MİA

  • 13 437

SOS: Qlobal su böhranı güclənir- Azərbaycanı nə gözləyir? - ARAŞDIRMA

image

Qlobal su böhranı getdikcə kəsklinləşir və artıq kritik həddə çatıb. Çaylar və göllər yoxa çıxır, su təminatında problemlər artır. Bəzi ölkələr ağır vəziyyətə düşüb. Su uğrunda mübarizə qızışır. Yaxın Şərq və Afrika ölkələrinin su müharibələrinə başlaması bəlkə də an məsələsidir. Mənbə dövlətlər su ehtiyatlarını mənimsəyir, transsərhəd çaylar üzərində su anbarları tikərək özlərini sığortalama çalışır, beləliklə də digər ölkələriin əhalisini içməli su qıtlığı və aqrar sektordakı iqtisadi böhranla üz-üzə qoyur.

Son 100 ildə içməli su mənbələrindən istifadə əhali artımı ilə müqayisədə 2 dəfə artıb. Dünyadakı içməli su mənbələrindən götürülən su həcmi son 60 ildə 2 dəfə artıb. Hazırda 44 ölkə yüksək su stresi həddinə çatıb. Quraqlıq və su çatışmazlığı digər ölkələri də hədələyir.

Dünyamız əslində su planeti sayılır. Səthinin 70 faizi su ilə örtülən, qalan quru hissədə isə milyonlarla çayı, gölü, bulağı olan dünyamızda içməli su çatışmazlığı getdikcə artır. Çünki, planetimizdəki su həcminin yalnız 2 faizi şirin sudur və bunun da yalnız 0,3 faizi əlçatandır.

Uzun illərdir ki, ekoloq alimlər həyəcan təbili çalırlar ki, çox yaxın zamanda bütün dünya su qıtlığının əsiri olacaq. Bu vəziyyəti formalaşdıran insan özüdür. Bu, insanların- əslində, qlobal qüvvələrin təbiəti məhv etməsinin nəticəsidir. Qlobal istiləşmənin və quraqlığın iqlim texnologiyaları vasitəsilə süni yaradılması böhranı daha da gücləndirir.

Bir çox ölkələr çətin vəziyyətə düşüb. Türkiyə su anbarlarında su ehtiyatı 86 faizdən 33 faizədək azalıb ki, bu da kritik həddir. İranda, Suriyada, İraqda, Orta Asiyada su qıtlığı artır. Mənbəyini Türkiyədən götürən, İraq və Suriya ərazisindən axan Dəclə və Fərat çaylarında su azalıb. Üstəlik, Türkiyə bu çayların üzərində su anbarları tikib suyun çox hissəsini özündə saxladığından İraq və Suriya ciddi reaksiya verir və bu haqda BMT-yə şikayət ediblər. Eyni vəziyyət Şimal-şərqi Afrikada Nil çayı ətrafındakı ölkələrlə bağlı da yaranıb. Hər iki bölgədə su üzərində toqquşmalar başlaya bilər.

Suyu bol olan ölkələr isə, onun ixracı ilə bağlı işlərə başlayıb. Məsələn, Rusiya yaranacaq vəziyyəti əvvəlcədən düzgün proqnozlaşdırdığından hələ bir neçə il qabaq su qıtlığı yaşayan ölkələrə içməli suyun satılması haqda müqavilələr bağlayıb. Bu məqsədlə Arktikadakı su ehtiyatlarının və dərinlərdə yerləşən böyük su hövzələrinin istismarı üçün işlərə başlayıb. Nəhəng içməli su ehtiyatına (dünyadakı əlçatan içməli su ehtiyatının 20 faizinə) malik olan Kanada hökuməti də su ixracı ilə bağlı işlərə başlayıb.

İsrail, Çin, Səudiyyə, BƏƏ, Yaponiya, Küveyt kimi ölkələr dəniz suyunu şirinləşdirməklə ölkənin su tələbatının böyük hissəsini ödəyirlər. Buna baxmayaraq, suya tələbat getdikcə artır və təmiz su əldə etmək problemə çevrilir.

Məsələ həm də budur ki, gözlənilən su böhranından hansı yolla, hansı üsulla az itkiylə çıxmaq olar. Müxtəlif ölkələr bunun bağlı uzun illərdir ki preventiv tədbirlər həyata keçiriblər. Azərbaycan haqda isə təəssüf ki, bunu deyə bilməyəcəyik.

Ölkəmizdə son dövrlərdə suvarmada və içməli su təminatındakı problemlər getdikcə kəskinləşir. Bir çox kiçik çaylar və göllər yoxa çıxıb. Ölkənin şah damarı sayılan Kür çayının yoxa çıxması isə artıq SOS siqnalıdır. Mingəçevir su anbarında optimal su həcminin saxlanması artıq qeyri-mümkün hala gəlib.

Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20 kubkilometrə qədər azalır. Yeraltı içməli su mənbələrində isə 23,76 mlrd. kubmetr/gün su ehtiyatı var. Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır.

Lakin bunlar ərazi və əhaliyə nisbətdə adekvat ehtiyat deyil. Azərbaycanda hər kv km-ə və əhalinin hər 1000 nəfərinə içməli su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.

Bir il ərzində hər bir nəfərə düşən su ehtiyatı Azərbaycanda 1.03 min kubmetr, Gürcüstanda 13.7 min kubmetr, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir. Cənubi Qafqazın ümumi su ehtiyatının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.

Üstəlik su ehtiyatlarımızın 70 faizdın çoxu xarici mənbələrdən formalaşır ki, bu da çox təhlükəli haldır. Daxildə formalaşan şirin su ehtiyatlarına görə 170 ölkə arasında 140-cı yerdəyik.

Əsas yerüstü su mənbələrimiz transsərhəd çaylardır. Kürün Azərbaycana daxil olduğu yerdə su ehtiyatları son 8 ildə 30% azalıb. İkinci vacib su mənbəyimiz Qanıq çayında isə azalma 25%-dir. Araz çayında isə vəziyyət daha acınacaqlıdır: su ehtiyatı 60% azalıb.

Qlobal quraqlıq güclənəndə, sadəcə olaraq, həmin transsərhəd çayların suyu bizə gəlib çatmayacaq, çünki mənbə ölkələrindəcə istifadə ediləcək. Kür çayının qurumasında mənbəyində (Türkiyədə) su anbarlarının tikilməsi və ora su toplanması, Gürcüstanda çay suyundan istifadənin artması və Azərbaycanda Kürdən əldə edilən su ilə suvarılan böyük əkin sahələrinin dövriyyəyə daxil edilməsi, Kürə tökülən kiçik dağ çaylarının çoxunun quruması və ya suyunun kəskin azalması kimi faktorların böyük rolu var.

Təhlükə getdikcə böyüyür və artıq strateji dövlət təhlükəsisizliyi üçün təhdid həddinə çatıb. 2040-cı ilədək ən optimist proqnoz üzrə belə Azərbaycanın su ehtiyatlarının 15%-ə qədər azalması gözlənilir. Quraqlıq ilbəil artır. Yağıntıların miqdarı azalır.

Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki “Mingəçevir” (həcmi 16 milyard kubmetr), “Şəmkir” (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki “Araz” (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki “Sərsəng” (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır.

Bu ehtiyat, tələbat həcminə adekvat deyil. Su ehtiyatı toplamaq və kritik vaxtlarda istifadə etmək üçün kiçik çaylar üzərində çox sayda su anbarları yaratmaq lazımdır.

30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı Qarabağ ərazilərini azad etməyimiz və oradakı su ehtiyatlarına çıxış imkanlarını bərpa etməyimiz problemi bir qədər yüngülləşdirə bilər. Çünki, Azərbaycanın içməli su ehtiyatlarının 30 faizi Qarabağ bölgəsində yerləşir. Həmin ehtiyatlardan ətraf regionların tələbatı üçün də istifadə edilə bilər. Bunun üçün lazımi sistemlər yaradılmalıdır- su kanalları çəkilməli, yeni su anbarları tikilməlidir. Lakin yeni su ehtiyatları əldə etməyimiz bizi heç bir halda arxayın salmamalıdır. Sudan effektiv istifadə prioritet olmalıdır.

Azərbaycan Prezidenti bir neçə il əvvəl keçirdiyi su müşavirəsində 2030-cu ilədək Azərbaycanda səhralaşmanın artıcağını deyərək, bu problemin həlli üçün tapşırıqlarını verib. Lakin su təsərrüfatına cavabdeh orqanlar tapşırıqları yerinə yetirməyib. Bu sahədə ciddi dəyişiklik hələ ki, yoxdur. Ölkənin içməli su ehtiyatları yenə də qeyri-effektiv istismar edilir, su itkisi 30-40 faiz civarındadır ki, bu da dünyada ən yüksək göstəricidir.

Yerüstü su mənbələrini artırmaq mümkün deyil, lakin mövcud su ehtiyatlarından anbarlarda toplamaqla və qənaətli istifadə etməklə su böhranının qarşısını almaq olar. Bunun üçün çaylar üzərində çox sayda su anbarları tikilməli, mümkün olan bütün yerlərdə dərin artezian quyuları qazılmalı və yeraltı su mənbələrindən istifadə edilməlidir.

İçməli sudan istifadə elə bir həddə çatıb ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin mənbəyi artıq təzyiqə dözə bilmir. O ərazilərdə səhralaşma başlayıb artıq. Çünki su həddindən artıq götürülür və yeraltındakı su 50-60 metr daha aşağı düşüb. Nəticədə, həmin ərazisə ekoloji problemlə yaranır.

Hamımız bilirik ki, içməli sudan texniki məqsədlərlə istifadə edilir. Zavodlar, fabriklər, müəssisələr içməli suyu sənaye məqsədilə israf edir. Avtomobillər də içməli suyla yuyulur, yaşıllıqlar da içməli suyla suvarılır və sair. Şəhərlərdə içməli sudan texniki məqsədlərlə istifadə qadağan edilməlidir. Bunun üçün də sahibkarlıq subyektlərinə, iaşə obyektlərinə, sənaye müəssisələrinə texniki suyun ötürülməsi təmin edilməlidir.

Təkliflərimizdən biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır, amma bu məsələ də həllini tapmır. Dünyada 17 minə yaxın dəniz suyu təmizləyici qurğu var. Bu əlbəttə, təbii sudan baha başa gəlir. Lakin bu artıq məcburi tələbə çevrilir. Bunun üçün də dəniz sahilində zavodlar tikilməli və o zavodlarda dəniz suyunun şirinləşdirilməsi aparılmalıdır.

Bundan başqa hökumət sahibkarlara, fermerlərə kiçik kreditlər verə bilər- su çənlərinin qoyulması, damcılı suvarma sisteminin qurulması, kiçik su anbarlarının tikilməsi və artezian quyularının qazılması üçün. Mümkün olan bütün yerlərdə artezian quyularının qazılması sürətlənməlidir. Dərin yeraltı hövzələrdən istifadə edilməlidir.

Torpaq suvarma kanallarında su itkisi yüksək olur, bu səbəbdən onlar beton kanallara çevrilməlidir. Mümkün olan yerlərdə, xüsusən də isti aran zonalarında suvarma kanallarının boru sistemi vasitəsilə ötürülməsi təmin olunmalıdır. Çünki, yayda uzaq məsfələrə ötürlən açıq kanallarda buxarlanma xeyli su həcmini aparır.

Görüləcək işlər çoxdur, amma iş görən yoxdur. Təsəvvür edin, Azərsu dövlətdən və xarici fondlardan ən çox maliyyə alan təşkilatdır, amma su böhranının qarşısını almaq üçün lazimi işləri görməyib. Üstəlik, su təsərrüfatındakı pərakəndəlik də problemin bir mərkəzdən idarəsini çətinləşdirir. Bu sahədə, Azərsu, Su və Melorasiya, Kənd təsərrüfatı Nazirliyi birgə işləməlidir, yaxşı olar ki, daha effektiv idarəetmə üçün su ilə bağlı orqanlar birləşdirilsin.

Su böhranı ilə bağlı həyəcan təbili çalmağın vaxtı keçib, artıq hansı fəlakətin gözlədiyi məlumdur. Bu yay dünyada dəhşətli quraqlıq gözlənilir və bu da ərzaq, kənd təsərrüfatı məhsullarının qıtlığında və qiymət artımında özünü göstərəcək. Əhalinin içməli su təminatında ciddi problemlər yaranacaq.

Problem qlobaldır, lakin ölkələrin düzgün tədbirlər görəcəyi halda vəziyyətdən daha az itki ilə çıxmaq imkanı var. Azərbaycanın su ehtiyatları lazımi həddə olmasa da, düzgün yanaşma ortaya qoyulsa problemin kəskinliyini xeyli azaltmaq mümkündür. Düzdür, bunun üçün “bir balaca” gecikmişik, amma ruslar demiş, gec olması heç vaxt olmamasından yaxşıdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər