şiddətli təxribatları olacaq. Əgər Ermənistan hakimiyyəti bu cür anti-Azərbaycan bəyanatları “atmasaydı”, radikalların təxribatları daha çox olardı. Yaxşı olar ki, radikalların eşitmək istədiyi anti-azərbaycan nəsə desin, sonra hər şey sözlə məhdudlaşacaq. Siyasi bəyanatlar və hərəkətlər iki fərqli şeydir.

Ermənistanın Qarabağı qeyd etmədən sülh müqaviləsi imzalaması vacibdir. Ermənistan hakimiyyəti isə çox güman ki, bunu imzalayacaq. Və məlumatı necə çıxardıqları tamamilə əhəmiyyətsizdir.

Paşinyanın bəzi “fakt toplama” missiyalarının göndərilməsi zərurəti ilə bağlı açıqlamalarına gəlincə, Ermənistanın baş naziri sadəcə olaraq ABŞ-ın, NATO nümayəndələrinin Cənubi Qafqaza daxil edilməsinin zəruriliyi ilə bağlı ona diktə etdiyi xətti həyata keçirir. Ermənistan suveren dövlətdir və gələcəyini özü seçə bilər, istənilən nümayəndəni öz ərazisinə dəvət edə bilər. Bununla erməni xalqı üçün daha yaxşı olacaqmı? Ehtimal yoxdur. Əgər Ermənistan Rusiya ilə münasibətləri kəsmək və Qərblə daha da sıx əlaqəyə girmək istəyirsə, buyursun. İrəvanın NATO-ya üzv ölkələrin müəyyən nümayəndələrinin Qarabağda, Laçın yolunda yerləşdirilməsi ilə bağlı çağırışları heç nəyə gətirib çıxarmayacaq.

- Neçə aydır rəsmi Moskva Alma-Ata bəyannaməsinə istinad edərək, mahiyyətcə Qarabağın Azərbaycan olması mövqeyini səsləndirir. Bu tendensiya bütün tərəflərin razılığından xəbər verirmi: Qarabağın qalan hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq?

- Görünür. Belə bir hiss var ki, erməni tərəfində anlaşma var- məhz bu prinsip əsasında sülh müqaviləsi imzalanmalı olacaq.

- Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlara başlaması faktı. Siz bunu necə qəbul edirsiniz?

- Mən başa düşdüyümə görə, Azərbaycan separatçılarla deyil, erməni icmasının nümayəndələri, sadə insanlarla danışıqlar aparır. Bunlar öz gələcəyini Azərbaycan cəmiyyətinə inteqrasiyada görməyə hazır olan insanlardır.

Ermənistan hakimiyyətinin Bakı ilə Qarabağın erməni icmasının nümayəndələri arasında elə həmin ermənilərin hüquqları ilə bağlı danışıqların belə mexanizmini düzəltməsi, bir tərəfdən rəsmi İrəvani bu məsələyə görə məsuliyyətdən azad edir (onlar deyirlər ki, erməni sakinləri özləri də belə istəyirlər), digər tərəfdən, bu, ümumiyyətlə, Ermənistanın Azərbaycanın sülh şərtləri ilə razılaşdığına dair növbəti siqnaldır.

Azərbaycan hakimiyyəti müntəzəm olaraq yayımlayır ki, əgər erməni icmasının dinc nümayəndələri Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdırsa, buyursunlar. Azərbaycan çox tolerant dövlətdir ki, burada bütün millətlərin nümayəndələri özlərini rahat hiss edirlər. Əgər Qarabağın dinc erməniləri dost çoxmillətli Azərbaycan ailəsinə qoşulmağa və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun yaşamağa hazırdırlarsa, Bakı bunu təmin etməyə hazırdır. Bakı “Azərbaycan Qarabağda ermənilərin hamısını qıracaq, ermənilər sürünəcək” tipli antiazərbaycan təbliğatının tezislərini tamamilə pozaraq dəfələrlə bəyan edib ki, xeyr, belə deyil. Azərbaycan gələcək dinc həyat üçün konstruktiv yol təklif edir. Kim bu yolda getmək istəyirsə, qalacaq, kim özü üçün başqa bir hərəkət seçsə, getsin. Bu, Azərbaycanla Qarabağın erməni icması arasında ünsiyyət üçün çox düzgün və savadlı qərardır.

- Lavrovun Bakıya səfərindən sonra Laçın yolu ətrafında vəziyyətin tənzimlənə biləcəyi nəzərdə tutulurdu? Bildiyiniz kimi, İlham Əliyev bu yolda keçid məntəqəsinin quraşdırılmasını təklif edib. Bəs təxribatdan sonra bu məsələdə vəziyyət necə inkişaf edə bilər?

- Məncə, nəzərdə tutulub. Moskvanın Laçın yolu ilə bağlı mövqeyini Bakıda şərh edən Sergey Lavrov 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edib və orada keçid məntəqəsi ilə bağlı heç nə deyilməyib. Rəsmi Moskvanın mövqeyi ondan ibarətdir ki, bütün tərəflər üçtərəfli bəyanata əməl etməlidir və bundan sonra heç bir problem olmamalıdır. Bəyanatın icrası həm də o deməkdir ki, Ermənistan tərəfi Laçın dəhlizindən hərbi yüklərin daşınması, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün istifadə etməyəcək. Onda Laçın dəhlizi sənəddə göstərildiyi kimi fəaliyyət göstərə biləcək. Yəni, Moskva məsələnin həllini paritetdə görür. Və xatırlatmaq istəyirəm ki, üçtərəfli bəyanat həm də Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılmasını nəzərdə tutur. Qarabağda hər an təxribat törədə biləcək silahlı qruplaşmalar olmamalıdır. Bu, üçtərəfli sazişlərin pozulmasıdır. Təbii ki, indi tərəflər bu məsələni hansısa yolla həll edəcəklər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər